• RUB: 0.0257
  • TRY: 0.2890
  • EUR: 1.9635
  • USD: 1.7000
  • Bakı + 17 ° C / 77

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Davamlı İnkişaf Məqsədlərinin Azərbaycanda milliləşdirilərək reallaşdırılması

Davamlı İnkişaf Məqsədlərinin Azərbaycanda milliləşdirilərək reallaşdırılması

1987-ci ildə Ətraf Mühit və İnkişaf üzrə Ümumdünya Komissiyası tərəfindən hazırlanaraq Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına təqdim edilmiş “Ortaq Gələcəyimiz” hesabatı ilə “davamlı inkişaf” anlayışı dünyada geniş şəkildə yayılmağa başladı. Hesabatda davamlı inkişaf konsepsiyası əsas olaraq, ekologiya və iqtisadiyyat arasındakı tarazlığı qoruyaraq, gələcək nəsillərin öz inkişaf tələbatlarını qarşılıya bilmələri üçün əngəl yaratmayaraq, çağdaş nəsillərin inkişaf tələblərini qarşılayan inkişaf növü kimi tərif edilib. Sonrakı illər ərzində müxtəlif konfranslar, sənədlər, elmi araşdırmalar və digər bu kimi tədbirlər nəticəsində təkmilləşdirilərək bütövləşən davamlı inkişaf konsepsiyası bu gün qlobal inkişaf gündəliyinin əsas istiqamətləndirici yanaşmasını təşkil edir. BMT və onun İnkişaf Proqramı (BMTİP) kimi inkişaf üzrə ixtisaslaşmış institutlarının səyləri nəticəsində elmi-nəzəri formadan praktik inkişaf yanaşmasına çevrilən davamlı inkişaf anlayışı, 2000-ci ilin Sentyabr ayında BMT-nin Baş Qərargahında keçirilmiş “Minilliyin sammiti”ndə səkkiz Minilliyin İnkişaf Məqsədlərinin (MİM-lər) qəbul olunmasıyla məqsəd əsaslı qlobal inkişaf gündəliyinin əsasını təşkil etdi.

Yuxarıda qeyd edilmiş səkkiz MİM və onların icrasının yol açdığı nailiyyət və təcrübələrdən, habelə özünün üstünlüklərini sübut etmiş məqsəd əsaslı inkişaf yanaşmasının davam etdirilməsinin zəruriliyindən 2015-ci ilin sentyabr ayında BMT-yə üzv ölkələrin yekdil səsverməsi ilə qəbul edilmiş 17 Davamlı İnkişaf Məqsədlərinin (DİM-lər) təşviq etdiyi davamlı inkişafa nail olmağın məqsədə əsaslanan üsulu bir çox üstünlüklərə malikdir. İlk növbədə, məqsədlər insanları spesifik istiqamətə yönəltmək və səfərbər etmək baxımından (məsələn, ardıcıl siyasətlərlə nəticələnə biləcək konkret hədəf müəyyənləşdirmədən mümkün olmayan uşaq ölümünün azaldılması) mühüm rol oynayır. İkincisi, məqsədlərin  müəyyənləşdirilməsi rəqabətlilik və ölkələrə təzyiq göstərmək deməkdir. Bu halda ölkələr əldə etdikləri nailiyyətlərin (və ya nailiyyətlərin olmamasının) ictimaiyyətə açıqlanacağını və sorğu-sual olunacaqlarını bildiklərindən, hökumətlər daha çox fəallıq göstərməyə meylli olurlar. Üçüncüsü, məqsədlər öz sahələrində konkret hədəflərə nail olmaq üçün xüsusi mexanizmləri təklif etmək və işləyib hazırlamaq məqsədilə bir araya gələn konkret sahələrin mütəxəssislərinin şəbəkəsi olan “bilik daşıyıcısı olan icmalar” kimi tanınan epistemik icmalar arasında qarşılıqlı əlaqəni təşviq edir. Məsələn, dünya okeanoloqları bu sahədə aydın və qlobal hədəflər olmadan, çox güman ki, mümkün olmayan okeanları mühafizə etmək yollarını müzakirə etmək üçün bir araya gəlirlər. Nəhayət, məqsədlər siyasətçilər, dövlət institutları, qeyri-hökumət təşkilatları, elmi dairələr, fondlar, donor təşkilatlar və digər müvafiq iştirakçılar kimi maraqlı tərəf şəbəkələrinin üzvlərini spesifik istiqamətdə addımlar atmağa səfərbər edir. Başqa sözlə, məqsədlər problemləri ictimaiyyətə çatdırır və onlara nail olmaq üçün bütün dünyadakı insanları səfərbər edir.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Minilliyin Sammitində Minilliyin Bəyannaməsini imzalamaqla, Azərbaycanında bu qlobal çağırışını təmini üzrə öhdəliyini nümayiş etdirdi. Ulu Öndərin 2 mart 2001-ci il tarixli Sərəncamı ilə yaradılmış xüsusi Dövlət Komissiyası MİM-lərin lokallaşdırılaraq milli inkişaf strategiyaları ilə uyğunlaşdırılması istiqamətində məqsədyönlü fəaliyyətə başladı. Bu Dövlət Komissiyasının yerli və beynəlxalq tərəfdaşlarla intensiv məsləhətləşmələr əsasında hazırladığı və cənab Prezidentin 20 fevral 2003-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” (YAİİDP) MİM-lərə əsasında hökümət qarşısında yerli hədəflər qoyaraq bu prosesə bütün maraqlı tərəfləri cəlb etdi.  2005-ci ildə yekunlaşan bu Dövlət Proqramından sonra, MİM-lərin reallaşdırılması üzrə fəaliyyətin davamlılığını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə “2008-2015-ci illərdə yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” (YADİDP) təsdiqlənərək uğurlu şəkildə həyata keçirlmişdir. Məhz dövlət başçısının bilavasitə diqqəti və nəzarəti altında hökümət qarşısına qoyulmuş düzgün məqsədlər və strateji şəkildə planlaşdırılmış siyasətlər nəticəsində ölkədə 2001-ci ildə 49,0 %-ə bərabər yoxsulluq səviyyəsi 2015-ci ildə 4,9 %-ə enmiş, müvafiq MİM-lərə uyğun olaraq hədəflənmiş əhali arasında ümumi savadlılıq səviyyəsinin yüksəldilməsi, gender bərabərliyinin təmini, ana sağlamlılığının yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi kimi sahələrdə qlobal səviyyədə tanınmış və yüksək qiymətləndirilmiş nailiyyətlər əldə edilib. Əldə edilmiş nailiyyətlərdən əlavə, bu dövr ərzində inkişafın idarəedilməsi perspektivindən müşahidə edilən digər bir müsbət tendensiya isə inkişaf prosesində müxtəlif aktorların fəal iştirak etməsidir. Daha aydın desək, ölkənin davamlı inkişafının təmininə yönəlmiş Prezident İlham Əliyevin uğurla rəhbərlik etdiyi hərtərəfli dövlət siyasətinin təşviq etdiyi əsas yanaşmalardan biri inkişaf prosesinə maraqlı olan bütün tərəflərin cəlb edilməsi üçün əsasların yaradılması və bu tərəflər ilə konstruktiv əməkdaşlığın qurulması olmuşdur. Bu istiqamətdə, xüsusilə 2004-cü ildən Azərbaycan Respublikasının Birinci xanımı Mehriban xanım Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondunun rolu böyükdür. Təhsil, səhiyyə, ekologiya, mədəniyyət, elm və texnologiya, sosial və digər sahələrdə könüllü şəkildə irimiqyaslı layihələr reallaşdıran Heydər Əliyev Fondu Azərbaycan Respublikasında müasir, təminatlı və qlobal çağırışlara cavab verən cəmiyyətin quruculuğunda dövlət siyasətini yaxından dəstəkləmiş və bu prosesdə qeyri-hökümət təşkilatlarının fəal iştirakı üçün səmərəli əsasların yaranmasına böyük töhfə vermişdir.

Əsasən yoxsul ölkələrə tətbiq olunan və donor kimi zəngin ölkələrə istinad olunan MİM-lərdən fərqli olaraq, 2015-ci ilin sentyabr ayında BMT-nin Davamlı İnkişaf Konfransında qəbul edilmiş Davamlı İnkişaf Məqsədləri universal miqyasda tətbiq oluna bilər və ölkələri “inkişaf etmiş” və ya “inkişaf etməkdə olan” ölkələr kateqoriyasına ayırmır.Bu ona görədir ki, iqtisadi cəhətdən inkişaf etmiş ölkələr belə öz siyasətlərini ənənəvi inkişaf modelləri əsasında davam etdirsələr, onların inkişafı davamlı olmayacaq. Bu səbəbdən özündə 17 DİM-i və onların 169 hədəfini birləşdirən “Dünyamızın transformasiyası: 2030-cu ilədək davamlı inkişaf gündəliyi” sənədi bu gün məqsəd əsaslı inkişafı tənzimləyən qlobal səviyyəli sənəddir.

Gənc dövlət olmasına baxmayaraq, əldə etdiyi uğurlar və innovativ dövlət siyasətləri nəticəsində örnəklərdən sayılan Azərbaycan Respublikasında DİM-lərin icrası istiqamətində sistemli fəaliyyət yerinə yetirilir. Bu inkişaf gündəliyinə institusional və siyasi baxımdan kompleks yanaşmanı təmin etmək və bu əhatəli məqsədlərin reallaşdırılmasına cavabdeh dövlət və müxtəlif maraqlı tərəflər arasında əlaqələndirmənin səmərəli təşkili məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 6 oktyabr 2016-cı il tarixli 1066 nömrəli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası (DİMƏŞ) DİM-lərin nail olması istiqamətində fəaliyyəti daha da səmərəli etdi. Nəticə etibarilə, qısa bir zamanda ölkəmizdə bu istiqamətdə DİMƏŞ-in vətəndaş cəmiyyəti institutları, elmi tədqiqat və təhsil müəssisələri, iqtisadi aktorlar, beynəlxalq tərəfdaşlar kimi müxtəlif maraqlı aktorlar ilə yaxından əməkdaşlığı nəticəsində ardıcıl maarifləndirmə işləri aparıldı və maarifləndirmə işlərindən icra mərhələsinə keçid üçün hüquqi, institusional və iqtisadi əsaslara söykənən icra mexanizmləri yaradıldı. Eyni zamanda, görülmüş işlərin səmərəliyini və təsirini öyrənmək və siyasətləri davamlı şəkildə təkmilləşdirmək məqsədilə ölkəmizdə DİM-lər üzrə milli monitorinq və qiymətləndirmə mexanizmi formalaşdırıldı və ölkəmiz BMT-nin Davamlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumuna öz Könüllü Milli Hesabatını təqdim edən ilkin ölkələrdən olmuşdur.

Artıq ölkəmizdə DİM-lərdə əks olunan hədəflər və prinsiplər müxtəlif layihələrə inteqrə edilərək, DİM-lərin reallaşdırılması yeni mərhələyə qədəm qoyur. DİM-lərə nail olma istiqamətində ən əsas prinsiplərdən sayılan “heç kəsi arxada buraxmamaq” prinsipinin tətbiqi və əhalinin müxtəlif qruplarının səlahiyyətlərinin artırılması üzrə Azərbaycanda ən ilkin təşəbbüslərdən biri DİM-lər üzrə Gənc Səfirlər təşəbbüsüdür. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin BMT-nin İnkişaf Proqramı ilə reallaşdırdığı “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni əsasların yaradılması” layihəsinin üç əsas istiqamətindən biri olan Davamlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində Azərbaycan gənclərinin səlahiyyətlərinin artırılması çərçivəsində seçiləcək 17 DİM üzrə 17 Gənc Səfirin əsas vəzifəsi DİM-ləri Azərbaycanda təbliğ etmək, DİM-lərə nail olmaqda gənclərin iştirakını təşviq etmək, bu sahə üzrə fəaliyyət göstərən dövlət qurumlarına tam könüllü formada dəstək göstərmək, yerli, milli və beynəlxalq səviyyədə atılan addımlar barədə cəmiyyətin məlumatlandırılmasına dəstək olmaq və ölkədə DİM-lərlə əlaqəli həyata keçirilən təşəbbüslərdə fəal iştirak etməkdir.

Gənclərin davamlı inkişafa nail olmaq üçün gücləndirilməsi, onların cəmiyyətdə baş verən siyasi, iqtisadi və sosial proseslərə aktiv şəkildə cəlb olunmaları üçün xüsusi mexanizmlərin formalaşdırılması və gənclərin potensialından yararlana bilmək üçün şəraitin yaradılması perspektivindən qlobal səviyyədə örnək  sayılacaq bu kimi təşəbbüslər ölkəmizdə DİM-lərin nail olma üzrə fəaliyyətinin inklüzivliyini təmin edəcəkdir.

Eyni zamanda, DİM-lərə cavab verən və ölkə əhalisinin inkişafına dəstək göstərən bu kimi layihələrin həyata keçirilməsi dövlət siyasətinin, habelə müstəqilliyimizin əldə olunmasından bu günə qədər həyata keçirilmiş düzgün və davamlı idarəetmənin 2030-cu ilədək dövlət proqramları ilə möhkəmləndirilməsinə və qarşıya qoyulmuş vəzifələrin vahid mərkəzdən mükəmməl icrasına xidmət göstərmiş olacaqdır.

 

Məzahir Əfəndiyev,
BMT-nin İnkişaf Proqramının layihə rəhbəri

12 Oktyabr 2018 16:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin