Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu gün Azərbaycan Ordusu ən müqəddəs vəzifəsini həyata keçirir, şanlı tarix yazır

Biz bu günü 30 ildir gözləyirdik. Aprel döyüşlərindən sonra xalqımızın ruh yüksəkliyi daha da artdı. Xalqımız, yetişən gənc nəslimiz sübut etdi ki, Azərbaycan heç vaxt Qarabağdan vaz keçməyəcək. Azərbaycanın yetişən gəncliyi də tariximizdən, keçmişimizdən vaz keçməyəcək. Azərbaycan Ordusu son sözünü deməli idi və hazırda öz sözünü deyir.

Bunu AZƏRTAC-a açıqlamasında “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin sədri, 2016-cı ilin aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova deyib.

S.Orucova bildirib ki, Azərbaycan Ordusu şəhidlərimizin qisasını almalı idi. Bu gün ordumuz düşməndən qisas alır. Hamımızın gözü cəbhədədir. Biz hamımız birik, Ali Baş Komandanın ətrafındayıq. Biz Ali Baş Komandanın əmrinə hər birimiz hazırıq. Bu gün biz illərdir gözləyirdik. Bizim təşkilatımız dörd ildir Zəfər adını daşıyır. Ancaq biz əsl zəfəri gözləyirik. Gözümüzün yaşı o zaman quruyacaq, şəhidlərimizin ruhu o zaman şad olacaq ki, biz zəfər qazanacağıq. Qulağımız səsdədir. Biz Ordumuzun arxasındayıq. Xalqımız bu amal uğrunda yumruq kimi birləşib. Bizim bir düşmənimiz var, o da işğalçı Ermənistandır.

“Ordumuz bu dəfə düşmənlə amansız mübarizə aparacaq, ona sarsıdıcı zərbə vuracaq. Biz torpaqlarımızın bir qarışını da güzəşt etməyəcəyik. Düşmən öz yerini bilməli, sərhədini tanımalı, Azərbaycan torpaqlarından birdəfəlik rədd olub getməlidir. İnşallah, zəfər bizə nəsib olacaq, hamılıqla şəhid övladlarının əlindən tutub Şuşaya, Xankəndinə ayaq basacağıq. Ancaq o zaman şəhidlərimizin ruhı şad olacaq. Ordumuz bu günü - şəhid komandirlərin, əsgərlərin qisasını alacağı anı çoxdan gözləyirdi. Bu gün Azərbaycan Ordusu ən müqəddəs vəzifəsini həyata keçirir, şanlı tarix yazır. Əminik ki, ordumuz elə bir tarix yazacaq ki, o, Azərbaycan xalqının taleyini həll edəcək. Azərbaycan xalqı, ordusu əzəli və əbədi torpaqlarımızı azad edəcək, ölkəmizin ərazi bütövlüyünü təmin edəcək, şəhidlərimizin qanını yerdə qoymayacaq, şəhidlərimizin ruhunu şad edəcək. Azərbaycan xalqı ordusuna güvənir, onun arxasındadır. Hamımız ordumuzla qürur duyuruq. İnanırıq ki, ordumuz tezliklə bizə qəti qələbə xəbərini verəcək”, - deyə İctimai Birliyin sədri qeyd edib.

27 Sentyabr 2020 20:01 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə