Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan törətdiyi cinayətlərə görə cavab verməlidir

Azərbaycan bu gün düşmənin təxribatlarının, hücumlarının qarşısını almaq və özünün ərazi bütövlüyünü təmin etmək üçün əks-hücum əməliyyatlarına başlayıb. Ərazilərimizin işğaldan azad edilməsi üçün ATƏT-in Minsk qrupu çərçivəsində uzun illərdən bəri aparılmış danışıqlar heç bir səmərə verməyib. BMT Təhlükəsizlik Şurasının hələ keçən əsrin 90-cı illərinin əvvəllərində qəbul etdiyi dörd qətnamədə deyilirdi ki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Otuz ilə yaxındır ki, bu qətnamələr kağız üzərində qalır. 
Bu barədə danışan ehtiyatda olan polkovnik-leytenant Əbülfət QASIMOV dedi:

– Otuz ilə yaxındır ki, Minsk qrupu çərçivəsində səmərəsiz danışıqlar aparılır. Lakin Ermənistan nəinki BMT TŞ-nin məlum qətnamələrini saya salmır, hətta, müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar prosesini iflic vəziyyətinə salır. BMT də, bütün digər aparıcı beynəlxalq təşkilatlar da Azərbaycanın bu məsələ ilə bağlı haqlı mövqeyini müdafiə edir. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır və bu gün Azərbaycan bu təsisata sədrlik edir. Təşkilat üzvləri münaqişə ilə bağlı ədalətli qətnamə qəbul ediblər. İslam Əməkdaşlıq Təşkilatı ədalətli qətnamələr qəbul edib. ATƏT-in qərarları, Avropa Parlamentinin qətnamələrində bizim mövqeyimiz dəstəklənir. Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır.
Sentyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyev də Ordumuzun cəbhədə genişmiqyaslı əks-hücuma başlaması ilə əlaqədar xalqa müraciətində bu barədə geniş məlumat verib. Dövlət başçısının sözlərinə görə, son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter alıb. İyul ayında Ermənistan Tovuz istiqamətində mövqelərimizi və kəndlərimizi artilleriya atəşinə tutub, nəticədə hərbçilərimiz və bir mülki şəxs həlak olub. Həmin vaxt Azərbaycan Ordusu düşmənə layiqli cavab verib və düşmən bir santimetr belə irəliləyə bilməyib.
Avqust ayında Ermənistan növbəti hərbi təxribata əl atıb, Azərbaycana diversiya qrupu göndərib. Lakin diversiya qrupunun başçısı Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb. O, ifadələrində açıq-aydın göstərir ki, bu, planlaşdırılmış təxribat-diversiya qrupu olub, Azərbaycana terror aktları törətmək üçün gəlib.
Ermənistanın baş naziri bir il əvvəl Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” deyərək təxribatçı bəyanat səsləndirib. Lakin Prezident İlham Əliyev buna layiqli cavab verib: “Qarabağ Azərbaycandır və nida işarəsi!” Prezident deyib: “Ermənistanın bizə qarşı təxribatları bu faktlarla bitmir. Bu yaxınlarda Azərbaycanın qədim şəhəri olan Şuşada qondarma kriminal xunta rejiminin başçısının “andiçmə” mərasimi keçirilmişdir. Bu, təxribat deyilmi? Bu, bizə qarşı təhqirdir. Onlar hesab edirdilər ki, biz bu təhqirlə barışacağıq, razılaşacağıq. Onlar bizi şüurlu şəkildə təxribatlara çəkirlər və bunun acı nəticələrini görəcəklər”.
Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma siyasəti aparır. Bu yaxınlarda Livan ermənilərindən ibarət bir neçə ailə Dağlıq Qarabağa, o cümlədən, Azərbaycanın qədim şəhəri olan Şuşaya yerləşdirilib. Bu, hərbi cinayətdir. Bu, Cenevrə Konvensiyasına tamamilə ziddir. Bu cinayətə görə Ermənistan cavab verəcəkdir.
Bu gün Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün inadlı mübarizəyə başlayıb. Prezident haqlı olaraq deyib ki, erməni əsgərinin bizim torpağımızda nə işi var?! Bu gün bütün dünya bilir ki, Ermənistan işğalçı dövlətdir və gec-tez Azərbaycan bu işğala son qoymalıdır. Bu gün həmin an gəlib çatıb. Bütün xalqımız ­Prezidentin bu istiqamətdə addımlarını dəstəkləyir. Biz haqq yolundayıq. Qələbə bizimdir!

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

30 Sentyabr 2020 00:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə