Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqlarının rəhbərləri ilə videokonfrans formatında görüş keçirilib

Sentyabrın 27-də Xarici İşlər naziri Ceyhun Bayramovun və Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin iştirakı ilə Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqlarının rəhbərləri ilə videokonfrans formatında görüş keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Ermənistan silahlı qüvvələrinin bu ilin 27 sentyabr tarixində iriçaplı silahlardan və artilleriya qurğularından istifadə edərək cəbhə xətti boyu Azərbaycan mövqelərinə qarşı növbəti təcavüz aktı nəticəsində bölgədə yaranan son dərəcə gərgin vəziyyətlə bağlı Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqlarının rəhbərlərinə müvafiq təlimatlar verilib.

Azərbaycan Prezidentinin mövcud vəziyyətlə bağlı Azərbaycan xalqına etdiyi müraciətə, eləcə də dövlət rəhbəri tərəfindən Təhlükəsizlik Şurasının iclasında verilmiş təlimatlara istinadən diplomatik nümayəndəliklərimiz üzərlərinə düşən vəzifələrlə bağlı məlumatlandırılıb. Mövcud vəziyyətdə diplomatik nümayəndəliklərimizin xüsusi şəkildə fəaliyyətə keçdiyi vurğulanıb, eləcə də xarici ölkələrdə ermənilər tərəfindən təxribatların törədilməsi ehtimalının yüksək olması səbəbindən diplomatlarımızın, həmçinin bu ölkələrdəki həmyerlilərimizin son dərəcə ehtiyatlı davranması məsləhət görülüb.

Görüşdə, həmçinin diplomatik nümayəndəlik və konsulluqlarımıza yaranmış bu vəziyyətdə Azərbaycanla bağlı və bölgədəki vəziyyətə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün lazımi tədbirlərin görülməsi tapşırılıb.

27 Sentyabr 2020 21:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə