Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezidentin möhtəşəm çıxışından sonra...

Şəhidlərimizin qisası alınır

BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında dövlət başçımızın 182 ölkənin dövlət və hökumət rəhbərləri arasında sayca altıncı çıxış etməsi şübhəsiz ki, Prezident İlham Əliyevə həm Azərbaycan dövlətinin rəhbəri, həm də Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq səviyyədə göstərilən hörmət və etimaddan irəli gəlirdi. İclasda dövlət başçımızın həm Qoşulmama Hərəkatının sədri, həm də Azərbaycan Prezidenti kimi möhtəşəm çıxışı, gətirdiyi arqumentlər, Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər bütün xalqımız kimi məni də qürurlandırdı.

Dövlət başçımız Azərbaycan adından çıxış edərək müstəqillik tariximizdən və təqribən, 30 illik bir dövrdə Azərbaycanın müxtəlif sahələrdə çox böyük tərəqqiyə nail olduğundan söz açdı. Eyni zamanda, bildirdi ki, bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siya­si müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gü­cün tətbiqindən çəkinmək öhdəliyini götürmüşlər: “Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozmuş və Azərbaycana qarşı hərbi güc tətbiq etmişdir. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etmişdir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarıl­masını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir”.

Ermənistanın işğal olunmuş ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdiyini, bir milyondan çox soydaşımızı qaçqın və məcburi köçkün vəziyyətinə saldığını, Xocalı soyqırımı törətdiyini diqqətə çatdıran Prezident, Ermənistanın işğal olun­muş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirdiyini, Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv etdiyini də bildirdi.

Qonşu ölkənin Ermənistan – Azərbaycan sərhədi boyunca mülki əhalini qəsdən hədəfə alması, təxribatlar törətməsi, sonuncu təxribat zamanı – iyul ayında Tovuz rayonunun artilleriya atəşinə məruz qalması nəticəsində hərbçilərimizin və bir mülki şəxsimizin öldürüldüyü də iclas iştirakçılarının diqqətinə çatdırıldı. Cənab İlham Əliyev vurğuladı ki, Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur: “Onun “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. Onun Azərbaycana qarşı irəli sürülmüş qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilmişdir. Sülhə nail olunması üçün bizim yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılma­lıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır”.

Dövlət başçımız iclasda “Ermənistan Azərbaycana qarşı yeni təcavüzə hazırlaşır. Buna görə də biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik” – dedi və təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü­nü iclas iştirakçılarının diqqətinə çatdırdı. Bildirdi ki, bütün bunlar Ermənistan rəhbərliyinin iç üzünü açıb göstərir, eyni zamanda, Ermənistanın terrorçu dövlət olduğunu təsdiqləyir.

Və bu gündən bu siyasi təxribata da, terrora da son qoyulur.  Sübhə doğru Azərbaycan ordusu Ermənistanın yeni hücumuna qarşı bütün cəbhə boyu əks hücuma keçib. Müharibə başlayıb, addım - addım işğalda olan torpaqlarımız mənfur erməni nəfəsindən təmizlənir. Artıq nə dayanmaq var, nə də çəkilmək. Ordumuzun yolu bir istiqamətədir: irəli, ancaq irəli... İşıqlı sabaha doğru, doğma yurdlara, ata-baba torpaqlarına isti nəfəs verməyə, xarabaya çevrilmiş evlərdə şənlik yaratmağa, sevinc paylaşmağa... Füzulidən, Cəbrayıldan olan məcburi köçkünlərin üzlərində bu gün sevinc çiçəkləyib. Yurd həsrətlilərini qovuşdurmaqdan gözəl və savab iş olarmı? Bu savabı qazanmaqla, dövlət başçımızın adı Azərbaycan tarixinin qızıl hərflərlə yazılmış səhifəsinə düşəcək. Alınan hər qarış torpaqla, hər kəndlə orada qanı axıdılan şəhidlərimizin ruhu sevinəcək, rahatlıq tapacaq. Doğma torpağa üz qoymaq həsrətində olanların arzusu gerçəkləşəcək. Bu gün xalqımız həm qürur, həm də sevinc göz yaşları axıdır...

Dünyanın əksər dövlət rəhbərləri bilir ki, Ermənistandan fərqli olaraq, Azərbaycan sabit, müasir və demokratik ölkədir. Demokratiya­nın inkişafı və insan hüquqlarının qorunması hökumətimizin başlıca prioritetləri sırasındadır. İndi demokratiya sevənlərin Azərbaycanın yanında olmağı, haqq səsinə səs verməyi vaxtıdır. Azərbaycan öz ordusuna güvənir. Xalqımız da həm ordumuza, həm cənab Prezidentimizə güvənir və onun bir çağırışı ilə vətəni qorumağa hər an hazırdır.

Məşhur MƏMMƏDOV,
Milli Məclisin deputatı

28 Sentyabr 2020 10:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR
26 Oktyabr 2020 | 16:20
Biz Qubadlıya qayıdırıq

Köhnə versiyamızdan xəbərləri izlə