Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan tarixi ədalətin bərpası üçün mübarizə aparır

İşğalçı Ermənistanın silahlı birləşmələrinin yenidən Azərbaycana qarşı hücuma keçərək növbəti ərazilərimizi işğal etmək məqsədi ilə hərbi obyektləri və mülki əhalini hədəfə alması beynəlxalq hüququn norma və prinsiplərinin, xüsusilə də beynəlxalq humanitar hüquq və 1949-cu il Cenevre konvensiyalarının kobudcasına pozulmasıdır. Ermənistan Silahlı Qüvvələrinin intensiv artilleriya atəşi nəticəsində Naftalan rayonunun Qaşaltı kəndindən bir ailənin beş üzvünün həlak olması erməni faşizminin iç üzünü bir daha bütün dünyaya nümayiş etdirdi.

Bu fikirləri Milli Məclisin deputatı Məzahir Əfəndiyev bildirib.

Deputat qeyd edib ki, Ali Baş Komandanın böyük siyasi iradəyə malik olması bizi qələbəyə addım-addım yaxınlaşdırır. Belə ki, Milli Ordumuz düşmənə ağır zərbələr endirərək onları geri oturtmuş, əks-hücuma keçərək işğal olunmuş ərazilərimizin bir hissəsini, o cümlədən iki strateji hündürlüyü azad etmişdir. Bütün bunlar xalqımızın böyük qələbəyə inamını daha da yüksəltmişdir.

M. Əfəndiyev deyib ki, bu gün dünyada mövcud ədalətsizliklər, siyasi riyakarlıq, terrorçu dövlət olan Ermənistana qarşı tutulan güzəştli mövqe var. O da məlumdur ki, erməni təxribatları artıq sistemli xarakter daşıyır və bu heç kəsə sirr deyil.  Yəni təxribatlar nəinki real cəbhədə, Ermənistan dövlətinin ayrı-ayrı siyasi bəyanatlarında, həmçinin informasiya məkanında və sosial şəbəkələrdə də öz əksini tapmaqdadır. Eyni zamanda, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşmanı şou xarakterli, humanitar yardım olaraq göstərməklə Ermənistan beynəlxalq qanunlara saymazlığı həyasızcasına nümayiş etdirir. Bu da öz növbəsində artıq dəfələrlə deyildiyi kimi, Azərbaycanın beynəlxalq hüququ qoruması, habelə bölgədə sülhü, əmin-amanlığı, əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə dövlət başçısı tərəfindən hərbi vəziyyətin elan edilməsi və qismən səfərbərliyin elan olunmasını zəruri etdi.

“Hərbi vəziyyət elan edilməsi haqqında” Prezidentin imzaladığı Fərman Milli Məclisdə də yekdilliklə qəbul olundu. Bu onu göstərir ki, bütün dünya Azərbaycanlıları zəfər bayramının yaxın zamanlarda qeyd olunması üçün ölkə rəhbərinin, habelə bu qanunun bütün tələblərini layiqincə yerinə yetirəcək və Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olacaqdır.

Milli Məclisin deputatı vurğulayıb ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri – Rusiya, Fransa, ABŞ prezidentləri status-kvonun qəbuledilməz olduğu ilə bağlı bəyanatlar səsləndirsələr də, təəssüflər olsun ki, 30 ilə yaxın bir dövrdə bu bəyanatlar kağız üzərində qalmaqdadır. Cənab Prezidentin qeyd etdiyi kimi, bu gün Azərbaycanın yalnız real addımlara ehtiyacı var.

Dünya artıq Ermənistanın işğalçı siyasətinə, Azərbaycanın isə tarixi ədalətin bərpası üçün mübarizə apardığına şahidlik edir: “Bütün dünya bilir ki, “Qarabağ – Azərbaycandır!”, bu fakt həqiqətdir və xalq bu həqiqət uğrunda mübarizə aparmağa, canından, qanından keçməyə hazırdır. Ordumuz Dağlıq Qarabağı və ətraf rayonları erməni işğalından azad etmək üçün müqəddəs savaşa başlayıb. Ölkəmiz üçün bu çətin, həssas və tarixi baxımdan şərəfli günlərdə xalqımız bütün varlığı ilə Ali Baş Komandanın, Ordumuzun yanındadır. Bu gün hər bir Azərbaycan vətəndaşı bu müqəddəs savaşın onündə gedən əsgər və zabitlərimizlə fəxr edir”– deyə M. Əfəndiyev əlavə edib.

Hazırladı:
Anar TURAN,
“Xalq qəzeti”

30 Sentyabr 2020 15:45 - SİYASƏT
SİYASƏT
27 Oktyabr 2020 | 12:00
Biz haqlıyıq, biz güclüyük

Köhnə versiyamızdan xəbərləri izlə