Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan əsgərinin qələbə bayrağını Şuşaya, Xankəndiyə sancmaqla tarixi ədaləti bərpa edəcəyinə Azərbaycan alimləri də ürəkdən əmindirlər

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin cəbhədəki vəziyyətlə bağlı bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: “Məlum olduğu kimi, sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələri təxribata əl ataraq cəbhəboyu ərazidə yerləşən Azərbaycan kəndlərini, həmçinin ordumuzun mövqelərini intensiv atəşə məruz qoyub. Dinc sakinlər və hərbi qulluqçular arasında itkilərə gətirib çıxaran bu təxribata cavab olaraq Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin əmrilə işğalçı Ermənistana qarşı bütün cəbhə boyu genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb. Qəhrəman Azərbaycan Ordusunun əzmi və şücaəti nəticəsində Füzuli rayonunun işğal altında olan 6, Cəbrayılın isə 1 kəndi erməni qəsbkarlarından təmizlənib. Həmçinin Müdafiə Nazirliyinin rəsmi məlumatına əsasən, ordumuz Ağdərə istiqamətində də əminliklə irəliləyərək, strateji əhəmiyyətə malik mövqeləri öz nəzarətinə götürüb. Döyüş əməliyyatlarının gedişində erməni ordusuna endirilən sarsıdıcı zərbələr nəticəsində, düşmən çox sayda canlı qüvvə və texnika itirərək geri çəkilmək məcburiyyətində qalıb. Təsadüfi deyil ki, Təhlükəsizlik Şurasının iclasında Prezident İlham Əliyev ordumuzun qazandığı uğurları haqlı olaraq ciddi hərbi qələbə kimi səciyyələndirərək, xalqımızı təbrik edib.

Bu parlaq qələbə heç şübhəsiz ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü qətiyyətli siyasətin və nail olduğu yüksək ordu quruculuğunun nəticəsidir. Dövlət başçısı bir daha sübut etdi ki, Azərbaycan Silahlı Qüvvələri həqiqətən də bölgənin ən qüdrətli ordusudur və hərbçilərimiz qısa zamanda ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə, işğalçılara tutarlı cavab verməyə qadirdirlər.

Ölkə başçısı İlham Əliyevi və xalqımızı əmin edirik ki, Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi hər zaman olduğu kimi bu həyəcanlı, məsuliyyətli və şərəfli anlarda da möhtərəm Prezidentimizin, dövlətimizin və ordumuzun apardığı haqlı mübarizəni ürəkdən dəstəkləyir və müdafiə edir. Erməni təxribatı nəticəsində dünyasını dəyişən vətəndaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik, ordumuzdan isə yeni zəfər müjdələri gözləyirik.

Cəbhədən gələn hər növbəti qələbə xəbəri bütün azərbaycanlılar kimi Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarında da böyük qürur hissi oyatmış, vətənpərvərlik duyğularını qüvvətləndirmişdir. Azərbaycan əsgərinin tezliklə qələbə bayrağını Şuşaya, Xankəndiyə sancmaqla tarixi ədaləti bərpa edəcəyinə hər bir Azərbaycan vətəndaşı kimi alimlərimiz də ürəkdən əmindirlər. İşğal altındakı torpaqlarımızın düşmən tapdağından azad ediləcəyi günü hamımız səbirsizliklə gözləyir, bu günün o qədər də uzaqda olmadığına bütün varlığımızla inanırıq.

27 Sentyabr 2020 20:16 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə