Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Poliklinikalar standart qrafik üzrə fəaliyyət göstərir

Pandemiya başlanandan ölkənin bütün səhiyyə müəssisələri virusa qarşı mübarizə tədbirlərinə qoşuldu. Paytaxtda özündə COVID-19 xəstəliyinin əlamətlərini hiss edən insanların poliklinikaya gəlməsinə ehtiyacı aradan qaldırmaq üçün və bu zaman onların digər şəxsləri də yoluxdura biləcəyi ehtimalını nəzərə alaraq poliklinika ilə əlaqə saxlamaları tövsiyə edildi.

Bakıda və ətraf ərazilərdəki po­liklinikaların əsasında 39 COVID məntəqəsi yaradıldı. Özündə koronavirus əlamətlərini hiss edən şəxslər barədə məlumatlar bu məntəqələrə çatdırıldı. COVID məntəqəsinin əsas binadan bir qədər kənarda təşkil edilməsinin əsas səbəbi viruslu xəstələrin digər insanlarla təmasına imkan verməmək idi.

Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən COVID-19 virusu ilə mübarizə məqsədilə yaradılmış sahə məntəqələrində iki dəfə monitorinq həyata keçirilib. Qeyd etmək lazımdır ki, bu prosesin ilkin mərhələsi iyun ayı­nın sonunda işçi qrupunun yaradılması ilə bərabər həyata keçirilmişdi. Əsas məqsəd sahə məntəqələrinin işinin təşkil edilməsindən ibarət idi. Bundan sonra sahə məntəqələrinin iş proseslərinə nəzarət, onların təyin edilmiş qaydalara uyğun olub-olmamasını müəyyən etmək məqsədilə xüsusi video-monitorinqlər keçirilib. Polik­linikalarda tibbi heyət növbəlilik əsasında işləyib. COVID məntəqəsində fəaliyyət göstərən tibb personalının və səyyar tibb işçilərinin təhlükəsizliyinin təmin edilməsi də vacib şərtlərdən hesab edilib. Mövcud karantin şəraitində koronavirus xəstələrinə evdə xidmət edən həkim və tibb perso­nalı istifadə etdiyi qoruyucu geyimlə təmin olunub. Monitorinq zamanı sahə məntəqəsinə ayrılmış tibbi ləvazimatların təhvil-təslim aktları üzrə hesabatları yoxlanılıb. Dərmanların saxlanılması şəraiti də önəmli şərtlərdən hesab edilib. Buna görə də xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirən xəstələrə evdə müalicə almaq üçün Səhiyyə Nazirliyi tərəfindən verilən dərman preparatlarının sahə məntəqəsində saxlanılma şəraiti və çatdırılma prosesinə xüsusi nəzarət edilib.

Həyata keçirilmiş monitorinqlərin nəticəsi göstərib ki, simptomsuz və yüngül simptomlu COVID-19 xəstələrinin ev şəraitində müayinə və müalicəsini təmin etmək üçün yaradılmış sahə məntəqələri əhaliyə göstərilən təcili tibbi yardım və stasionar müalicə xidmətlərinin iş həcminin azalmasına əhəmiyyətli dərəcədə dəstək olub, əhaliyə daha keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təmin edib.

Səhiyyə Nazirliyindən bildiriblər ki, hazırda Bakı şəhər Baş Səhiyyə İdarəsi nəzdində olan poliklinikalar karantin qaydalarının yumşalmasından sonra öz fəaliyyətlərini standart qrafik üzrə bərpa edib və bütün tibbi heyət tam şəkildə iş cədvəlinə uyğun işləyirlər. Sərt karantin rejimi dövründə fəaliyyətləri məhdudlaşdırılma ilə əlaqədar bir qədər fərqli olan, həm böyüklər, həm də uşaq poliklinikalarına sahə həkiminin və ya ix­tisaslı həkimlərin qəbuluna indi rahatlıqla düşmək olar. Bunun üçün vətəndaşlar po­liklinikanın qeydiyyat şöbəsinə müraciət edib, qəbula yazıla bilərlər. Pasiyentlər öncədən təyin olunmuş vaxtda qəbula gəldiklərinə görə poliklinikalarda heç bir sıxlıq, gözləmələr, növbələr yaşanmır. Pasiyentlərdən hansısa təxirəsalınmaz tibbi yardıma ehtiyacı olanın, qəbula yazılmadan da həkimin yanına növbəsiz daxil olmasına şərait yaradılır.

Pandemiya hələ bitmədiyindən, təbii ki, poliklinikalarda tətbiq edilən qəbul qaydaları əvvəlki vaxtlarda olduğundan fərqlidir. Belə ki, poliklinikaya daxil olan hər bir şəxs girişdə qarşılanır, onun hərarəti təmassız termometr vasitəsilə ölçülür. Həmçinin poliklinikanın girişində əl üçün spirt tərkibli dezinfeksiyaedici vasitələr yerləşdirilib və binaya daxil olan hər bir şəxsdən tibbi maskaların taxılması tələb olunur. Poliklinikalara gələnlərin bədən temperaturu 37 dərəcə və daha yuxarı olduğu halda, onların poliklinikaya daxil olmalarına qadağa qoyulur. Bundan sonra həmin şəxslər birbaşa poliklinika­nın nəzdində olan və yaşayış yerlərinə aid olan, məhz pandemiya dövründə yaradılan COVID sahə məntəqələrinə yönləndirilir. Sahə məntəqələrində onlar­dan test nümunələri götürülür və həmçinin şikayətlərinə görə, həkim tərəfindən müvafiq məsləhətlər verilir.

Bakı şəhər poliklinikalarında hazır­da planlı və diaqnostik tibbi müayinələr standart qrafik üzrə aparılır. Sahə həkimi öz sahəsinə aid, poliklinikada qeydiyyatda olan xəstələrlə əlaqə saxlayır, vaxt təyin edib onları planlı müalicəyə dəvət edir. Lakin xəstə COVID-19 virusuna yolux­maq üzrə yüksək risk qrupuna daxildirsə (65 yaş və yuxarı, ürək xəstəliyi, diabet və ağciyər xəstəlikləri olan şəxlər) sahə həkimi xəstəyə evdə baş çəkir və ona mü­vafiq tövsiyələr verir. Qeyd edək ki, ixtisas həkimləri diaqnostik müayinələri sahə həkimlərinin göstərişi ilə həyata keçirirlər.

Qadın məsləhətxanalarında da iş eyni qaydada davam edir. Hətta hamilə qadınların Səhiyyə Nazirliyinin müvafiq kliniki protokoluna uyğun olaraq mütəmadi müayinələrinin həyata keçirilməsinə fasilə verilməyib.

Poliklinikalarda dispanserizasiya və vaksinasiya proseslərindən danışarkən deməliyik ki, ölkədaxili sərt karantin dövründə dispanserizasiyanın həyata keçirilməsi məhdudlaşdırılmışdır. Hazırda karantin qaydalarının yumşalmasından sonra dispanserizasiya prosesi yenidən bərpa olunub. Xatırladaq ki, eyni vəziyyət uşaq tibb müəssisələrində uşaqların planlı peyvəndlərlə əhatə olunması prosesinə də öz təsirini göstərmişdir. Hazırda peyvəndlərin aparılması hər zaman olduğu kimi, Milli Peyvənd Təqviminə görə həyata keçirilir.

İmtiyazlı qruplara daxil olan xəstələrin resept üzrə dərman preparatları ilə təmin olunmaları prosesi davam edir. Poliklini­kada qeydiyyatda olan tənha, xroniki və onkoloji xəstələr üçün çatdırılma xidməti fəaliyyət göstərir və bu xidmət vasitəsilə onlar adi qaydada öz dərmanlarını alırlar. Eyni zamanda, yüksək risk qrupuna daxil olan xəstələrin yaxınları dərmanları müvafiq poliklinikanın nəzdində fəaliyyət göstərən apteklərdən resepti təqdim etməklə ala bilərlər. Digər xəstələr sahə həkiminin qəbulundan sonra apteklərdən dərmanları adi qaydada əldə edirlər.

Bakı şəhər poliklinikalarının binalarında ötən müddətdə görülən sanitar-epidemioloji tədbirlərin təşkili qənaətbəxş olub. Belə ki, poliklinika binasının bütün korpuslarındakı otaqlar və koridorların pəncərələri gündə, ən azı, iki dəfə açılıb, mütəmadi havalandırılıb, giriş, çıxış, koridor və otaqlarda əllərlə tez-tez təmas edilən səthlərin mütəmadi olaraq dezinfeksiya edilməsinə xüsusi nəzarət edilib. Həmçinin Bakı şəhər poliklinikala­rında çalışan tibbi heyətin təhlükəsizliyinin təmin olunması məqsədilə, koronavirusu­nun sürətli yayıldığı mərhələdə (aprel-iyun aylarında) müvafiq qoruyucu geyimlərlə (üz üçün sipər, baxil, tibbi əlcək, tibbi maska və s.) təmin olunmasına riayət edilmiş, tibbi və texniki heyətin COVID-19 testindən növbəli şəkildə keçirilməsi təşkil olunmuşdur.

Hazırladı: Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

26 Sentyabr 2020 04:39 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə