Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın mədəniyyət naziri: Bakı mədəniyyətlərarası dialoq siyasətini dəstəkləyir

Azərbaycanın mədəniyyət naziri: Bakı mədəniyyətlərarası dialoq siyasətini dəstəkləyir

Mərakeşin paytaxtı Rabatda Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə İslam Təşkilatının (ISESCO) 13-cü konfransı keçirilir. Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev konfransın işində iştirak edir.

Nazir TASS agentliyinə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycan mədəniyyətlərarası dialoq siyasətini hərtərəfli dəstəkləyir və həyata keçirir.

Ə.Qarayev qeyd edib ki, ölkəmizin siyasəti tolerantlığa, müxtəlif milli və dini icmaların mədəni dəyərlərini anlamağa və onlara hörmət bəsləməyə yönəlib.

Müsahibədə deyilir: “Azərbaycan beynəlxalq təşkilatlarla, o cümlədən ISESCO ilə əməkdaşlığa çox ciddi yanaşır və bu təşkilatın fəal iştirakçısıdır. Biz çoxlu konfranslar, “dəyirmi masa”lar keçirir, təhsil proqramlarını reallaşdırırıq. ISESCO-nun bundan əvvəlki, 12-ci Baş Konfransı 2015-ci ildə Bakıda keçirilib. Bugünkü hesabat məruzəsində və nümayəndələrin çıxışlarında qeyd edildiyi kimi, həmin konfrans uğurlu olub”.

Ə.Qarayev vurğulayıb: “Bu gün Azərbaycan ISESCO-nun Baş Konfransının sədri səlahiyyətlərini təhvil verir, lakin fəal əməkdaşlığımız, əlbəttə, davam edəcək. Biz istəyirik ki, səsimiz eşidilsin, uğurlarımız hamıya məlum olsun. Təbii ki, biz sivilizasiyaların dialoqunun, mədəniyyətlərin dialoqunun inkişafına, ümumbəşəri dəyərlər naminə İslam aləmi ilə Qərb dünyasının bir-birini daha yaxşı anlamasına yönəlmiş siyasətimizi davam etdirəcəyik”.

Nazir  deyib:  “Azərbaycan mədəniyyətlərarası dialoq siyasətini də hərtərəfli dəstəkləyir və həyata keçirir. Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci ildə mədəniyyətlərarası dialoq çərçivəsində Qərb və Şərq dünyası arasında əlaqələrin həyata keçirilməsi təşəbbüsünü irəli sürüb. Biz mədəniyyətin müxtəlif sahələrini təmsil edən təşkilatları mədəniyyətlərarası dialoq üzrə ümumdünya forumunun həmtəsisçiləri kimi birləşdirməyə nail olduq. Tədbirin tərəfdaşları qismində ISESCO, Avropa Şurası, UNESCO, BMT Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı çıxış edirdi. Keçən ildən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı da tərəfdaşlara qoşulub.

Bu o deməkdir ki, Azərbaycanın tolerantlığa, müxtəlif milli və dini icmaların mədəni dəyərlərini anlamağa və onlara hörmət bəsləməyə yönəlmiş siyasəti sülh işinə və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir”.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

13 Oktyabr 2018 17:29 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə