Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Egey Universitetinin professoru Aydın İbrahimov: Təcavüzkar Ermənistan cavabını alır

Ermənistanın 27 sentyabr tarixində Azərbaycana qarşı yeni təcavüz aktı son aylarda Ermənistan tərəfinin güclənən  təxribatlarının davamı idi. O cümlədən 12-16 iyulda Tovuz istiqamətində hücum cəhdi, 23 avqustda Goranboy istiqamətində diversiya-kəşfiyyat təxribatı, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti Ermənistan rəhbərliyinin təhrikçi bəyanatları ilə davam etdirilirdi. Ermənistan ordusu tərəfindən genişmiqyaslı təxribatların törədilməsi və mülki yaşayış məntəqələrinə iriçaplı silahlardan, toplardan və minaatanlardan atəş açılması barədə xəbərlər nəhayət ki, cavablandırıldı.

Bu barədə qəzetimizə danışan Türkiyənin İzmir şəhərindəki Egey Universitetinin professoru Aydın İbrahimov qeyd etmişdir ki, Ermənistan ordusu tərəfindən dinc əhalinin  iriçaplı silahlardan atəşə tutulması Türkiyədə böyük qəzəb doğurub. Xüsusən də top atəşi nəticəsində Naftalanda bir ailənin beş  üzvünun faciəli ölümü erməni faşizminin növbəti təxribatıdır.  Bu təcavüz nəticəsində həlak olanlardan ikisinin məktəbli olması bu hiddəti dəfələrlə artırır. Sivil dünyanın həyacan təbili çalmalı olduğu bu kimi hadisələrsə birinci dəfə deyil ki, törədilir. Azərbaycan dövlətinin özünümüdafiə hüququndan istifadə edərək qətiyyətli cavab verilməsi ilə bağlı qərarı qardaş ölkədə hamını həyəcanlandırdı və haqlı bir mövqe kimi dəyərləndirildi. Bu gün bütün 83 milyonluq türk xalqı və dövləti bu qərarın bir nömrəli tərəfdarıdır.

- Demək müharibə Ermənistanın təxribatına verilən cavabdır.

- Əlbəttə, müharibənin nə demək olduğunu hər kəs yaxşı bilir, amma 30 ilə yaxındır ki, Azərbaycanın başına gətirilən faciə və müsibətlərin cavabı olmalıydı. Təəsüf edirəm ki, bu cavabı verməli olan beynəlxalq təşkilatlar ədalətdən uzaq mövqedə dayandı. İkili standartlar imkan vermədi ki, əsl həqiqət ortaya qoyulsun. Onu da bildirim ki, bu kimi mövqesiz çağrışlar bu gün də cox yüksət tribunalardan, hətta dövlət rəhbərərinin dilindən eşidilir və davam etdirilir.

- Konkret nəyi nəzərdə tutursunuz?

- Az qala hər kəs canıyananlıqla münaqişənin dayandırılmasına, sulh danışıqlarına başlamağa çağrışlar edir. Amma işğalşıya da, işgala məruz qalana da eyni münasibətin olması böyük haqsızlıq deyilmi?! Bu məsələdə qardaş Türkiyənin ardıcıl və ədalətli mövqeyi bütün dünyaya ibrət olmalıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi  Ermənistan işğal etdiyi ərazilərdən dərhal geri çəkilməli, region yenidən sülh və sabitliyə qovuşmalıdır. Əslində bu mövqe bir qardaş ölkə rəhbərinin mövqeyi olmaqla yanaşı ədalətin ortaya qoyulmasıdır. Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçı fəaliyyəti beynəlxalq hüququn norma və prinsipləri ilə həll edilməli idi. Beynəlxalq ictimaiyyət Ermənistanın işğalçılıq siyasətini və təxribatçı əməllərini kəskin şəkildə qınamalı və bu ölkəni beynəlxalq humanitar hüquq öhdəliklərinə əməl etməyə məcbur etməlidir.

- Bunun üçün daha bir 30 il də gözləməkmi lazım idi?

- Təbii ki, yox, bu gün yeni bir atəşkəsə çağrış edənlər bu haqlı sualın cavabını verməli, erməni təcavüzünün bu qədər böyüməsinə imkan verməməli idilər. Uzun illər tam başqa mənzərənin şahidi olduq, hətta münaqişənin həllinə çalışan erməni siyasətçilərin taleyi belə açınacaqlı oldu, hakimiyyət böhranı başladıldı, xarici və daxili siyasət faşit əhvalında quruldu, parlament gülləboran edildi və s. Sizcə bunun sonu nə olmalıydı?!

- Demək istəyirsiz ki, bu gün  ağır artilleriyadan sərhədboyu ərazilərimizi atəşə tutan düşmən layiqli cavabını alır.

- Bəli, bundan əvvəlki hadisələrdən ciddi nəticə çıxarmayan işğalçı Ermənistan daha böyük faciələrlə üz-üzədir. Azərbaycanın dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycan heç bir təxribata əl atmayıb. Azərbaycan öz maraqlarını müdafiə edir, öz torpağını işğaldan azad  etmək istəyir. “Qarabağ Ermənistandır” deyən Ermənistanın faşist baş naziri xarici havadarlarının uydurduğu yalanlara rövnəq verəndə bunları görməliydi. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət bizim tərəfimizdədir. Çünki  biz doğma, dədə-baba torpağımızı işğaldan qurtarmaq üçün səfərbər olmuşuq. İşğalçıya layiq olduğu yer göstəriləcək. Bu dəfə onlar canlarını qurtara bilməyəcəklər. Bunu təcavüzkar Ermənistana havadarlıq edən riyakar mövqeli beynəlxalq  təşkilatlar da görəcək. 

- Kimləri nəzərdə tutursuz?

- Adları cəkilməli olanların sayı-hesabı varmı ki? Minsk qrupundan tutmuş demokratik dəyərlərindən danışan  Avropanın ən mötəbər dövlətlərinin, beynəlxalq dairələrinin adlarını qeyd-şərtsiz bu siyahıya salmaq olar. Digər tərəfdən bunların xeyli dərəcədə ermənilərin uzun illərdən bəri özünü təsdiqləmiş lobbiçilik və diaspor fəaliyyəti ilə əlaqədar olduğu hər kəsə məlumdur. Amma müsalman dünyasının bu məsələdəki mövqeyi, daha doğrusu mövqesizliyi hec cürə qəbul edilən deyil. Pakistanı cıxmaq şərtilə, böyük bir islam dünyası Ermənistana dəstək verməkdədir. Məscidləri dağıdan, hətta burada donuz bəsləyən erməni faşistlərinə etirazları bir yana, onlara dəstək verən, təkcə ərzaq, enerji, yanacaq yox, hətta silah dəstəyi belə verən “müsəlman qardaşlarımızın” əməli fəaliyyətinə qiymət vermək çox çətindir.

-  BMT Təhlükəsizlik Şurasının qapalı iclası haqqında nə deyərdiniz?

- BMT-nin Təhlükəsizlik Şurası qapalı iclasda Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdi və Baş katib Antonio Quterreşin münaqişənin dayandırılması və gərginliyin azaldılması ilə bağlı çağırışlar etdi. Yəqin ki,  belə də olmalı idi. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4  qətnaməsi var. Bu qətnamələr də təsdiq edir ki, Qarabağ torpağı Azərbaycanındır. Ermənistan işğalçı tərəfdir. Ermənistan işğal etdiyi torpaqları tərk etdiyi anda, bu problem öz həllini tapacaq. Minsk qrupu artıq 30 ildir bu məsələnin həlli istiqamətində heç nə etməyib. Görünən budur ki, ATƏT-in Minsk Qrupu və beynəlxalq ictimaiyyət sülh və danışıqlar prosesində obyektiv münasibət sərgiləməyib, davamlı və ədalətli sülhə nail olmaq missiyalarını yerinə yetirə bilməyiblər.  BMT qərarlarına hörmət etməlidir. Beynəlxal təşkilatların görmədiyi işi BMT tərəfindən təsbit olunmuş özünümüdafiə hüquqlarından istifadə edərək  Azərbaycan xalqı və Azərbaycan dövləti həyata keçirmək əzmindədir.

- Hadisələrin təqdimatında mətbuatın rolunu necə dəyərləndirərdiniz?

- Sualınızın cavabı birmənalı olmayacaq, burada həm Azərbaycan, həm də xarici mətbuatın rolundan danışmaq lazım olacaq. Birincisi, Azərbaycan mətbuatının bu sahədəki fəaliyyətini cox yüksək dəyərləndirərdim. Dövlətin bu sahədəki fəaliyyəti cəbhədəki fəaliyyət qədər uğurludur. Sosial şəbəkələrin fəaliyyətinin, internetin qismən dayandırılması müharibə qanunlarının tələblərindən irəli gəlirdi və adamların sayğılı münasibətləri olduqca təqdirəlayiqdir. İnformasiyanin bir mənbədən alınıb, operativ yayınlanması önəmli olduğu qədər də vacib idi və mətbuatın uzun illərdən bəri qazandığı təcürbənin nəticəsi oldu.  Xarici mətbuatın mövqeyinə gəldikdə isə, burada da uğurlu təqdimatın şahidiyik. Türkiyənin bütün mətbuat orqanlarının məsələni çox geniş işıqlandırması, həm də dövlət və xalqlarımızın birliyinin təcəssümu idi. Günlərdir ki, bütün qəzetlər və TV kanalları məsələnin geniş təhlilini verməkdədir, bir an belə hadisələrin gedişi diqqətdən yayınmayıb.

Dünya mətbuatınada gedən xəbərlərsə göstərdi ki, bu cahədə ciddi işlər aparılmalıdır. Azərbaycanın siyasət adamlarının, millət vəkillərinin, səfirlik əməkdaşlarının Amerika və Avropa  mətbuatda dərc edilən məqalə və müsahibələri Azərbaycan dövlətinin son dərəcədə uğurlu siyasətinin bəhrəsi idi. Ən azı dünya mətbuat orqanlarının neytral mövqeyinin səslənməsi də bizim xeyrimizə olan hadisədir. Amma bu barədə fəaliyyətin yenidən qurulmasına ciddi ehtiyac var. 90-cı illərdə Azərbaycanda dünyanın cox məşhur informasiya orqanarının ofis və nümayəndəlikləri var idi, bu gün bu sistemin yenidən qurulması Azərbaycan üçün vacibdir. Prezidentin köməkçisi Hikmət Hacıyevin Turkiyədə akreditasiya olunmuş xarici jurnalistlərlə onlayın görüşü  bu məsələnin nə qədər aktual olduğunu gündəmə gətirir. Əminəm ki, bunlar tədricən yoluna qoyulacaq məsələlərdir.

Bu gün isə təcavüzkar Ermənistan həm də təxribat məqsədli informasiya müharibəsi aparır. Ermənistan rəsmilərinin açıqlamalarında, media məlumatlarında Azərbaycan tərəfindən guya Yaxın Şərqdən gətirilmiş muzdlu döyüşçülərin vuruşması barədə saxta xəbərlərin  yer alması, Türkiyə ordusunun da əks-hücum əməliyyatlarında iştirakı haqqında  qondarma məlumatlar yaymaqla  Azərbaycan Ordusunun  əks hücum əməliyyatlarından diqqəti yayındırmağa çalışır. Cəbhədəki uğurlar və düşmənin müdafiə xəttinin yarılması təcavüzkar ölkədə böyük  təşviş yaradıb. Ermənistan hakimiyyəti və KİV-ləri bunun səbəbini muzdlu döyüşçülər və Türkiyə amili ilə izah etməklə daxili auditoriyanı aldatmağa cəhd edir. Burada Türkiyə amilinin xüsusi qabardılması Ermənistanın döyüş meydanında tək qaldığını göstərmək və kənar dəstəyə ehtiyacının olduğunu sübuta yetirməkdir. Amma  ortaya sübutların qoyulmaması yalan iddiaları dağıtmaqdadır.

Bu gün Azərbaycan Ordusunun cəbhədəki uğurları, əsgərlərimizin döyüş şücaəti hər birimizə sevinc hissi yaşadır. Azərbaycan xalqının illərdir gözlədiyi Böyük Qələbənin üfüqləri görünməkdədir. Cəmiyyətdəki ruh yüksəkliyi, orduya inam, qələbəyə əminlik və Ali Baş Komandan İlham Əliyevin ətrafındakı birliyimiz xalqımızı zəfər bayramına günbəgün  yaxınlaşdırmaqdadır.

Namiq Qədimoğlu,
“Xalq qəzeti”

30 Sentyabr 2020 15:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə