Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Biz Qarabağ qaziləri torpaqlarımızın azadlığı uğrunda döyüşə hazırıq

Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində Ermənistanın işğalı altında olan bir neçə kəndimiz azad edilib. Xalqımızın ürəyi düşmənə qarşı savaşan Azərbaycan Ordusunun əsgər və zabitlərinin yanındadır. Ehtiyatda olan Qarabağ qaziləri də baş verənləri diqqətlə izləyir və öz dəstəklərini göstərirlər. Onlardan biri – ehtiyatda olan mayor Rafiq Bayramov bu barədə təəssüratlarını oxucularımızla bölüşdü:
–Otuz ilə yaxındır ki, Azərbaycan  Ermənistanın işğalından və təcavüzündən əziyyət çəkir. Bir milyon məcburi köçkünümüz öz doğma yurdlarının həsrəti ilə yaşayır, evlərinə qayıdacaqları günü gözləyirlər. Azərbaycan bu illər ərzində beynəlxalq hüquq çərçivəsində münaqişənin həlli üçün danışıqlarda konstruktiv mövqe nümayiş etdirdi. Beynəlxalq hüquq və ictimaiyyət ölkəmizin ərazi bütövlüyünü tanıyır. Lakin bu illər ərzində təcrübə göstərdi ki, danışıqların həlledici məqamında işğalçı Ermənistan hər dəfə təxribata əl ataraq bölgədə vəziyyəti gərginləşdirir. Tovuz təxribatları bunu bir daha sübut etdi. 
Düşmənin təmas xəttində deyil, iyul ayında Qarabağdan uzaqda Ermənistanla həmsərhəd olan Tovuzda təxribatlar törətməsi bütün dünyaya göstərdi ki, Ermənistanla sülh danışıqları heç bir effekt vermir. Prezident İlham Əliyev hər dəfə–istər ön xəttdə əsgərlərlə, istərsə də qaçqın və məcburi köçkünlərlə görüşlərində ordumuzun istənilən an işğal altında olan torpaqlarımızı azad etməyə hazır olduğunu bəyan etmişdi. Məqam yetişdi. Bu gün  Azərbaycan Ordusu əks-hücum əməliyyatları ilə işğal altında olan bir neçə kəndimizi azad edib. İllərdir, Azərbaycan əsgəri Ali Baş Komandanın “İrəli!” əmrinə hazır vəziyyətdə torpaqlarımızı azad edəcəyi günü gözləyirdi. Bu gün qürurvericidir ki, xalq dövlətin və ordunun yanındadır. Xalqımız Ali Baş Komandan İlham Əliyevə güvənir, onun uzaqgörən siyasəti sayəsində ordumuzun gücü ilə torpaqlarımıza qovuşacağımıza əminik. Artıq Azərbaycan Ordusu bölgədə və dünyada güclü ordulardan biri kimi tanınır. Azərbaycan əsgəri hər an döyüş tapşırığını yüksək səviyyədə icra etməyə hazırdır. Bu günlər ərzində biz buna şahid oluruq. Onların rəşadəti sayəsində strateji əhəmiyyətə malik Murovdağ zirvəsi düşməndən təmizləndi. Bunlar biz qaziləri fərəhləndirir. Bir vaxtlar, Qarabağ müharibəsinin ağır illərində çətin şəraitdə Vətənin keşiyində dayandığımız günləri xatırlayıram. O zamanlar bu cür yüksək səviyyədə maddi-texniki bazamız və şəraitimiz yox idi. İndi isə ölkəmiz hər mənada öndədir. 
Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasının keçirilməsi və ölkə başçısının əməliyyatlarla əlaqədar öz tövsiyə və tapşırıqlarını verməsini  ehtiyatda olan mayor, Qarabağ müharibəsinin iştirakçısı olaraq, diqqətlə izlədim. 
Prezident bir çox vacib məqamlara toxundu. Bildirdi ki, Ermənistanın hərbi təxribatı planlaşdırılmış təxribatdır. Onlar bu təxribata uzun müddətdir ki, hazırlaşırdılar. İlham Əliyevin Təhlükəsizlik Şurasında çıxışı, eləcə də xalqa müraciətində səsləndirdiyi fikirlər  qələbə xəbərini gözləyən xalqımıza, xüsusilə də məcburi köçkünlərə, yurd həsrəti ilə yaşayan insanlara ümid işığı oldu. “Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır!” Mən də qarabağlıyam, doğma yurd-yuvadan uzaqda yaşamaq çox çətindir. Düzdür, məcburi köçkünlər dövlətimiz tərəfindən hər cür qayğı ilə əhatə olunurlar. Lakin dogma torpağımızda yandırılmış evlərimizi yenidən tikmək arzusundayıq. Biz ehtiyatda olan qazilər dövlətimizin və Ali Baş Komandanımızın yanındayıq. Ehtiyac olarsa, biz də cəbhəyə gedərək, öz təcrübə və biliklərimizi əsgərlərimizlə bölüşməyə, torpaqlarımızı azad etməyə hər an hazırıq.

 

Hazırladı: 
Əfsanə BAYRAMQIZI, 
Foto Elşən AĞALARINDIR, 
“Xalq qəzeti”

30 Sentyabr 2020 00:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə