Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Prokurorluğu insan hüquqlarının və dövlətçilik maraqlarının təmin olunmasına sədaqətlə xidmət edir

Prokurorluq orqanlarında həyata keçirilən hüquqi islahatlar nəticəsində Azərbaycan Prokurorluğu milli maraqların və qanunun aliliyinin təmin olunmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edən müasir dövlət təsisatına çevrilmişdir.
İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti


Ulu öndərimiz Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamına əsasən, respublikamızda hər il oktyabr ayının 1-də qeyd edilən prokurorluq işçilərinin peşə bayramı günündə ənənəvi olaraq bu orqanın illik fəaliyyəti nəzərdən keçirilir, görülən işlər qiymətləndirilir, qarşıda duran vəzifələr müəyyənləşdirilir. Bu barədə söhbət açmazdan əvvəl bir tarixi məqamı xatırlatmaq istərdim. Belə ki, ümummilli liderimizin xalqın israrlı xahişi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkə həyatının bütün sahələrində olduğu kimi, məhkəmə-hüquq sistemində də köklü islahatlara başlanıldı. 

Bu zaman ulu öndər müstəqil respublikamızın Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bildirir və cümhuriyyət ideyalarının ölkədə daha geniş şəkildə yayılmasına çalışırdı. Bu baxımdan, Xalq Cümhuriyyətinin atributlarının müstəqil Azərbaycan Respublikasının dövlət rəmzləri kimi qəbul edilməsi dahi şəxsiyyətin müstəsna xidmətlərindən biri idi. Prokurorluq işçilərinin peşə bayramı gününün ümummilli liderin müvafiq sərəncamına əsasən, hər il oktyabr ayının 1-də qeyd edilməsinin qərara alınması da təsadüfi deyildi. Bu, hər şeydən əvvəl ulu öndərin milli təəssübkeşliyinin, cümhuriyyət ideyalarına sədaqətinin təzahürü idi. Çünki 1918-ci il oktyabrın 1-də Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanı yaradılmışdı.
Beləliklə, ötən əsrin sonlarında yenidən müstəqillik əldə edən xalqımız Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan etmiş, əsl istiqlaliyyət və milli dirçəliş ideya və arzularına isə ümummilli liderin yenidən ölkədə siyasi rəhbərliyə başlamasından sonra qovuşa bilmiş, Xalq Cümhuriyyətinin müstəqillik ideyasını, dövlətçilik atributlarını gerçəkləşdirmişdir. 
Ümummilli lider müstəqil Azərbaycana rəhbərliyinin ilk vaxtlarından etibarən hüquq-mühafizə sisteminin bütün sahələri kimi, prokurorluq orqanlarının da dövlətçiliyin maraqlarına, qanunun aliliyinə, insan hüquqlarının və azadlıqlarının müdafiəsinə xidmət edən sivil, demokratik bir qurum kimi formalaşması üçün qanunvericiliyin təkmilləşdirilməsini, bu istiqamətdə maddi və sosial bazanın yaradılmasını diqqət mərkəzində saxlayırdı. Dahi şəxsiyyət prokurorluğa böyük dəstək göstərməyə xüsusi önəm verir və deyirdi: “Hazırda prokurorluq orqanlarının qarşısında mühüm vəzifələr durur. Əsas məqsədimiz prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılmasıdır. Əminəm ki, Azərbaycan Respublikası Prokurorluğu bu məqsədə çatmaq üçün səylərini davam etdirəcək və qarşısında qoyulan vəzifələri layiqincə yerinə yetirəcəkdir. Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır”. 
Ulu öndərin 2000-ci il aprelin 26-da prokurorluq orqanlarının rəhbər işçiləri ilə keçirdiyi müşavirə də bu dəyərli fikrin bariz ifadəsi idi. Həmin tarixi müşavirədə qarşıya qoyulan vəzifələrlə bağlı reallaşdırılan islahatlar nəticəsində bu sistemdə təməl prinsiplər mövcud tələblərlə uzlaşdırıldı, hüquqi baza əsasında struktur yeniləşdirildi. Bütün bunlarla bərabər, Azərbaycan Prokurorluğu yüksək nəzəri bilikli və peşəkar kadrlarla komplektləşdirildi, əməkdaşların vəzifələri və səlahiyyətləri beynəlxalq standartlara uyğun müəyyənləşdirildi. Beləliklə, prokurorluq tamamilə yenidən təşkil olunaraq, dövlət strukturları sırasında demokratik bir orqan kimi öz layiqli yerini tutdu.
Prokurorluq orqanlarında aparılan hərtərəfli islahatların əsasını və onun hüquqi bazasının təməlini ulu öndərimizin təşəbbüsü əsasında 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası təşkil etmişdir. Həmin ali qanunda prokurorluğa xüsusi maddə həsr edilərək idarəetmə sistemində bu dövlət təsisatının yeri məhkəmə hakimiyyəti sistemində müəyyənləşdirilməklə prokurorluq orqanlarına ilk dəfə olaraq konstitusion status verilmişdir. 
Ulu öndər Heydər Əliyevin təşəbbüsü əsasında qəbul edilmiş 7 dekabr 1999-cu il tarixli “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu qarşıda duran bu və ya digər vəzifələrin uğurla həyata keçirilməsinə imkan yaratmaqla, qanunçuluğun və insan hüquqlarının aliliyinin real təminatçısına çevrildi. Beynəlxalq hüquq normalarına və demokratik prinsiplərə uyğun hazırlanmış “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında”, “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında”, “Prokurorluğun rəsmi emblemi haqqında” Azərbaycan Respublikası qanunlarının və digər hüquqi aktların qəbul olunması ilə prokurorluğun fəaliyyətini tənzimləyən hüquqi baza dövrün tələblərinə və beynəlxalq standartlara uyğun formalaşdırıldı. 
Ümummilli lider Heydər Əliyevin 19 iyun 2001-ci il tarixli fərmanı ilə təsdiqlənmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin qəbul edilməsi və onun icraya yönəldilməsi Azərbaycan Prokurorluğunda aparılan islahatların ən böyük uğurlarından olmaqla, prokurorluğun kadr tərkibinin yenidən formalaşdırılması kimi əhəmiyyətli məsələnin hüquqi əsasını da təşkil etmişdir. Prokurorluq orqanlarına işə qəbulun demokratik prinsiplər rəhbər tutularaq, şəffaf prosedurlarla, müsabiqə yolu ilə həyata keçirilməsi prokurorluğun kadr tərkibinin vətənpərvər, dövlətçilik prinsiplərinə sadiq gənc hüquqşünaslardan formalaşdırılmasını və mütəmadi olaraq yenilənməsini şərtləndirdi. 
Azərbaycan Respublikası Konstitusiyasına 24 avqust 2002-ci il tarixli referendumla edilən dəyişikliklərlə Azərbaycan Prokurorluğuna qanunvericilik təşəbbüsü hüququnun verilməsi isə hüquq sisteminin təkmilləşdirilməsində və inkişafında bu təsisatın rolunu daha da artırmışdır. 
Beləliklə, Azərbaycanı müstəqilliyin ilk illərində olduqca mürəkkəb ictimai-siyasi şəraitdən müdrik qərarları, yüksək idarəetmə məharəti ilə qısa bir zamanda çıxaran ümummilli liderin rəhbərliyi ilə bütün dövlət qurumlarının, o cümlədən prokurorluğun müasir təsisata çevrilməsi istiqamətində gerçəkləşdirilən önəmli islahatlar nəticəsində bu sistem demokratik orqan kimi tamamilə yenidən təşkil olunaraq, öz layiqli yerini tutdu və bununla da, dövlətçiliyimizin əsas sütunlarından birinə çevrildi.
Ulu öndərin siyasi xəttini uğurla və layiqincə davam etdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycan Prokurorluğu şərəfli bir təkamül yolu keçib, xalqın və dövlətin hərtərəfli dəstəyinə arxalanaraq, milli ənənələrə və mütərəqqi dünya standartlarına uyğun şəkildə təkmilləşib, qanunun aliliyinin təmin olunmasında, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində səmərəli fəaliyyəti ilə nüfuzlu bir quruma çevrilib. 
Prokurorluq orqanlarının müasir məzmunda yeniləşməsində dövlətimizin başçısının 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilən “Prokurorluğun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-­2011-ci illər üçün Dövlət Proqramı” önəmli rol oynayıb. Azərbaycan Prokurorluğunun tarixində yeni təkmilləşmə və inkişaf, hərtərəfli müasirləşmə dövrünün əsasını qoyan bu dövlət proqramında nəzərdə tutulan tədbirlərin reallaşdırılması hüquq sisteminin inkişafı prosesində sözügedən qurumun rolunun artırılmasını, cinayətkarlığa qarşı mübarizə və istintaqın aparılmasında digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsini şərtləndirib. Eyni zamanda, prokurorluqda müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunması, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, dövlət ittihamının müdafiəsində peşəkarlığın artırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması  “Prokurorluq haqqında” Qanunla müəyyənləşdirilən istiqamətlər üzrə fəaliyyətin daha da təkmilləşdirilməsini sürətləndirib. 
Möhtərəm Prezidentimizin ölkəyə rəhbərlik etdiyi ilk vaxtlardan dövlət idarəçiliyində operativlik və çevikliyə mühüm önəm verilib, yeni idarəçilik sisteminin yaradılması diqqət mərkəzində saxlanılıb. Korrupsiyaya və rüşvətxorluğa qarşı ciddi mübarizə önə çəkilib, qanunun aliliyinin qorunması prioritet vəzifələrdən biri olaraq elan edilib. Dövlət başçısı qarşıya qoyduğu məqsədi reallaşdırmaq üçün “Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 3 mart tarixli sərəncam imzalayıb. Bu mühüm sənədə əsasən, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi yaradılıb. 
Sonrakı mərhələdə isə möhtərəm Prezidentin dövlət orqanlarının fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi, onlarda şəffaflığın artırılması, hesabatlılığın, yeni texnologiyaların səmərəli tətbiqi üçün “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə” 28 iyul 2007-ci il tarixli, “Açıq Hökumətin təşviqinə dair 2012-­2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012–2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında 5 sentyabr 2012-ci il tarixli sərəncamları uğurla gerçəkləşdirilib. 
Azərbaycanda son illərdə reallaşdırılan islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafına yönələn tədbirlər bir sıra siyasi dəyişikliklərlə, struktur yeniləşmələri ilə müşayiət olunur. Bütün bunların fonunda respublikada siyasi transformasiya mühiti də getdikcə şəffaflaşır, aydınlaşır. Artıq struktur və kadr islahatlarının davamlı xarakter alması özünü qabarıq büruzə verir. Bütün bunlarla bərabər, beynəlxalq müşahidəçilər tərəfindən də yüksək qiymətləndirilən korrupsiya ilə mübarizə tədbirləri getdikcə gücləndirilir, bu istiqamətdə dövlət qurumlarının hər bir pilləsində şəffaflığın qorunması diqqət mərkəzində saxlanılır. Dövlət başçımızn təşəbbüsü və birbaşa rəhbərliyi ilə pensiya, ünvanlı yardım, əlilliyə görə müavinətlərin verilməsi, habelə məşğulluq sahələrində şəffaflığın, həmçinin sosial ədalətin tam təmin olunması, bürokratiya, süründürməçilik, korrupsiya, rüşvətxorluq kimi halların aradan qaldırılması, məmur-vətəndaş təmasının minimuma endirilməsi ilə bağlı vaxtaşırı ciddi, önəmli addımlar atılır. Əlbəttə, bütün bu addımlar, gerçəkləşdirilən islahatlar, yeniləşmələr ölkənin gələcək dayanıqlı inkişafını şərtləndirir. 
Prezident İlham Əliyev 2020-ci il may ayının 1-də yeni təyin olunmuş Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevi videoformatda qəbul edərkən yuxarıda vurğulanan məsələlərlə əlaqədar bir sıra mühüm məqamlara toxundu, öz dəyərli tapşırıq və tövsiyələrini verdi. Respublikamızın rəhbəri ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar, əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbirlər, neqativ hallara– korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi, habelə qanunun aliliyinin təmin olunması sahəsində hüquq-mühafizə orqanlarının qarşısında duran vəzifələrdən ətraflı danışdı. Həmişəki kimi, bu dəfə də ölkə rəhbəri vəzifəyə təyin edilən şəxslərin xalqa xidmət göstərməli olduqlarını xatırlatdı və bildirdi ki, vəzifəli şəxslər vətəndaşların problemlərinə daim həssaslıqla yanaşmalı, onların üzləşdikləri müəyyən çətinliklərin aradan qaldırılmasına yardımçı olmalıdırlar.
Burada bir məqamı xüsusilə qeyd etmək istərdim ki, dövlət başçımız keçirdiyi bütün rəsmi, yaxud qeyri-rəsmi görüşlərində, tədbirlərdə məmurlara, ilk növbədə, yerlərdə vəziyyəti düzgün qiymətləndirməyin, bununla bağlı çox ciddi təhlillər aparmağın, çatışmayan cəhətlərin üzə çıxarılmasının, habelə mövcud problemlərin həlli üçün səy göstərilməsinin zəruriliyini diqqətə çatdırıb. Yalnız belə halda xalqa ləyaqətlə xidmət etmək nümunəsi göstərilməsinin mümkünlüyünü xatırladıb. Dövlətimizin başçısı deyib: “Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur və dəfələrlə demişəm ki, mən Prezident kimi öz vəzifəmi bunda görürəm – xalqa xidmət etmək. Məhz bu xidmətə görə Azərbaycan əhalisi bizə çox böyük dəstək göstərir”.
Dövlət başçısının bu dəyərli fikirləri hər bir prokurorluq əməkdaşının üzərinə daha böyük məsuliyyət qoyur, qanunun aliliyinin tam təmin olunması, vəzifəli şəxslərin neqativ əməllərinə biganə yanaşılmayaraq, dərhal reaksiya verilməsi, korrupsiya və rüşvətxorluğa qarşı daha sərt mübarizə aparılması kimi vəzifələri diktə edir. 
Möhtərəm Prezidentimizin prokurorluq orqanlarında işin təkmilləşdirilməsi və islahatların dərinləşdirilməsinə dair verdiyi göstəriş və tövsiyələrin icrası ilə bağlı 2020-ci il mayın 12-də Baş Prokurorluq üzrə geniş Fəaliyyət Planı təsdiq olunaraq, hazırda icrası istiqamətində səmərəli tədbirlər həyata keçirilir, sürətli yeniləşmə prosesi aparılır. Qurumun strukturu qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla mahiyyətcə tamamilə yenidən formalaşdırılıb, ölkədə həyata keçirilən gəncləşdirmə və gender siyasətinə uyğun olaraq əsaslı kadr dəyişiklikləri keçirilib. 
8-i qadın olmaqla 114 nəfər prokurorluq işçisi rəhbər vəzifələrə təyin olunub. İlk dəfə Baş Prokurorluğun idarə və şöbə rəisləri, rayon prokuroru və rayon prokurorunun müavini vəzifələrinə xanım əməkdaşlar təyin olunublar. Hazırda prokurorluq orqanlarında işləyən qadın prokuror işçiləri ümumi prokurorluq işçilərinin 7 faizini təşkil edir. Bu da dövlətimiz tərəfindən həyata keçirilən gender bərabərliyi siyasətinin uğurla həyata keçirilməsini göstərir. 
Sonda bir məqamı da qeyd etmək istərdim ki, prokurorluq əməkdaşları dövlət başçısının daim sosial qayğısını hiss etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2020-ci il tarixli 253 nömrəli sərəncamı ilə prokurorluq işçilərinin maaşına avqust ayının 1-dən etibarən dövlət büdcəsinin vəsaiti hesabına bir aylıq vəzifə maaşı həcmində əlavələrin müəyyən edilməsi buna əyani sübutdur. 
Fəaliyyətində hər zaman ümummilli lider Heydər Əliyevin ali ideyalarını və möhtərəm Prezidentimiz İlham Əliyevin idarəçilik prinsiplərini rəhbər tutan Azərbaycan Prokurorluğunun hər bir əməkdaşı bundan sonra da dövlət başçısının prokurorluq orqanlarına göstərdiyi etimadı layiqincə doğrultmaq, qanunun aliliyinə, insan hüquq və azadlıqlarına dönmədən əməl etmək kimi önəmli məsələləri daim diqqətdə saxlayacaq, dövlətin maraqları və qanunun aliliyi naminə bütün bilik və bacarığından səmərəli yararlanacaq. 

 

Səadət RÜSTƏMOVA, 
Qobustan rayon prokuroru, kiçik ədliyyə müşaviri

30 Sentyabr 2020 23:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə