Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan işğalçılıq siyasətinin acısını yaşamalıdır

Milli Məclisin keçmiş deputatı, mərhum Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı, Xankəndidən məcburi köçkün Flora Qasımova KİV-ə açıqlamasında işğalçı Ermənistanın son vaxtlar əsassız iddialarla və hərbi təxribatlarla sülh danışıqlarını dalana sürükləməsinə münasibətini belə ifadə edib:

– Son vaxtlar təmas xəttində yaranmış mürəkkəb və gərgin vəziyyətin təqsirkarı Ermənistandır. Ermənilər Qarabağ və ətraf rayon­ların işğalından neçə illər sonra bu yay ölkəmizlə sərhəddə də təxribata cəhd etdilər və dünya da gördü ki, onlar işğalçılığı yeni təcavüzkarlıqla davam etdirmək yolundadırlar.

Biz gərək sülh danışıqlarını ermənilər Dağlıq Qarabağ ətrafındakı rayonların, kəndlərin, çay­ların adını dəyişəndə, xaricdən erməniləri gətirib işğal olunmuş ərazilərdə məskunlaşdıranda, tikinti, təsərrüfat işləri aparanda dayandıraydıq. Azərbaycanın buvaxtadək bütün bunlara dözməsi Ermənistana ən böyük güzəşt olub. Daha bəsdir, onlarla danışıq aparmağın heç bir mənası qalma­yıb.

Dağlıq Qarabağdan seçilmiş deputat kimi ötən illərdə Minsk qrupunun həmsədrləri ilə mən də bir neçə dəfə görüşmüşəm. Axırıncı dəfə onlar dedilər ki, azərbaycanlı və erməni icmala­rının görüşünə sadə ermənilər razıdırlar, amma qondarma Dağlıq Qarabağ rəhbərliyi deyir ki, qeyri-hökumət təşkilatı ilə biz niyə görüşməliyik? Mən də dedim ki, 30 ildən çoxdur ki, 1 milyon­qaçqın- köçkün evlərinə qayıda bilmir, onların haqqı tapdanıb. 26 ildir ki, sülh danışıqları aparı­lır və bunun da nəticəsi yoxdur. Hər dəfə onlarla görüşəndə deyirdim ki, siz neçənci həmsədrsiniz, neçə ildir bu sülh danışıqları gedir? İnsanların artıq səbri tükənib, xalq bizdən torpaq istəyir.

Bu gün Azərbaycanda o şəhər-kənd yox­dur ki, şəhid verməsin. Hər dəfə həmsədrlər yalan vədləri, ermənilər əsassız tələbləri ilə başımızı qatırlar. Əgər bu həmsədrlər sülh istəyirlərsə, bunun mərhələli həllinə razıdılarsa, onda ermənilərin Dağlıq Qarabağ ətrafındakı rayonlarda nə işləri var idi? O rayonlarda niyə bizim izimizi itirirlər, hər şeyi erməniləşdirirlər, özlərinə kilsə tikirlər. Niyə həmsədrlər bunu dayandıra bilmirlər? Beynəlxalq təşkilatların işğalçı Ermənistana heç bir təzyiqi yoxdur. Ermənilər beynəlxalq hüququn tələblərini, BMT-nin qərarlarını veclərinə almırlar. Bu beynəlxalq hüquq ancaq əzilmiş xalqlar üçündür?

Xalqın səbri çoxdan tükənib. İndiyədək nə qədər qaçqın şəhərciyi tikilib, köçkünlərin çoxu hələ də evsizdir, yenə də tikilməlidir. Axı bu insanların gözü yoldadır, fikri öz el-obasındadır. Allah xalqımızı qorusun. Prezident arxayın olsun ki, bu xalq həmişə onun arxasında duracaq. Şirin Mirzəyev deyirdi ki, “qələbə qurban tələb edir”, torpaqlarımızı işğaldan azad etmək üçün bizim şəhidlərimiz də olacaq. Biz sülh danışıqları oyun­cağa çevirmiş Ermənistanın məsuliyyətsizliyinin acısını ona yaşatmalıyıq. Bundan yaxşı fürsət yoxdur. Nəyin bahasına olur-olsun, Qarabağ itkisi ləkəsini üstümüzdən götürməliyik.

Hazırladı:T. AYDINOĞLU, “Xalq qəzeti”

27 Sentyabr 2020 13:40 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə