Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AHİK-in Ermənistanın son təxribatları ilə əlaqədar beynəlxalq təşkilatlara müraciəti

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Ermənistanın son təxribatları ilə əlaqədar beynəlxalq təşkilatlara müraciəti edib. AHİK-dən AZƏRTAC-a ünvanlanan müraciət mətnində deyilir: 

“Sentyabrın 27-də səhər saatlarında Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini birtərəfli qaydada pozaraq Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonları istiqamətində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından istifadə edərək növbəti təcavüz aktına əl atıb. Bu hərbi təcavüz mülki əhali və hərbi qulluqçular arasında xeyli sayda insan itkisinə səbəb olub. Təkcə Naftalan rayonunun Qaşaltı Qaraqoyunlu kəndində erməni silahlı qüvvələrinin top atəşi nəticəsində 5 nəfərdən ibarət Qurbanovlar ailəsi həyatını itirib.
Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini, ona bitişik 7 rayonu silah gücünə zəbt etməklə kifayətlənmir, “yeni torpaqlar, yeni müharibə” istəyini dünya ictimaiyyətindən gizlətmir və beynəlxalq hüququn normalarına hörmətsizlik göstərərək məkrli niyyətini davam etdirir. Ermənistanın növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının və onların Əlavə protokollarının kobud şəkildə pozulması deməkdir. Ermənistan 30 ildir torpaqlarımızı işğal altında saxlayır. Vaxtaşırı silahlı təxribatlar törətməklə işğal altında olan rayon və şəhərlərimizi de-fakto öz ərazilərinə qatmağa cəhd edir. 2016-cı ilin aprelində, 2020-ci ilin iyulunda həyata keçirdiyi hərbi hücumlar bu niyyətin son nümunələridir.
Təbii ki, belə davam edə bilməz. Artıq Azərbaycan xalqının səbir kasası daşıb. Əhalimiz düşmən atəşləri altında yaşamaqdan yorulub.
Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təcavüzünün qarşısını almaq, təmas xətti boyunca yerləşən çoxsaylı yaşayış məntəqələrimizin mülki əhalisinin təhlükəsizliyini təmin etmək məqsədilə, əks-hücum və cavab tədbirləri görmək məcburiyyətində qalıb. Biz özümüzü öz torpaqlarımızda müdafiə edirik. Müdafiə tədbirləri həyata keçirilərkən beynəlxalq humanitar hüquqa tam riayət olunur.
Bundan sonra hər iki tərəfdən veriləcək insan və maddi itkilər üçün bütün məsuliyyət Ermənistanın siyasi və hərbi dairələrinin üzərinə düşür.
Ermənistan tərəfi saxta, dezinformasiya xarakterli məlumatlar yaymaqla öz xalqını və dünya ictimaiyyətini çaşdırmağa və işğalçılıq siyasətinə haqq qazandırmağa çalışır.
Biz həmkarlar ittifaqı olaraq dünyanın aparıcı dövlətlərini, beynəlxalq qurumları, eləcə də beynəlxalq həmkarlar ittifaqları təşkilatlarını Ermənistanın təcavüzkar əməllərini kəskin şəkildə qınamağa, Azərbaycanın haqq işini müdafiə etməyə çağırırıq. Ermənistanın Qafqazda yürütdüyü ilhaqçı, faşist siyasəti bütövlükdə dünyamızda sabitliyə təhlükədir”.

30 Sentyabr 2020 00:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə