Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Erməni xisləti və siyasəti...

Ermənistanın işğalçılıq siyasəti, Azərbaycan vətəndaşlarının kütləvi şəkildə məcburi köçkün və qaçqın salınması, minlərlə insanın həlak olması, sağlamlığını itirməsi ilə çox ağır nəticələr doğurub. Bununla yanaşı, Ermənistanın istis­na­sız olaraq, bütün əməli fəaliyyət sahələri üzrə, o cümlədən mədəniyyət müəssisələrinin dağı­dılması, təyinatının dəyişdirilməsi, özününkü­ləş­dirilməsi ("erməniləş­dirilməsi") baxımından anti-bəşəri davranışı da diq­qət tələb edən möv­zudur.

İlk növbədə, bəşər sivilizasiyasının indiki çağında -- bəşəriyyətin yüzlərlə böyük əsəri -- yüzlərlə böyük fikir adamının yaradıcılığını özündə ehtiva edən mədəni irsə sahib olduğu bir vaxtda, işğalçılıq, soyqırım aktı törətmək, hərbi cinayətlər etmək özü, mədəniyyətdən yoxsul­luğun, vandallığın göstəricisidir. Üstəlik, əgər bu hərbi cinayətlər tam haqsız yerə edilirsə, günahsız insanların -- körpələrin, qadınların, qocaların qanını tökərək, onları şikəst edərək, əsir-girovlar üzərində "tibbi ekspertiment"lər apararaq, ailənin bir üzvünü o biri üzvlərin gözü önündə, qəsdən mənəvi və fiziki şikəstliyə məruz qoyaraq edilirsə, bu, vandallıqdan daha artıq bir ifadə ehtiyacı yaradır... Əlbəttə,  qoca dünya Ermənistan Respublikasından daha əvvəllər də təcavüzkarlar görüb, Qarabağdan öncə də işğallar olub, müharibələr edilib, ancaq məhz XX əsrin sonu -- XXI əsrin başlarında və "erməni mətn mündəricəsi" ilə törədilən cinayətlərin analoqu olduğunu düşünmürəm.  Necə deyərlər, müharibənin də bir qaydası-qanunu, hüquq­suzluğun da bir hədd-hüdudu, işğalın da bir qırmızı xətti olub tarixdə.

Özü Azərbaycan torpaqlarında bərqərar edilmiş Ermənistan Respublikası isə Azərbaycandan tarix boyu qonaqpərvərlik, dözüm, təmkin görməsinə (ən sadə şəkildə desək, Azərbaycanın suyunu içib, çörəyini yeməsinə) baxmayaraq, "ikinci erməni dövləti" qurmaq üçün də Azərbaycan torpaq­larını seçdi, azərbaycanlıları öldürdü, onları şikəst etdi... Bununla da ürəyi soyumadı, bizi -- xeyirxah qonşusunu beynəlxalq miqyasda gözdən salmağa -- barbar kimi tanıtmağa çalışdı. Öz əhalisini yarıac saxlayıb, milyonlarla vəsaiti qan axıtmağa, terrora, işğalçılıq siyasətinə, xərclədi... Siz deyin, belə bir zehniyyət, daha doğrusu, zehniy­yət­sizliklə daha hansı xalq üz-üzə qalıb? Yeri gəlmişkən, əgər Ermənistan və havadarlarının qondarma "Dağlıq Qarabağ Respublikası" hərbi-siyasi cinayəti baş tutsaydı, yəqin ki, bizim taleyimizi yaşayacaq növbəti xalq gürcülər (Gürcüstan) olacaqdı.  Bu anlamda, Azərbaycanın ərazi bütöv­lüyünü bərpa etməsinə, bizdən sonra ən çox maraq göstərən ölkələrdən biri (və bəlkə də, birincisi!) Gürcüstan olmalıdır. Qarabağda şəhid olan Azərbaycan əsgərinin tarixi uğuru həm də Gürcüstanın Cavaxetiyasını "ikinci Qarabağ" olmaqdan qurtarır... Bunlar öz yerində. Ye­nidən qayıdıram, Ermənistanın işğalçılıq siyasətinin mədə­niyyət üzünə, daha doğrusu, üzsüzlüyünə.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəsmi açıq­laması ilə tanış oldum. Açıqlama, işğal edilmiş ərazilərdə yerləşən mədəniyyət obyektləri ilə bağlıdır. Nazirliyin verdiyi məlumata görə, işğal olunmuş ərazilərdə viran edilmiş yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı, yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi də olub. Bununla yanaşı, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, işğaladək dövlət qeydiyyatına alınan 700-dən artıq tarix və mədəniyyət abidəsi, o cümlədən Cəbrayıl rayonunda 11 və 15 aşırımlı Xudafərin körpüləri (VII--XII əsrlər), Kəlbəcər rayo­nunda Gəncəsar və Xudavənd məbədləri (XIII əsr), Ağdam rayonunun Xaçın Türbətli kən­dində məqbərə (XIV əsr), Füzuli rayonu ərazisində dünyanın ən qədim sakinlərinin yaşayış məskənlərindən biri -- Azıx mağarası, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu və başqaları erməni vandalizminin qurbanına çevrilib.

Bütövlükdə Ermənistanın öz 102 illik "dövlət tarixi" boyu bu sadalanan vandallıqlar qarşı­lığında bəşər mədəniyyətinə ciddi bir töhfəsini xatırlamağa çətinlik çəkirəm. Yəni, verdiyin nədir, dağıtdığın nə?!

Əlbəttə, torpaqlarımızı azad edəcəyik. Qarabağı tam azad etməyimizə az qalıb! Əlbəttə, tarixi ədaləti bərpa edəcəyik! Əlbəttə, daha yaxşı şəhərlər salacaq, yeni abidələr tikəcək, mümkün olan qədər təmir-bərpa işləri görəcəyik! Ancaq o dağıdılan abidələrin özündən bir də olma­yacaq! Qırılan talelər, kəsilən ömürlər bir də nə təmir, nə də bərpa edilə biləcək... O gözəl əsərlər bir də olduğu kimi çəkilməyəcək... Neçə-neçə həlak olan soydaşımızın... qələm tutan barmağı, fırça tutan əli, daş yonan qolları... gözəlliklər yaratmadan getdi...

Uzun sözün qısası: Ermənistanın törətdiyi hərbi cinayətlərlə bağlı beynəlxalq tribunal yaradılmalıdır. Ermənistan özünü bir dövlət sanırsa, etdiklərinə görə üzr istəməlidir. Tarixi ədalət bərpa olunmalıdır!

Müzəffər odrumuz hal-hazırda bu tələblər üçün münbit şərait yaratmaq yolundadır! Hər şey yaxşı olacaq! Böyük Atatürk demişdir: "Söhbətin mövzusu Vətənsə, gerisi təfərrüatdır!"

Əkbər QOŞALI,
Milli QHT Forumu İdarə Heyətinin üzvü

30 Sentyabr 2020 14:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə