Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Pandemiyadan sonrakı dövrdə beynəlxalq təşkilatlar çərçivəsində islahatların aparılması zamanın tələbidir”

Ermənistanın işğalının səbəb olduğu çətinliklərə baxmayaraq, Azərbaycan sabit, müasir, demokratik və multikultural dövlət yaratmağa müvəffəq olmuşdur. Demokra­tiyanın inkişafı və insan hüquqlarının qorunması hökumətimizin başlıca prioritetləri sırasındadır. Bütün fundamental hüquqlar, o cümlədən ifadə azadlığı, media azadlığı, toplaşma azadlığı, dini etiqad azadlığı və vətəndaş cəmiyyətinin inkişafı tam şəkildə təmin edilir. Bir neçə ay əvvəl biz geniş siyasi dialoq təşəbbüsünü başlatmışıq. Bütün əsas siyasi partiyalar həmin təşəbbüsü dəstəkləyib. Uğurla başlayan bu siyasi dialoq bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafına xidmət edəcək.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Ermənistan 30 ildən artıqdır ki, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğalda saxlayır. Hazırda bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. İşğalçı ölkə, eyni zamanda, BMT Nizamnaməsini kobud şəkildə pozaraq daim Azərbaycana qarşı hərbi güc tətbiq edir, beynəlxalq hüquq normalarına zidd olaraq, işğal altindakı ərazilərdə qanun­suz məskunlaşdırma siyasəti aparır. Azərbaycan da daxil olmaqla, beynəlxalq ictimaiyyətin diqqətinin Beyrutdakı partlayışın fəsadlarının aradan qaldırılmasına yönəldiyi bir vaxtda, Ermənistan vəziyyətdən sui-istifadə edərək respublikamızın işğal olunan ərazilərinə erməni əsilli livanlıları yerləşdirir.

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 24-də videoformatda keçirilən BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatların­da çıxışında bu barədə ətraflı bəhs edib. Dövlətimizin başçısı Ermənistanın işğalından irəli gələn çətinliklərə baxmayaraq, Azərbaycanın sabit, müasir, de­mokratik və multikultural dövlət yaratmağa müvəffəq olduğu­nu bildirib. Demokratiyanın inkişafı və insan hüquqlarının qorunmasının hökumətimizin başlıca prioritetləri sırasında qərarlaşdığını diqqətə çatdıran ölkə rəhbəri bütün fundamental hüquqların, o cümlədən ifadə, media, toplaşma, habelə dini etiqad azadlıqlarının, həmçinin vətəndaş cəmiyyətinin inkişafı­nın tam şəkildə təmin edildiyini də vurğulayıb: “ Bir neçə ay əvvəl biz geniş siyasi dialoq təşəbbüsünü başlatmışıq. Bütün əsas siyasi partiyalar həmin təşəbbüsü dəstəkləyib. Uğurla başlayan bu siyasi dialoq bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inki­şafına xidmət edəcək”.

Dövlətimizin başçı­sı İlham Əliyev BMT Baş Assambleyasının sessiyasın­dakı çıxışında ölkədə cərəyan edən siyasi sabitlik, möhkəm xalq-iqtidar birliyi fonunda sosial-iqtisadi layihələrin uğurla gerçəkləşdiyini də diqqətə çatdırıb. Bununla əlaqədar bəzi faktları xatırlatmaqla deyə bilərik ki, son 17 ildə Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edib, ümumi daxili məhsul 3 dəfə artıb. Bu dövr ərzində respublikada yox­sulluq 49 faizdən 5 faizə enib. Ölkədə 3700-dən artıq məktəb yenidən tikilib və ya əsaslı təmir olunub. Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxınlaşıb. Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında böyük tərəqqi qeydə alınıb. Məhz bunun nəticəsidir ki, Azərbaycan qısa vaxt ərzində BMT-yə iki dəfə könüllü milli hesabat təqdim edən azsaylı ölkələrdən biri olub. “2020-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatı”nda yer alan “Dayanıqlı İnkişaf Hədəfləri İndeksi”nə görə, Azərbaycan 166 ölkə arasında 54-cü yeri tutub.

Hazırda respublikamızda postpandemiya dövründə milli iqtisadiyyatı müasir çağırışlara uyğun inkişaf etdirmək priori­tet vəzifələrdən biridir. Dövlət başçısının “Azərbaycan Res­publikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradıl­ması və “Azərbaycan Respub­likasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqın­da” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli fərmanının ləğv edilməsi barədə” 9 sentyabr 2020-ci il tarixli fərmanı ilə İqtisadi Şuranın yaradılmasında da əsas məqsəd həmin vəzifənin həyata keçirilməsidir.

Xatırladaq ki, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə atılan bu mü­hüm addım– İqtisadi Şuranın fəaliyyətə başlaması yeni bir platforma olaraq dünya və milli iqtisadiyyat üçün mürəkkəb bir dövrdə ən çətin tapşırıqları kol­legial şəkildə müzakirə etmək, ortaq məxrəcə gəlmək üçün əlverişli institutdur. Şuranın Prezidentin müvafiq fərmanı ilə qarşıya qoyulan tapşırıqları yerinə yetirmək üçün bütün təşkilati, iqtisadi və maliyyə imkanları var.

Ümumiyyətlə, milli iqtisadi inkişaf qarşısında duran strateji çağırışlara adekvat cavabın verilməsini gerçəkləşdirmək məqsədilə cənab Prezident qarşı­ya yeni vəzifələr qoyub. Həmin vəzifələr əsasən makroiqtisadi və maliyyə sabitliyinin qorun­ması, iqtisadiyyatın illik artım tempinin yüksəldilməsi üçün yeni mexanizmlərinin formalaş­dırılması, daha dayanıqlı və ink­lüziv iqtisadi artım mənbələrinin yaradılması, xüsusilə özəl inves­tisiyaların, o cümlədən birbaşa xarici investisiyaların cəlb olun­masıdır. Bu sıralamada, şübhəsiz ki, investisiya mühitinin radikal yaxşılaşdırılması, ölkə iqtisa­diyyatının beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsi, sosial-iqtisadi rifah səviyyəsinin yüksəldilməsi və digər strateji məsələlər prioritet xarakter daşıyır.

Prezident İlham Əliyev BMT Baş Assambleyası­nın sessiyasındakı çıxışında vurğuladığı kimi, bu gün Azərbaycan Şərq-Qərb, Şimal- Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri regional bağlantı layihələrinə fəal qoşulması nəticəsində Avrasiyanın mühüm və etibarlı nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. Bu məsələdə Bakı-Tbilisi-Qars dəmir yolunun və 25 milyon ton yükaşırma qabiliyyətinə malik Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi mühüm rol oynayıb. Bu önəmli layihələrin yüksək iqtisadi göstəriciləri beynəlxalq qurumların hesabatlarında da öz ifadəsini tapıb. Məsələn, Davos İqtisadi Forumunun 2019-cu il üzrə “Qlobal Rəqabətlilik İndeksi”nə görə, Azərbaycan dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 141 ölkə arasında 11-ci, bu sahədə hava nəqliyyatı 12-ci, dəniz limanı 25-ci və yol infrastrukturunun keyfiyyətinə görə 27-ci yerdə qərarlaşıb.

Hazırda dünyanın bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində fərqli mədəniyyətlərin toqquşması­nın nəticəsində xoşagəlməz tendensiyalar meydana çıxır. İslamofobiya, irqçilik, ksenofo­biya kimi təhlükəli meyillərin bəzən süni şəkildə alovlandırıl­ması bu cür toqquşmaları daha da dərinləşdirir, nəticədə insan haqlarının pozulması halları artır, sosial sabitlik pozulur. Azərbaycanda isə əsrlərdən gələn multikulturalizm, dö­zümlülük və qarşılıqlı hörmət mühitində sabitlik, təhlükəsizlik, insan haqlarının müdafiəsi təmin edilir.

Bu gün respublikamız özü­nün uzun əsrlərin süzgəcindən süzülüb gələn zəngin multikultu­ralizm modelini dünyaya təqdim etməkdədir. Azərbaycanın bu sahədəki təcrübəsi qədim tarixə malikdir. Ölkəmizdə kilsə, sina­qoq və məscidlər azad, sərbəst, təhlükəsiz, qarşılıqlı hörmət əsasında, tolerantlıq şəraitində fəaliyyət göstərir. Təbii ki, belə bir mühit dövlətin apardığı siyasət və xalqın unikal daxili birgəyaşayış mədəniyyətini həyat tərzinə çevirməsi nəticəsində formalaşıb.

Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş As­sambleyasının 75-ci sessiyasının ümumi debatlarındakı çıxışında bu barədə deyib: “Multikul­turalizm Azərbaycan xalqının həyat tərzidir. Biz dünyaya dözümlülük və birgəyaşayış nümunəsini təqdim edirik. 2008- ci ildə Azərbaycan tərəfindən başladılmış “Bakı Prosesi” müsəlman dünyası və Avropa arasında dialoq və əməkdaşlığın möhkəmləndirilməsi məqsədini daşıyır, həmçinin BMT tərəfindən dəstəklənir. İki ildən bir Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT Baş Assambleyasının qətnamələri ilə “mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platfor­ma” kimi tanınmışdır”.

Koronavirus kimi dəhşətli bir bəla özünü büruzə verdi­yi ilk günlərdən Azərbaycan dövləti infeksiya ilə mübarizədə bütün zəruri tədbirləri həyata keçirib, pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlayıb, müvafiq strukturları COVİD-19-un geniş yayılması­nın qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq kimi vəzifələrə ciddi şəkildə yanaşmağa səsləyib. Etiraf edək ki, bunun müsbət nəticəsi olub. Başqa sözlə, xüsusi karantin rejimi dövründə, sərt qadağalar şəraitində yolux­ma hallarının sayı minimuma endirilib, ölkəmizdə ölüm halları çox aşağı səviyyədə olub, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını kəskin üstələyib.

Prezident İlham Əliyev BMT Baş Assambleyasının sessiyasında bu məsələyə də toxunub. Koronavirus pande­miyasının dünyadakı vəziyyəti kökündən dəyişdiyini, nəticədə yeni reallıqların meydana gəldiyini bildirib: “İlkin olaraq virusun inkişafda olan ölkələrə təsir edəcəyi gözlənilirdi. Lakin pandemiya inkişaf etmiş ölkələrə də ciddi təsir etmişdir. Bu, virusun sərhəd tanımadığını bir daha sübut edir. Biz pande­miyanın öhdəsindən yalnız qar­şılıqlı dəstək və birgə səylərlə gələ bilərik”.

Dövlətimizin başçısı çıxışında Azərbaycanın virusun yayılmasının qarşısını almaq üçün zamanında zəruri addımlar atdığını, iqtisadi potensialın pan­demiya ilə səmərəli mübarizə aparmağa imkan verdiyini bildirib. Eyni zamanda, respub­likada səhiyyə infrastrukturunun əhəmiyyətli dərəcədə inkişaf etdiyini və yenidən quruldu­ğunu, son 17 ildə isə 700-ə yaxın xəstəxananın tikildiyini və ya əsaslı təmir olunduğunu xatırladıb.

Ölkə rəhbəri daha sonra beynəlxalq sülh və təhlükəsizliyin, habelə pande­miyanın dünya dövlətlərinə təsirinin ölkələr arasında həmrəylik tələb etməsi zəruriliyini nəzərə alaraq, bir neçə təklif irəli sürüb:

– Pandemiyadan sonrakı dövrdə beynəlxalq təşkilatlar çərçivəsində islahatların apa­rılması vacibdir və bu, zamanın tələbədir. Bu baxımdan BMT-nin qlobal səviyyədə rolunun və nü­fuzunun artırılmasına, onun mü­asir dövrün çağırışlarına daha adekvat cavab vermək imkanına xüsusi diqqət yetirilməlidir;

– Təhlükəsizlik Şura­sının qətnamələrinin icra olunmaması BMT-nin nüfu­zunu sarsıdır. Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizmləri yaradılmalıdır;

– Pandemiya dövründə qaçqın və məcburi köçkünlər ən həssas qrupa çevrilmişlər. Həmin həssas qrupa daxil olanların təhlükəsiz qaydada və ləyaqətli şəkildə doğma torpaq­larına qaytarılması məsələsinin aktuallığı artır.

–Vaksinin əlçatanlığı və ədalətli paylanılmasının təmin edilməsi əhəmiyyətli məsələdir və ən az inkişaf etmiş ölkələr onu pulsuz əldə etməlidirlər. Bu baxımdan burada əlavə nəzarət mexanizmləri yaradılmalıdır.

– Müxtəlif ölkələr tərəfindən Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına pandemiyanın mənfi təsirinin əhatə dairəsi diqqətlə təhlil edilməli və həll yolları müəyyən olunmalıdır.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

27 Sentyabr 2020 14:00 - CƏMİYYƏT
CƏMİYYƏT
20 Oktyabr 2020 | 15:55
Qisas qiyamətə qalmaz

Köhnə versiyamızdan xəbərləri izlə