Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 434 Bakı şəhəri, 10 oktyabr 2018-ci il
 
“Rezidentlər və qeyri-rezidentlər tərəfindən milli valyutanın nağd şəkildə və milli valyutada ifadə olunmuş qiymətli kağızların Azərbaycan Respublikasından çıxarılması və Azərbaycan Respublikasına gətirilməsi zamanı bəyan edilməsi Qaydası”nın təsdiq edilməsi barədə
“Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsi”ndə dəyişiklik edilməsi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 8 oktyabr tarixli 299 nömrəli Fərmanının 3-cü hissəsinə uyğun olaraq və Azərbaycan Respublikası Mərkəzi Bankının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
 “Rezidentlər və qeyri-rezidentlər tərəfindən milli valyutanın nağd şəkildə və milli valyutada ifadə olunmuş qiymətli kağızların Azərbaycan Respublikasından çıxarılması və Azərbaycan Respublikasına gətirilməsi zamanı bəyan edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
 
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri
 
 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2018-ci il 10 oktyabr

tarixli 434 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

 

Rezidentlər və qeyri-rezidentlər tərəfindən  milli valyutanın nağd şəkildə və milli valyutada ifadə olunmuş qiymətli kağızların Azərbaycan Respublikasından çıxarılması və  Azərbaycan Respublikasına gətirilməsi zamanı bəyan edilməsi

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

  1.  Bu Qaydalar “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq hazırlanmışdır və rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən milli valyutanın nağd şəkildə və milli valyutada ifadə olunmuş qiymətli kağızların Azərbaycan Respublikasından çıxarılması və Azərbaycan Respublikasına gətirilməsi qaydalarını müəyyən edir.
  2.  Bu Qaydalarda istifadə olunan “milli valyuta”, “milli valyutada qiymətli kağızlar”, “rezident” və “qeyri-rezident” anlayışları “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda, “poçt rabitəsinin milli operatoru” anlayışı isə “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda verilən mənaları ifadə edir.

 

  1.  Milli valyutanın nağd şəkildə və  milli valyutada ifadə olunmuş qiymətli kağızların Azərbaycan Respublikasından çıxarılması və Azərbaycan Respublikasına gətirilməsi zamanı bəyan edilməsi

 

2.1. Rezident və qeyri-rezident hüquqi şəxslər nağd milli valyutanı (kağız və metal pul nişanları), milli valyutada ifadə olunmuş qiymətli kağızları və milli valyutada ifadə olunmuş yubiley və xatirə pul nişanlarını nominal məbləğindən asılı olmayaraq gömrük orqanlarına bəyan etməklə, Azərbaycan Respublikasından çıxara və Azərbaycan Respublikasına gətirə bilərlər.

2.2. Rezident və qeyri-rezident fiziki şəxslər 20000 (iyirmi min) manat məbləğinədək olan nağd milli valyutanı (kağız və metal pul nişanları) və milli valyutada ifadə olunmuş qiymətli kağızları gömrük orqanlarına şifahi formada bəyan etməklə, 20000 (iyirmi min) manat və ondan yuxarı məbləğdə olan nağd milli valyutanı (kağız və metal pul nişanları) və milli valyutada ifadə olunmuş qiymətli kağızları gömrük orqanlarına yazılı formada tam məbləğdə bəyan etməklə, Azərbaycan Respublikasından çıxara və Azərbaycan Respublikasına gətirə bilərlər.

2.3. Rezident və qeyri-rezident fiziki şəxslər milli valyutada ifadə olunmuş yubiley və xatirə pul nişanlarını nominal məbləğindən asılı olmayaraq gömrük orqanlarına yazılı formada bəyan etməklə Azərbaycan Respublikasından çıxara və Azərbaycan Respublikasına gətirə bilərlər.   

2.4. Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər milli valyutanı məhdudiyyət olmadan müvəkkil banklar və ya poçt rabitəsinin milli operatoru vasitəsilə köçürmə yolu ilə Azərbaycan Respublikasından çıxara və Azərbaycan Respublikasına gətirə bilərlər.

13 Oktyabr 2018 08:02 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə