Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Orduya həm maddi, həm də mənəvi dəstək olmalıyıq

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin bugünkü iclasında çıxış edərək, deputat həmkarlarını öz maaşlarını Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna köçürməyi təklif edib. O, həmçinin həmkarlarını qanvermə aksiyasına dəvət edib. Dövlətimizin yetərli qan bankına malik olduğunu, bunun rəsmi şəkildə bildirildiyini qeyd edən deputat, ön cəbhədə qızğın döyüşlər getdiyini və bu aksiyanın ehtiyacdan daha çox mənəvi dəstək ifadəsi olacağına, örnək təşkil edəcəyinə diqqət çəkib.

Qənirə Paşayeva ali məktəblərdə hərbi dərslərin bərpasını, orta məktəblərdə isə daha yaxşı təşkili məsələsinə baxılmasını zəruri hesab etdiyini bildirib. Minlərlə gəncin səfərbərlik və hərbi çağırış idarələrinə gedərək, cəbhəyə könüllü yazılmasının qürurverici olduğunu, lakin o gənclərin heç olmazsa, ibtidai hərbi bilik və vərdişlərə yiyələnməsinin də xüsusi önəm daşıdığını qeyd edib.

Çıxışında Səfərbərlik və hərbi çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 10 illiyi ilə bağlı yubiley medalının təsis edilməsinə tərəfdar olduğunu da bildirən Q.Paşayeva, bu yubiley medalı ilə bağlı müvafiq qanunda dəyişikliyi dəstəkləyib. Səfərbərlik və hərbi çağırış üzrə Dövlət Xidməti əməkdaşlarının, xüsusilə son günlər gecə-gündüz fədakarlıqla çalışdığını deyən deputat, yubiley medalını, bu xidmətdə çalışanların işinə verilən dəyər kimi xarakterizə edib.

Q.Paşayeva çıxışının sonunda hər bir vətəndaşımızı, dünya azərbaycanlılarını, bütün haqsevər insanları Azərbaycanın haqq işinə dəstək verməyə çağırıb, ordumuzun tezliklə qəti və tam qələbə çalacağına inamını bildirib.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

30 Sentyabr 2020 14:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə