Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əli Hüseynli: Xalq–dövlət birliyi, xalqımızın ordumuza dəstəyi sarsılmazdır

"Bildiyimiz kimi, bu gün səhər saatlarından işğalçı Ermənistan ordusu cəbhə bölgəsində növbəti genişmiqyaslı təxribatlar törədib. Ermənistan tərəfi məhz mülki əhalini hədəf alan, onların həlak olması və yaralanması ilə nəticələnən hücumlara başladı. Silahlar Qüvvələrin komandalığının göstərişi ilə Azərbaycan Ordusu bütün cəbhə boyu əks hücum əməliyyatlarına başlayıb və düşmənə sarsıdıcı zərbələr endirilir".

Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli bildirib ki, son dövrlər Ermənistan tərəfi sistemli şəkildə təxribatları davam etdirirdi. Bu təxribatları iki hissəyə bölmək olar: hərbi və siyasi təxribatlar: "Hərbi təxribatların son mərhələsi iyul ayında Tovuzda başlandı. Daha sonra avqustda erməni diversiya qrupunun hazırladığı təxribat planlarının qarşısı alındı. Son günlərdə isə könüllülərin hərbi təlimə cəlb olunması Ermənistanın növbəti təxribatı idi. Buna paralel olaraq, Ermənistan tərəfindən siyasi təxribatlar da həyata keçirilirdi. Belə ki, qədim Azərbaycan şəhəri – Şuşada qondarma separatçı rejimin başçısının andiçmə mərasiminin keçirilməsi və qondarma rejimin "parlamentinin" Şuşaya köçürülməsi, bu dövrdə, həmçinin Livandan erməni əsilli ailələrin Azərbaycanın işğal altında olan ərazilərinə köçürülməsi kimi məsələlər Ermənistanın təxribatçı hərəkətlərinin və işğalçı siyasətinin növbəti təzahürü oldu. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev bir neçə gün əvvəl keçirilən BMT-nin sessiyasında Ermənistanın bu təxribatlarını bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Eyni zamanda, cənab Prezident Ermənistanın məqsədinin yeni təxribatlar törətmək və işğal siyasətini genişləndirmək olması ilə bağlı beynəlxalq ictimaiyyəti xəbərdar etdi".

Əli Hüseynli bildirib ki, bu gün səhər isə biz bütün bu analizlərin və proqnozların doğru olduğunun bir daha şahidi olduq. Belə şəraitdə cəmiyyətimizin və xalqımızın qarşısında duran əsas vəzifə cənab Prezidentin, Ali Baş Komandanın ətrafında sıx birləşməkdir: "Xalq–dövlət birliyi, xalqımızın ordumuza dəstəyi sarsılmazdır. İndiki yaranmış şəraitdə cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq, hər kəs bu müharibəyə, bu mübarizəyə hazır olmalıdır. Hamı əmin olmalıdır ki, bu, Azərbaycanın haqq işidir, beynəlxalq hüquq bizim tərəfimizdədir və döyüşdə də zəfər bizimdir!".

27 Sentyabr 2020 13:46 -

Köhnə versiyamızdan xəbərləri izlə