Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanın növbəti hərbi təxribatı Misir mətbuatında da yer alıb

Misirin “Rayetmısr” və “Egyptnewsonline” informasiya portalları Ermənistanın növbəti hərbi təxribatı barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bəyanatını yayıb.

AZƏRTAC xəbər verir ki, Misir ictimaiyyətinin diqqətinə Azərbaycan Müdafiə Nazirliyinin məlumatı çatdırılıb. Qeyd olunub ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çiraqlı və Orta Qaravənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx şəkildə yaşayan mülki insanları və obyektləri atəşə tutması qəsdən və hədəflənmiş şəkildə həyata keçirilib. Mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar barədə məlumatlar var. Çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib.

Bəyanatda bildirilib ki, Ermənistanın yaşayış məntəqələrini, mülki əhalini qəsdən hədəfə alması beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının kobud surətdə pozulmasıdır. Mülki insanların hədəfə alınması Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığına daxil edilmiş taktikadır və onun ən bariz nümunəsi 1992-ci ilin fevral ayında törədilmiş Xocalı soyqırımıdır.

Digər ərəb ölkələrində də izlənilən portallarda qeyd edilib ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirlərini həyata keçirir.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

27 Sentyabr 2020 13:43 -

Köhnə versiyamızdan xəbərləri izlə