Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İşğalçı erməni qüvvələrinin Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması təmin ediləcək

Sentyabrın 28-də BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə onunla Prezident İlham Əliyev arasında keçirilən videokonfrans formatında görüşdə dövlətimizin başçısı Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatla bağlı hadisələrin gedişinə dair məlumat verərək, qeyd edib ki, işğalçı ölkə təmas xətti boyunca silahlı qüvvələrimizin mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutub. Nəticədə mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olublar. Azərbaycan tərəfi özünümüdafiə məqsədilə uğurlu əks-hücum əməliyyatları həyata keçirir.

Dövlətimizin başçısı Ermənistan tərəfinin bu cür hərbi təxribatlar törətməsinin birinci dəfə olmadığını vurğulayıb. Belə ki, işğalçı ölkə bu ilin iyul ayında da Azərbaycan–Ermənistan dövlət sərhədində buna oxşar təxribat həyata keçirib, avqustda isə erməni diversiya dəstəsi təmas xəttini keçməyə cəhd edib. Eyni zamanda, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində başqa ölkələrdən gətirilən xarici vətəndaşların qanunsuz məskunlaşmasını reallaşdırıb. Bu isə Cenevrə Konvensiyasına görə beynəlxalq hüququn ciddi şəkildə pozulması deməkdir. 
Prezident İlham Əliyev görüşdə onu da vurğulayıb ki, işğalçı ölkənin baş naziri Nikol Paşinyan respublikamıza qarşı hərbi əməliyyatlarda iştirakına məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılan mülki könüllülər dəstələri yaradıb.
Prezident İlham Əliyev söhbət zamanı Ermənistanın yeni müharibəyə hazırlaşmasını BMT Baş Assam­bleyasının 75-ci sessiyasının ümumi debatlarındakı çıxışında da qeyd etdiyini bildirib. Dövlətimizin başçısı, eyni zamanda, Ermənistan rəhbərliyinin şüurlu şəkildə danışıqlar prosesini pozduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Ermənistan baş nazirinin “Dağlıq Qarabağ Ermənistandır” bəyanatı danışıqlara ciddi zərbə vurub. “Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır” bəyanatı isə danışıqlar formatının dəyişdirilməsi cəhdidir ki, belə münasibət qəbuledilməzdir və bu, Minsk qrupunun rəhbərliyi tərəfindən də vurğulanıb. 
Ölkə rəhbəri BMT-nin Baş katibi Antonio Quterreşlə görüşündə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, işğalçı ölkənin silahlı qüvvələrinin işğal etdiyi ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olunmasının vacibliyini diqqətə çatdırıb. 
Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində bu beynəlxalq təşkilatın 75 illiyinə həsr olunan Yüksək Səviyyəli İclasında da bildirib ki, bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələmək və gücün tətbiqindən çəkinmək öhdəliyi götürdükləri halda, Ermənistan öz öhdəliklərini kobud şəkildə pozub və Azərbaycana qarşı hərbi güc tətbiq edib. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu uzun illərdir ki, işğalda saxlayıb. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilən dörd qətnaməsinə əsasən, Ermənistan silahlı qüvvələrinin işğal altındakı Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunsa da, təəssüf ki, düşmən ölkə indiyədək həmin qətnamələrə məhəl qoymayıb. 
O da vurğulanmalıdır ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə yekdilliklə qəbul edilən 822, 853, 874 və 884 nömrəli qətnamələrində uydurma “Dağlıq Qarabağ xalqı” və onun “təyini-müqəddərat hüququ”nun adı çəkilməyib, Azərbaycana qarşı güc tətbiq edilməsi və onun ərazilərinin işğal olunması pislənilib, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, onun beynəlxalq sərhədlərin toxunulmazlığına hörmət etməyin vacibliyi, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması təsdiqlənib, işğalçı qüvvələrin ölkəmizin işğal altında olan bütün ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb edilib. Digər beynəlxalq təşkilatların qəbul etdiyi, dünya birliyinin vahid mövqeyini ifadə edən çoxsaylı sənədlər də bu ruhda tərtib olunub.
Təəccüblü deyil ki, Ermənistanın hakimiyyət orqanları münaqişənin nizamlanmasının hüquqi və siyasi əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və digər müvafiq beynəlxalq sənədlərin adını çəkməkdən çəkinirlər. Aşkardır ki, Ermənistanın hakimiyyət orqanlarının münaqişəni yalnız sülh yolu ilə nizamlanmasına sadiq olması barədə bəyanatları dəqiq müəyyən edilmiş ilhaqçı məqsədlərini maskalamaq üçün boş ritorikadan, gözdən pərdə asmaqdan başqa bir şey deyil. 
Onu da deyək ki, ötən illər ərzində Ermənistan tərəfindən işğal olunan ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirilib, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, Xocalı soyqırımı törədilib. 
Bu məqamda onu da qeyd edək ki, düşmən bütün təxribatlarında mülki insanların sıx şəkildə yaşadığı məntəqələri və obyektləri intensiv şəkildə atəşə tutur, mülki əhalini qəsdən hədəfə alır və bununla da, beynəlxalq hüquq normalarını, 1949-cu il Cenevrə Konvensiyasının müvafiq müddəalarını və onların əlavə protokollarını açıq-aşkar kobudcasına pozur. 
Dövlətimizin başçısı BMT-nin Baş katibi Antonio Quterreşlə görüşündə bildirdiyi kimi, son vaxtlar Ermənistan işğal etdiyi ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirib, həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv edib. 
Söhbət zamanı, həmçinin Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr olunan Xüsusi Sessiyası da müzakirə edilib və dövlətimizin başçısı bu təşəbbüsə göstərdiyi dəstəyə görə BMT Baş katibinə minnətdarlığını bildirib Prezident İlham Əliyev Azərbaycanın COVID-19 ilə mübarizə istiqamətində beynəlxalq müstəvidə səylərini bundan sonra da əsirgəməyəcəyini vurğulayıb. 
Yeri gəlmişkən, Prezident İlham Əliyev Azərbaycanın BMT ilə səmərəli əməkdaşlıq qurması məsələsini daim diqqət mərkəzində saxlayıb. Məhz elə bunun nəticəsidir ki, ölkəmiz 155 dövlətin dəstəyi ilə 2012-2013-cü illərdə Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib, hazırda isə Azərbaycan 120 dövlətin yekdil dəstəyi ilə Qoşulmama Hərəkatına sədrlik edir. 
Xatırladaq ki, Qoşulmama Hərəkatının COVID-19-a qarşı onlayn formatda Zirvə görüşü ölkəmizin təşəbbüsü ilə bu ilin may ayında keçirilib. Eyni zamanda, cari il iyulun 10-da ­çağırılan BMT Baş Assambleyasının ­31-ci xüsusi sessiyası zamanı pandemiyanın dövlət və hökumət başçıları səviyyəsində ümumi müzakirəsi aparılıb. 
Hazırda reallaşdırılan tədbirlər nəticəsində Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırıb. Respublikamız tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü maliyyə töhfəsi edilib. COVID pandemiyası ərzində Azərbaycan 30-dan çox ölkəyə də humanitar və maliyyə yardımı göstərib.
Onu da qeyd edək ki, dünyada bu dəhşətli xəstəliyə qarşı mübarizə aparılan ilk vaxtlardan etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tərəfindən regional və qlobal səviyyədə COVID-19-un aradan qaldırılması məqsədilə beynəlxalq həmrəyliyin gücləndirilməsi diqqət mərkəzində saxlanılıb. Bu məsələnin reallaşdırılması üçün dövlətimizin başçısı müəyyən təşəbbüslər irəli sürüb və əməli addımlar atıb. İlk belə addım Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dövlət və hökumət başçıları səviyyəsində aprel ayında COVID-19-a qarşı mübarizə mövzusunda fövqəladə Zirvə görüşü keçirilməsi ilə gerçəkləşib. Mayın 4-də isə Prezident İlham Əliyevin rəhbərlik etdiyi Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfransı keçirilib. 

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 

30 Sentyabr 2020 00:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə