Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ədalət zəfər çalacaq!

“Dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyasından əl çək­mə­yən, təcavüz siyasəti yeridən ermənilərin əsrlər boyu vəhşilik, soyqırımı törətdikləri bütün dünyaya məlumdur. Bu qədər vəhşiliklər törətdikləri halda, ermənilər özlərini  “ədalətsizliyin qurbanı”  kimi qələmə verməyə cəhd etmələrilə də tanınırlar. Əslində isə ermənilər türklərə və azərbaycanlılara qarşı dəfələrlə soyqırımı və terror aktları törətmişlər, torpaqlarımızı işğal etmişlər. Beynəlxalq ictimaiyyət yaxşı bilir ki, istər 2016-ci ilin aprel ayında, istərsə cari ilin iyun ayında törədilən hərbi təxribatlar Ermənistanın işğalçılıq siyasətinin davamıdır.
27 sentyabrda səhər tezdən Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutması bir daha bu faktları isbatladı. Ancaq işğalçı Ermənistan əvvəllər olduğu kimi, bu dəfə də layiqli dərsini alır və heç bir şübhə yoxdur ki, Azərbaycan haqq mübarizəsində zəfər qazanacaq!

Ermənistan növbəti dəfə təxribata əl atdı. Bu dəfə erməni silahlı qüvvələri sentyabrın 27-də saat 6 radələrində genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı  kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəydi. 
12 iyul tarixində Tovuz rayonunda olduğu kimi, bu dəfə də ermənilər mülki infrastuktur obyektlərini hədəfə aldı. Ermənistan işğal etdiyi ərazilərdən davamlı olaraq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutur. Ermənistanın həyata keçirdiyi təxribat nəticəsində bir neçə  mülki şəxs həyatını itirdi, 27 nəfər yaralandı. Cəbhə xəttindən xeyli aralıda yerləşən Naftalan rayonunun bir kəndində bir ailə və onun azyaşlı üzvləri həlak oldu.
Dünən səhər də Tərtər rayonu istiqamətində ağır artilleriya atəşi açıldı, Tərtərdə xalçaçılıq fabriki ciddi zərər gördü. Düşmənin mülki obyektləri atəşə tutması nəticəsində Tərtər şəhəri, E.Səfərov küçəsində 54 mənzildən ibarət 10 saylı bina, rayonun Şıx arx qəsəbəsində 16 saylı çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşdü. Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini yerinə yetirməyərək beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhalini, çoxsaylı evləri və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.
Əlbəttə, həmişə olduğu kimi, bu dəfə də Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görməyə başladı. Cəbhənin ən gərgin Tərtər–Ağdam və Füzuli–Cəbrayıl istiqamətlərində yerləşən ön xətt hərbi hissələri, raket və artilleriya bölmələri, cəbhə aviasiyası, zirehli texnika və digər qoşun növlərinin qarşılıqlı fəaliyyəti ilə Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır. 
Artıq böyük qələbələrimiz də var. Belə ki, Azərbaycan Ordusunun qoşun növləri və bölmələrinin həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində işğal altında olan bir sıra kəndlərimiz, vacib yüksəkliklər və əlverişli ərazilər azad olunub. Cəbhənin Füzuli–Cəbrayıl istiqamətində aparılan hərbi əməliyyat nəticəsində uzun illər ərzində düşmən işğalı altında olan Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri düşməndən təmizlənib. Bundan başqa, Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi azad edilib. 
Əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb. Əldə edilən hərbi üstünlük Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verir. Hərbi mütəxəssislər də işğaldan azad olunan Murovdağ zirvəsinin strateji əhəmiyyətinin çox böyük olduğunu bildirirlər. 
Təbii ki, Ermənistan qoşunlarının Azərbaycanın yaşayış məntəqələrinə və dinc sakinlərinə hücumu beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Terroru dövlət siyasəti səviyyəsinə yüksəldən Ermənistan ölkəmizin işğal olunmuş ərazilərində yaradılmış cinayətkar rejim vasitəsilə təhdid dolu bəyanatlar səsləndirir, yeni ərazilər işğal etməyi planlaşdırırdı. Xatırladaq ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan separatçı rejimin “rəhbəri” Araik Aratunyan Gəncə şəhərini vurmaqla hədələmişdi. Dinc mülki əhalini və obyektləri hədəfə almaq Ermənistanın ölkəmizə qarşı təcavüzünün, nifrətinin, növbəti təzahürüdür. 
Bütün bunlar bir daha onu göstərir ki, terror və vandalizmi dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistan bu gün də həmin xətti davam etdirir. “Hnçaq” və “Daşnaksütyun” terrorçularının Şərqi Anadolu və Azərbaycan kəndlərini çapıb-talamaqda bir-biri ilə rəqabət aparmaları sirr deyil. Rəsmi proqramlarında terroru qarşılarına məqsəd qoyan bu partiya və cəmiyyətlərin “türkə ölüm” çağırışı ilə tarixin ən qanlı cinayətlərini törətmələri hamıya məlumdur. Ermənilərin bu siyasəti indi  də davam edir. Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində avqust ayında Ermənistanın Azəbaycana diversiya qrupu göndərməsindən danışarkən bildirdi ki, əsir düşmüş erməni hərbçisinin ifadələri planlaşdırılmış təxribatçı diversiya qrupunun Azərbaycana terror aktları törətmək üçün gəldiyini təsdiqləyir. 
Hazırda dünyanın elə bir ölkəsi yoxdur ki, erməni terrorçuları orada öz təşkilatlarını yaratmasınlar. Onlar özgə torpaqları hesabına “Böyük Ermənistan” dövləti yaratmaq istəyirlər. Bu bədxahlar ona görə də hər yerdə terrorçuluq edir, minlərlə günahsız insanların qətlinə səbəb olurlar. 
Bu gün erməni terrorizmi dünya sivilizasiyası üçün böyük təhlükədir. Onlar digər terror təşkilatları ilə əlaqə yaradır və öz məqsədlərinə nail olmaq üçün dəridən qabıqdan çıxırlar. Məsələn, “Daşnaksutyun”, “Asala” və digər erməni terror təşkilatları Qarabağ müharibəsində yaxından iştirak etmişlər. Erməni daşnakları və bolşeviklər öz vəhşi əməllərinə don geyindirərək, törətdikləri qırğınları vətəndaş müharibəsi kimi qələmə verməyə və bununla da əsil tarixi həqiqəti ört-basdır etməyə çalışırdılar. 1918-ci ildə bir gecədə, martın 31-də təkcə Bakıda və onun ətraf kəndlərində 15 min günahsız azərbaycanlı öldürülmüşdü. 
Ancaq bu gün Azərbaycan güclü dövlətdir və erməni terrorizminə və vandalizminə layiqli cavab verir. Bundan başqa, Ermənistanın kriminal-quldur rejimi təxribatlarına görə Azərbaycan Ordusundan tutarlı cavabı alır. Rəsmi İrəvandan fərqli olaraq Azərbaycan heç bir təxribata əl atmır. Prezident İlham Əliyev xalqa müraciətində bir daha açıqladı ki, Azərbaycan sadəcə olaraq öz torpaqlarını işğaldan azad etmək istəyir və öz siyasətini alnıaçıq aparır: “Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bu, həqiqətdir”.
Bir sözlə, erməni təxribatlarına və Ermənistanın işğalına son qoymaq məqsədilə Azərbaycan Ordusu tarixi missiyasını uğurla yerinə yetirir. Ölkə başçısının dediyi kimi, bu gün Azərbaycan Ordusu öz torpağında ölkənin ərazi bütövlüyünü qoruyur, müdafiə edir: “Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır”.
Şübhə yoxdur ki, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli  Azərbaycan Ordusu tarixi ədaləti bərpa edəcək və Dağlıq Qarabağ işğaldan azad olunacaq.

 

“Xalq qəzeti”

30 Sentyabr 2020 00:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə