Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Siyasi həmrəyliyin nümunəsi

Ermənistanın işğalçı siyasətindən əl çəkməməsi, hərbi təxribatlarını davam etdirməsi, bütün cəbhə xətti boyunca Azərbaycanın mövqelərinə zərbə endirməsi, əsasən də mülki əhalini hədəfə alması bu ölkənin faşist xislətinin göstəricisidir.  Ölkə vətəndaşlarının təhlükəsizliyini təmin etmək və ərazi bütövlümüzü qorumaq üçün Azərbaycan Ordusu bütün cəbhəboyu əks-hücuma keçib və təcavüzkara  sarsıdıcı zərbələr vurur. Qüdrətli ordumuz 27 ildir ki, düşmən əsarətində olan kəndlərimizi azad edir .  hazırda azad olunmuş ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Bu, hər bir azərbaycanlıda qürur hissi yaradıb.  Bunu son vaxtlar  cəbhə bölgəsinə yollanan könüllülərin sayı da təsdiqləyir.

Ölkəmizdə fəaliyyət göstərən 52 siyasi partiyanın 50-i Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına dair birgə bəyanat yayaraq Prezident, Ali Baş Komandan İlham Əliyevlə həmrəy olduqlarını bildiriblər. Siyasi həmrəyliyin nümunəsi olan  bu addım təkcə xalqla dövlətin  sıx vəhdətindən xəbər vermir, eyni zamanda, Azərbaycanda yaşanan siyasi birliyin təcəssümüdür.

Bəyanatı imzalayan siyasi partiya rəhbərlərinin bir neçəsi ilə əlaqə saxlayıb hazırda baş verənlərə münasibətlərini öyrəndik:

Asim MOLLAZADƏ, Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri:

– Cəbhədə baş verən hadisələr cəmiyyətdə milli birliyi daha da  gücləndirib.  Kimliyindən və siyasi əqidəsindən asılı olmayaraq hər birmiz dövlət başçımızın ətrafında sıx birləşərək bu döyüşdən də qalib çıxmaq üçün  Ali Baş Komandanın hər bir çağırışına hazır olduğumuzu  nümayiş etdirməliyik. Vətənimizin bu çətin günündə umu - küsünü, giley- güzarı bir tərəfə qoyub hamımız bir amal uğrunda – bu döyüşlərdən də qalib kimi çıxmaq əzmində  mübarizə aparmalıyıq.  İndi hamımızın gözü cəbhə bölgəsinə dikilib. Siyasi partiyalar və  ictimai təşkilatlar  da Ali Baş Komandana və ordumuza dəstək nümayiş etdirirlər. Təbii ki, belə məqamda milli birliyə böyük  ehtiyac var.  Ölkəmizdə də fəaliyyət göstərən 52 siyasi partiyanın 50- nin Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yayaraq Prezident, Ali Baş Komandanla həmrəy olduqlarını bildirməsi milli birliyin bariz nümunəsidir. Azərbaycanın heç bir ölkənin ərazisndə gözü yoxdur. Bizim əks hücumumuzun məqsədi torpaqlarımızı azad etmək və beynəlxalq hüquqla tanınan ərazi bütövlüyümüzü təmin etməkdir.  Xalqımız bu məqsədlə birləşərək Ali Baş Komandanımızı və Silahlı Qüvvələrimizi dəstəkləyir.  Əminik ki, tezliklə işğal olunmuş torpaqlarımızı  düşmən tapdağından azad edib üçrəngli bayrağımızı Dağlıq Qarabağda, Xankəndidə və digər azad olunmuş rayonlarımızda dalğalandıracağıq.

Fazil MUSTAFA, Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri:

– Rəhbərlik etdiyimi partiya da  bir neçə gün bundan öncə 50 siyasi partiyanın imzaladığı milli birlik bəyanatına qoşulub. Partiyamımızın bütün üzvləri Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəkləyir və həmişə  onun yanındayıq.

Belə mürəkkəb şəraitdə ölkəmizin bütün vətəndaşlarını və dünya azərbaycanlılarını bir daha milli birliyə, həmrəyliyə  və vəhdətə səsləyirəm. Vətənin müdafiəsində iştirak etmək, bu işdə imkan daxilində dəstək vermək şərəfdir.  Hər kəsi Azərbaycanın haqq səsinin dünya birliyinə çatdırılmasına töhfə verməyə, dünya ictimaiyyətini isə Azərbaycanın həm tarixi həqiqətlər, həm də beynəlxalq hüquqla dəstəklənən haqq mübarizəsinə biganə qalmamağa çağırıram.  İnanıram ki, qüdrətli ordumuz Ali Baş Komandanımızın rəhbərliyi ilə düşməni yerində oturdacaq və onları bu çirkin siyaəstdən əl çəkməyə məcbur edəcək. 

Kamil SEYİDOV, Azad Respublikaçılar Partiyasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru:

– Bu günlərdə  Azad Respublikaçılar Partiyasının da həmrəy olduğu 50 siyasi partiya birgə bəyanat verərək dövlət başçımızın yanında olduğunu, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda sona qədər birlikdə mübarizə aparacağımızı bildirmişik.  Xatırladım ki, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və Azərbaycan – Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatlar ilə əlaqədar da bizim də partiyamız daxil olmaqla Azərbaycanda qeydiyyatda olan və fəaliyyət göstərən 43 siyasi partiya tərəfindən milli həmrəyliyə dair bəyanat qəbul edilmişdi. Bu, ölkəmizin siyasi həyatında ilk belə hadisə idi. Bu həmrəylik dövlətimizin başçısına olan inam və etimadın göstəricisi idi. Bu dəfə isə artıq 50 siyasi partiya həmrəylik nümayiş etdirib.   Siyasi partiyaların belə bir gündə birlik və bərabərlik nümayiş etdirmələri, xalqın, dövlətin, Ali Baş Komandanın yanında olmaları hamıya nümunə olmalıdır. Bu, həm də siyasi həmrəyliyin, Azərbaycanda yaşanan siyasi birliyin təcəssümüdür.

Belə çətin  və ağır bir məqamda, Vətənimizin, xalqımızın taleyüklü problemlərinin  həllində  kimliyindən  və siyasi əqidəsindən asılı olmayaraq hər birmiz Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməli, düşmənə layiq  olduğu yerin göstərilməsində köməyimizi əsirgəməməliyk. Axı, bütün dünyaya da bəllidir ki, biz öz torpağımızda döyüşürük. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Hazırladı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

30 Sentyabr 2020 12:25 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə