Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məhsul yığımı uğurla davam edir

Pambıq-2020

Azərbaycanın pambıqçılıq rayonlarında bu il tarlalarda bol məhsul yetişdirilib. Bir çox rayonlarda pambıqyığan ma­şınlar artıq sahələrə çıxarılıb, bu da yığımın sürətini xeyli artırıb. Hazırda məhsul yığımı uğurla davam edir.

Son illər ölkəmizdə pambıqçılığın inkişafına diqqət və qayğı çox artıb. 2019-cu il dekabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı keçirilən müşavirədə qeyd olunmuşdur ki, ötən il ölkədə rekord həddə – 294 min ton pambıq yığılıb, məhsuldarlıq orta hesabla hər hek­tardan 29,4 sentner təşkil edib. Son 3 ildə 15 min 700 texnika alınıb, bu isə pambığın 87 faizinin texnika ilə yığıl­masına imkan verib, fermerlərə güzəştli kreditlər, istehsalçılara subsidiyalar verilib, pambığın satınalma qiymətləri artırılıb.

Pambıqçılıq sahəsində çalışan fermer və pay torpaq mülkiyyətçiləri dövlət tərəfindən göstərilən diqqət və qayğıdan çox razıdırlar. Onlar bu il pambıq tarlalarında böyük həvəslə çalı­şıblar. Mütəxəssislər ölkə üzrə pambıq məhsulu istehsalının xeyli artacağının proqnozlaşdırırlar.

Bu il Salyan rayonunda da bol məhsul yetişdirilib. Bir neçə gündür ki, Salyanda pambıq yığımına baş­lanılıb. Qısa müddətdə sahələrdən 300 ton məhsul toplanaraq tədarük məntəqələrinə göndərilib. Gün ərzində sahələrdən 30-35 ton “ağ qızıl” yığılır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, cari təsərrüfat ilində rayonda 5 min 10 hektar sahədə pambıq əkilib. Bunun da 775 hektarı Şorsulu kənd ərazi vahi­dinin payına düşür. Kənddə fəaliyyət göstərən fermer Elşən Zülfüqarov uzun illərdir ki, təsərrüfatın bu sahəsi ilə məşğul olur. Fermer ötən il 20 hektar pambıq sahəsinin hər hektarından 35 sentnerdən çox məhsul götürüb. Yaxşı qazanc əldə edən torpaq sahibi bu il əkin sahəsini genişləndirib. Bu il fermer təsərrüfatının üzvləri sahələrdən daha çox məhsul toplamağa çalışırlar.

Yeri gəlmişkən, bu il rayonda pambığın yarıdan çoxunun maşınlar­la yığılması nəzərdə tutulub. Bunun üçün sahələrə 24 ən müasir pambıq yığan kombayn çıxarılacaq. Pambıq kollarının yarpaqlarının tökülməsi üçün indiyə kimi 1770 hektar sahədə dərmanlama işi aparılıb. Bu proses bu gün də sürətlə davam etdirilir.

Hazırda Zərdab rayonunda da pam­bıq yığımı davam edir və artıq bir neçə gündür ki, pambıqyığan kombaynlar da sahələrə daxil olacaq. Rayonda cari mövsümdə 2520 hektarda pambıq yetişdirilib. Tarlaların 1800 hektarı­nın məhsulu texnikanın qüvvəsi ilə yığılacaq. Hazırda məhsul yığımına 8 pambıqyığan kombayn, 11 traktor və 22 qoşqu cəlb olunub. Az vaxtda maşınlarla 77 ton pambıq yığılıb.

Qeyd edək ki, rayonda strateji məhsul olan pambığın vaxtında və itkisiz yığılması üçün bütün qüvvələr səfərbər edilib. Əl ilə yığım üçün hər gün 1300 nəfərdən çox işçi sahəyə çıxır. Bugünədək rayon üzrə, ümumilikdə, 272,3 ton “ağ qızıl” toplanıb ki, bunun 226,9 tonu “MKT-İK” MMC, 45,4 tonu “P-Aqro” MMC tərəfindən tədarük olunub.

Qeyd edək ki, Cəlilabadda ənənəvi təsərrüfat sahələrindən olan pambıqçı­lıq 2016-cı ildə yenidən bərpa olunub. İlkin mərhələdə rayonda 500 hektarda pambıq əkilmişdi. Ötən il rayonda pambıq əkini sahəsi genişləndirilərək 1507 hektara çatdırılıb. Pambıq tarla­larından 1259 ton məhsul yığılıb, hər hektardan götürülən məhsuldarlıq 24,8 sentner təşkil edib.

Azərbaycanın ən böyük pambıq­çılıq rayonlarından biri olan Sabira­badda da kütləvi pambıq yığımına başlanılıb. Torpaq mülkiyyətçiləri hər gün sahələrdən 350-355 ton məhsul toplayaraq qəbul məntəqələrinə göndərirlər.

Yığım başlayandan bu günə kimi plantasiyalardan 1977 ton “ağ qızıl” yığılıb. Tədarük olunan məhsulun hamısı əl ilə toplanılıb. Yaxın günlərdə sahələrə pambıqyığan kombaynlar da çıxarılacaq. Rayon Dövlət Aqrar İnki­şaf Mərkəzindən bildiriblər ki, ötən il 8 min 360 hektar pambıq sahəsindən 25 min 212 tondan çox məhsul istehsal edən torpaq mülkiyyətçiləri bu il də bol məhsul yetişdiriblər.

Dövlətin aqrar sektorun, xüsusilə pambıqçılığın inkişafına göstərdiyi dəstək sahibkarların bu ənənəvi və əməktutumlu sahəyə marağını daha da artırıb. İndi rayonda yüzlərlə fermer pambıq əkini ilə məşğul olur və isteh­sal etdiyi məhsulun satışından yaxşı qazanc götürür. Bu mövsüm rayon üzrə 26 min tondan çox pambıq istehsalı gözlənilir.

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

27 Sentyabr 2020 11:20 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə