Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

27 sentyabr Ümumdünya Turizm Günüdür

27 sentyabr Ümumdünya Turizm Günüdür. Bu tarix ökəmizdə 2001-ci ildən etibarən geniş şəkildə qeyd olunmağa başlayıb. Məhz həmin il Azərbaycan BMT-nin Ümumdünya Turizm Təşkilatının Seulda keçirilən 14-cü Baş Assambleyasında təşkilata üzvlüyə qəbul olunub.

27 sentyabr tarixi ölkəmizdə həm də turizm işçilərinin peşə bayramıdır. Prezident İlham Əliyevin 2016-cı il sent­yabrın 1-də imzaladığı sərəncama əsasən “Dünya Turizm Günü” ölkəmizdə “Tu­rizm işçiləri günü” kimi də qeyd olunur.

Son illər dövlət səviyyəsində turizmin iqtisadiyyatın aparıcı sahəsinə çevrilməsi istiqamətində görülən ardıcıl və məqsədyönlü tədbirlər turizmin inkişafın­da öz müsbət təsirlərini göstərir.

2015-ci ildə turizm sektorunda sahibkarlıq fəaliyyəti üçün lisenziya tələbinin ləğv edilməsini, 2016-cı ildə “Azərbaycan Respublikasında ixtisaslaş­mış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin qəbul edilməsini, elektron vizaların verilməsi proseduru­nun sadələşdirilməsini və “ASAN Viza” sisteminin yaradılmasını turizm sahəsinin inkişafı üçün görülən çoxşaxəli işlər sırasına aid etmək olar.

Cənab Prezident İlham Əliyevin 20 aprel 2018-ci il tarixli “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamına əsasən Azərbaycan Dövlət Turizm Agentliyinin yaradılması isə bu proseslərə kompleks yanaşmanın məntiqi nəticəsi kimi özünü göstərir.

Yarandığı ilk gündən Dövlət Turizm Agentliyi tərəfindən turizm sənayesinin formalaşdırılması, turizm siyasətinin həyata keçirilməsi və sənayenin üzvlərinin bu prosesə cəlb olunması, ölkənin turizm potensialının xarici bazarlarda tanıdılması, tabeliyindəki qoruqlarda tarix, mədəniyyət və təbiət abidələrinin, maddi-mədəni irsin qo­runması ilə yanaşı, turistlər üçün daha maraqlı məkana çevrilməsi üçün geniş­miqyaslı işlər görülməyə başlanıldı.

Bunun nəticəsində 2018-ci ildə ümumilikdə Azərbaycanı ziyarət etmiş xarici vətəndaşların sayı 2017-ci illə müqayisədə 6 faiz artaraq 2,8 milyon nəfərə çatdı. 2019-cu ildə isə 11,3 faiz ar­tım nəticəsində ölkəmizə ilk dəfə olaraq 3 milyondan çox əcnəbi vətəndaş səfər etdi. 2020-ci il üçün də 10 faiz artımın olması proqnozlaşdırılırdı. İlin ilk 2 ayı ərzində ötən illə müqayisədə 17 faiz artımın ol­ması bu proqnozun özünü doğruldacağına əsaslar verirdi.

Ancaq təəssüf ki, mart ayın­dan etibarən pandemiya səbəbindən beynəlxalq sərhədlərin bağlanması bütün dünyada olduğu kimi, ölkəmizdə də tu­rizm sahəsinə zərbə vurdu. Heç şübhəsiz, pandemiyadan ən çox zərər çəkən sahə turizm oldu.

Dövlətimiz bu məsələyə ən qısa müddətdə lazımi reaksiyanı verərək, pandemiyanın təsirlərinin minimuma endirilməsi və sənayeyə dəstək verilməsi üçün tədbirlər paketini təqdim etdi.

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən də turizm sənayesinin dəstəklənməsi üçün bir sıra tədbirlər görüldü. Bu tədbirlər sırasında ölkənin turizm sənayesində sanitariya və gigiyena qaydalarına əməl olunmasının effektivliyini təmin edərək bizneslərin rəqabətqabiliyyətinin artırıl­ması məqsədilə hazırlanmış xüsusi proq­ram – Sanitariya və Gigiyena Metodları və Normaları Proqramı “SAHMAN”ın təqdimatını qeyd etmək olar.

COVID-19 pandemiyasının dünya üzrə ən çox mənfi təsir etdiyi sahə olaraq turizm yeni formalaşma dövrünə daxil oldu ki, bu da yaranan hazırkı vəziyyətdə dünya turizmindəki yeni çağırışları, gigiyena və sanitariya qaydalarına xüsusi diqqət verilməsini və yeni standartların tətbiq olunmasını zəruri etdi.

“SAHMAN” proqramının əsas məqsədi ölkə daxilində və beynəlxalq aləmdə Azərbaycanı təhlükəsiz turizm məkanı kimi tanıtmaq və rəqabətliliyini artırmaqdır.

Bundan əlavə, Dövlət Turizm Agent­liyi və Azərbaycan Turizm Bürosunun birgə təşəbbüsü və təşkilatçılığı ilə regionların turizm potensialını tanıtmaq, dövlət səviyyəsində daxili turizmi təbliğ etmək, inkişafını və fəallaşmasını təmin etməklə, eləcə də yerli əhalini ölkənin turizm imkanlarından yararlanmağa təşviq etməklə turizm sənayesinə dəstək vermək məqsədilə “Macəra yaxındadır” adlı təbliğat kampaniyası başladılıb.

Kampaniya çərçivəsində turizm şirkətlərinin və hotellərin irəli sürdüyü xüsusi endirimli turizm xidmətləri və ya turizm paketlərindən ibarət təkliflər vahid platformada - www.macerayaxindadir.az saytında yerləşdirilir.

“Macəra yaxındadır” kampaniyası çərçivəsində regionların turizm potensi­alının tanıdılmasında qoruqlar və onların ərazisindəki tarix, mədəniyyət və təbiət abidələri xüsusi rola malikdir.

Dövlət Turizm Agentliyinin tabeliyində olan 8 qoruq – “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu , “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq, “Basqal” Dövlət Tarix-Mədəniyyət, “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya, “Lahıc” Dövlət Tarix-Mədəniyyət, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq və “Kiş” Dövlət Tarix-Memarlıq qoruqları və bu ilin iyununda cənab Prezidentin sərəncamı ilə yaradılan “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ərazisindəki maddi-mədəni irsin qorun­ması əsas məqsədlər sırasındadır.

Bu qoruqlardakı tarixi-mədəni irsin effektiv idarəolunmasını təmin etmək, onların rekonstruksiyası, beynəlxalq stan­dartlara uyğunlaşdırılması və ərazisində müasir turizm infrastrukturunun yaradıl­ması istiqamətində mühüm işlər görülür.

Hər il olduğu kimi, bu il də “Dünya Turizm Günü” özünəməxsus şüarı ilə seçilir. Bu ilki turizm günü “Turizm və kənd yerlərinin inkişafı” şüarı altında keçirilir.

Azərbaycanda aqroturizmin inkişafı üçün çoxşaxəli imkanlar mövcuddur. Bu sahənin inkişafı üçün ölkəmiz unikal və geniş potensiala malikdir. Son illərdə qlo­bal turizmdə aqroturizm və ekoturizmin əhəmiyyətinin artması postpandemiya dövründə aqroturizm kimi yeni turizm növlərinə daha çox ehtiyac yaranacağını deməyə əsas verir.

“Azərbaycan Respublikasında ixti­saslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də kənd turizminin inkişafının prioritetlərdən biri olduğu vurğulanır.

Dövlət Turizm Agentliyi tərəfindən regionların turizm potensialının inkişafı və təbliğatı üçün daimi olaraq tədbirlər görülür, aqroturizm imkanlarının genişləndirilməsi istiqamətində işlər icra edilir.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

27 Sentyabr 2020 10:40 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə