Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"

“Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır”. Prezident İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi fikirlər hər bir Azərbaycan vətəndaşında  sabaha böyük ümid, inam yaradıb.

İşğalçı Ermənistanın yenidən sərhədboyu ərazilərdə təxribatlar törətməsindən və genişmiqyaslı hücumundan sonra xalqa müraciət edən dövlətimizin başçısı düşmənlərimizin xəbis niyyətləri barədə ətraflı məlumat verdi.

Ermənistanın beynəlxalq hüquqa zidd əməllərindən, işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma siyasəti aparmasından söhbət açan ölkə başçısı yaxınlarda Livan ermənilərindən ibarət bir neçə ailənin  Dağlıq Qarabağa, o cümlədən Azərbaycanın qədim şəhəri olan Şuşaya yerləşdirildiyini də bildirdi. Bunun  hərbi cinayət olduğunu qeyd edən möhtərəm Prezidentimiz bu qanusuzluğun  Cenevrə Konvensiyasına tamamilə zidd olduğunu bildirdi.

Ölkə başçısı qəti movqeyini bir daha  ortya qoydu: “Bu cinayətə görə Ermənistan cavab verəcəkdir. Bu, bizə qarşı növbəti təxribatdır. İşğal edilmiş torpaqlarda məskunlaşma aparmaq cinayət hesab olunur və bu siyasət Ermənistan tərəfindən uzun illər ərzində aparılır. İş burasındadır ki, Ermənistanda mövcud olan ağır iqtisadi, siyasi və sosial vəziyyətə görə ölkə əhalisi azalır. Ermənistanda demoqrafik böhran yaşanır və onlarda insan resursları yoxdur ki, işğal edilmiş torpaqlarda öz adamlarını yerləşdirsinlər. Ona görə xaricdə yaşayan ermənilərə ümid edirlər. Hazırda bu siyasət davam etdirilir”.

Ermənistan başqa dövlətlərin torpaqları  hesabına öz ərazilərini genişləndirmək –işğal siyasətindən  əl çəkmir. Dövlətimizin başçısının dediyi kimi,  işğal etdikləri   Azərbaycan rayonlarının , kəndlərinin adlarını dəyişdirirlər. Azərbaycanlıların tarixi irsi silinir. Bizim tarixi abidələrimiz dağıdılır. Azərbaycan məscidləri dağıdılır, təhqir edilir.

Dünən yenidən ağıt artilleriyadan sərhədboyu ərazilərimizi atəşə tutan düşmən  artıq layiqli cavabını alır. Bundan əvvəlkilərdən ciddi nəticə çıxarmayan işğalçı Ermənistan bu dəfə canını qurtara bilməyəcək. İşğalçıya layiq olduğu yer göstəriləcək. Bunu 25 ildən artıqdır ki, təcavüzkar Ermənistana havadarlıq edən riyakar beynəlxalq  təşkilatlar da görəcək.

Dövlətimizin başçısının da qeyd etdiyi kimi, Azərbaycan heç bir təxribata əl atmayıb. Azərbaycan, sadəcə olaraq, öz maraqlarını müdafiə edir, öz mövqeyini dəstəkləyir və öz siyasətini alnıaçıq aparır: “Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bu, həqiqətdir. Ermənistanın baş naziri deyəndə “Qarabağ Ermənistandır”, bu, yalandır. Mən deyəndə ki, “Qarabağ Azərbaycandır”, bu, həqiqətdir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma, dədə-baba torpağımızdır”.

Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

27 Sentyabr 2020 16:43 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə