Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Moskovskiy Komsomolets”in Azərbaycana “gətirdiyi muzdlular"

   “Moskovskiy Komsomolets” qəzeti ermənilərə qarşı döyüşmək üçün Azərbaycana “islamçı terrorçular” gətirilməsi haqqında böhtan xarakterli məqalə dərc edib (www.mk.ru/politics/2020/09/22/turciya-nachala-mobilizovat-islamistov-dlya-voyny-v-karabakhe.html). Yalançı(lar) haqqında “Qoltuğunda çörək gəzdirən” deyərlər. Deyərlər ki, “yalançının “şahid”i yanında olar”.  İndi bu, “Moskva komsomolçuları” həm mənəvi cəhətdən aşınmış adları ilə, həm də, islam və terrorçu sözlərini bir arada işlətməklə, bəri başdan yalançı olduqlarını göstərib. Üstəlik, çox açıq şəkildə görünür ki, müdafiə etdikləri Ermənistanın daim “muzdlu­lar”ın xidmətindən istifadə etdiyinə dair təkzibedilməz faktlar (və bu gün də davam edən bədnam “əs­gəri kurs”) qarşılığında bizim ünvanımıza “islamçı terrorçu”larla işbirliyi damğasını vurub, “balans” yaradırlar.        Qoltuqlarında gəzdirdikləri erməni çörəyinə özləri and içə bilərmi, bilmirəm, belə bir gətirilmə-filan yoxdur! “Erməni çörəyi” demişkən, Ermənistan adlanan dövlət öz xalqına zaman-zaman onun-bunun çörəyini yedirdib, ən çox da, Azərbay­canın və Rusiyanın!  Yəni olmayan çörəyə içilən andın nə dəyəri olacaq?..  Bu öz yerində, digər yandan, artıq “Həmzə” briqadası adından tirajlanan açıqlamada, haqsızca “islamçı terrorçu” adlandırılanlar özləri moskvalı komsomolçuları yalanlayıb. Özü də, illərdir KİV-lərdən izləməkdəyik ki Yaxın Şərqdə, başqa bölgələrdə törədilmiş terror aktlarını icra edənlər, çıxıb, “bunu biz etmişik” deyə bəyan edirlər. Dorğudur, bu işlərin bizə istisi-soyuğu yoxdur, kim harda terror aktı törədir, onu elan edir, ya etmir – bu işlər bizim metodumuz, yanaşmamızla, bizim Silahlı Qüvvələrin mandat-missiyası ilə uzlaşmır. Biz dövlətik, öz rəsmi qurumlarımız var və nə edib-etməməyi özümüz bilir, özümüz edirik və hadisələrə qanuni, rəsmi münasi­bətimiz var.

     Ermənistanın Silahlı Qüvvələrinin himayəsi ilə “muzdlular”ın Qarabağda döyüş­mə­sinə, bütün başqa faktlar öz yerində, soyqırım aktı törətmiş “Arabo kamavorakan jokat”ı (“Arabo” batalyonunu) xatırlatmaq yetərlidir. Millətçi paramilitarist qruplaş­manın 80-dən çox üzvü 29 iyun 1992-ci ildə Gəncə batalyonunun Tərtər ərazi özünümüdafiə batalyonu ilə birgə apardığı Həsənqaya əməliyyatı (www.youtube.com/watch?v=7QbQ7Ah4Kog) zamanı məhv edilincə çəkilən video mate­rial­lar­dan, şahid ifadələrindən açıq-aydın bilindi ki batalyon xaricdən gələn ermənilərdən, erməni olmayan muzdlulardan və Ermənistan vətəndaşlarından təşkil olunub. Xaricdən gətirilənlər bir yana dursun, guya Ermənistan silahlı qüvvələrinin, Ermənistan vətəndaşlarının Azərbaycanın BMT tərə­fin­dən tanınmış sərhədləri daxilində hərbi əməliyyatlarda iştirakına “qanuni”lik qiyafəsi biçmək mümkün­dür­mü? Əsla, yox!

   “Moskovskiy Komsomolets”dəki heç bir faktın, sübutun gətirilmədiyi yazının ermənilərin sifarişi olduğu anındaca görünür. Çünki, yazıda erməni mətbu­atında yayılan yalan xəbər və saxta tezislərdən istifadə olunub. “Moskovskiy Komsomolets” dünyaca məşhur “erməni yalanı”nın növbəti “məhsul”una uyursa, bir azca da özünün düşdüyü duruma çəki-düzən verməlidir, hər halda. Dünyanın ən böyük şəhərlərindən birində çıxan, xeyli yaşı olan qəzet, öz yaşına-başına baxmağa borclu olsa gərək.

     Həmin o ermənilərin qurduğu terror təşkilatları Moskvada da terror aktı törədib Rusiyanın varisi olduğu SSRİ-yə qarşı terror aktlarına imza atıb. Məsələn, “Moskovskiy Komsomolets” 1977-ci ildə Moskvada törədilən terror aktlarını yada sala bilər. Xatırlayaq: 8 yanvar 1977-ci ildə Moskvada bir neçə terror aktı həyata keçirilib. Saat 17.33-də Moskva metrosunun vaqonunda “İzmaylovskaya” və “Pervomayskaya” stansiyalarının arasında part­layıcı qurğu işə düşüb; saat 18.05-də SSRİ DTK-sının binası yaxınlığında, Derjinskiy (indiki Böyük Lubanka) küçəsində yerləşən 15 saylı ərzaq dükanında partlayış baş verib. Saat 18.10-da “Oktyabrın 25 illiyi” (indi Nikolskaya) küçəsində yerləşən ərzaq dükanının yaxınlığında daha bir partlayıcı qurğu işə düşüb. Bu terror aktları nəticəsində 7 nəfər həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xə­sarətləri alıb. Rəsmi bilgilərə görə terror aktlarının əsas təşkilatçısı və başçısı Stepan Zatikyan, birbaşa icraçıları isə Baqdasaryan və Stepanyan olub. Dindirilmə zamanı Baqdasaryan və Ste­panyan deyib ki, Zatikyanın hədə-qorxusu ilə onun təsiri altına düşüb və bu cinayəti törədiblər; onu da vurğulayıblar ki, Zatikyan antisovet fəaliyyətinə görə həbsdə olarkən millətçilik ide­yalarının əsirinə çevrilmiş və “ermənləri əzdikləri üçün” ruslardan intiqam almağa çağırıb. “Yeni erməni müqaviməti” erməni terror qrupu da SSRİ-yə qarşı da terror aktları törədib. “Yeni erməni müqaviməti” təşkilatı həmçinin SSRİ-yə qarşı mübarizə aparan “Birləşmiş milli partiya”nı və onun rəhbəri Paruyr Hayrikyanı da dəstəkləyib.

   Hələ onu demirəm ki, həmin o Moskva şəhəri ATƏT-in Minsk qrupunun həmsədri olan federasiyanın paytaxtıdır, Bu vəsilə ilə rus nəşrləri sülhyaratmada mənəvi məsuliyyətə daha yaxın olmalıdır, nəinki saxta məlumatlarla anti-sülh ovqatı daşımağa... Moskvanın tirajlı və özünə görə keçmişi olan bir nəşri ən azı neytral durmalı, ən çoxu haqqı müdafiə etməlidir! Haqqı müdafiə etsə, bu, bizi müdafiə etmək olacaqdı; "komsomolçular"sa ən pis variantı seçərək, haqsızlığın yanında durub...

    Yalnız ehtimal və fərziyyələrə söykənən yazı yazmaqla iftira və dezinformasiya qulluqçusu ola bilərsən; işğala məruz qalan Azərbaycana qarşı üstəlik bir də çirkli kampaniyanın tərkib his­səsinə çevrilərsən. - Bir normal redaksiya bu gərginliyi öz üzərinə niyə götürsün ki?!

    Bəli, bayaq da vurğuladığımız kimi, erməni tərəfi bu cür saxtadan saxta "məlumat"ları yaymaq və yaydırmaqla, özlərinin, terror dəstələrini işğal olunmuş ərazilərə gətirməsi faktlarını ört-basdır etmək, diqqəti Azərbaycanın üzərinə yönləndirmək məqsədi güdür. Bu yönləndirmənin arxasında,  Azərbaycana qarşı təcavüzkar siyasət çərçivəsində Yaxın Şərq bölgəsindən muzd­luları, terrorçuları cəlb etmiş Ermənistanın durduğuna zərrəcə şübhə yoxdur. Qanlı tarixcəyə malik terror təşkilatı ASALA-nın başçılarından biri olan, uzun illər Livanda terrorçu təşkilatın fəalı kimi çalışan, Azərbaycan Respublikası ərazilərinin işğalında şəxsən iştirak edən Monte Melkonyanın "Ermənistanın Milli qəhrəmanı" fəxri adına layiq görülməsi, adının Ermənistanda əbədiləşdirilməsi, onun "qəhrəmanlığı"nın "nümunə" kimi orta məktəb dərsliyinə daxil edil­məsi bəlliykən, öz əmələrini bizə yapışdırmaq  (yaraşdırmaq) mümkünmü?

      Bəs niyə indi, bəs niyə belə bir saxtakarlıq? Daha öncə ASALA, bugünlərdə isə PKK ilə bağlı qüvvələrin işğal olunmuş Azərbaycan ərazilərinə gətirilməsi barədə faktoloji informasiyalar ictimailəşdikdən sonra, Ermənistan və havadarlarının iki yolu qalırdı: ya faktı etiraf edərək, "yaxşı etmişik!" demək, ya da "yanlışlıq, anlaşmazlıq olub" deyə, terrorçuları geri döndərmək, ən yaxşısı, aidiyyatı üzrə təhvil vermək! Ermənistan hakimiyyətindən bu iki yolun hər hansı birini gözləmək sadəlöhvlük olardı: birincini edə bilməzlər - guya demokratdılar, guya sülhpərvərdirlər, guya danışıqlar yoluna alternativ görmürlər və belə bir etirafla maskaları yırtılmış olar;  ikinci yol isə beynəlxalq erməni diaspor gücləri və Ermənistanın himəyadarları ilə gərginlik yarada bilər... Və Ermənistan bu iki yolun heç birini seçməzkən, yolsuzluğu seçdi: nə etiraf etdi, nə iadə etdi, dedi, bəs deməzsənmi, biz yox, Azərbaycan terrorçu topla­yırmış... Bu qədər yaramazlıq yəni!

   Bəlkə də, artıq ənənəvi şəkil almış sualı təkrarlamaq istərdim: qarşımızdakı kimdir? Çox da uzaq olmayan keçmiş illərdə, girib öz parlamentini güllələyən zehniyyətdən danışırıq: 27 oktyabr 1999-cu il. Ermənistan Respublikasının Milli Məclisində terror aktı nəticəsində spiker Karen Dəmirçyan, baş nazir Vazgen Sarkisyan, vitse-spikerlər Ruben Miroyan və Yuri Baxşyan, operativ məsələlər üzrə nazir Leonard Petrosyan, həmçinin depu­tatlar Armenak Armenakyan, Henrik Abramyan və Mikael Kotanyan öldürülüb; ARFD məsu­liyyəti öz üzərinə götürüb... (Digər terror aktlarından yazının sonunda bəhs edəcəyik).

   Ermənistanın PKK terrorçuları ilə yaxın işbirliyi yeni söhbət deyil; qardaş Türkiyənin silahlı qüvvələri dəfələrlə kürd və başqa xalqların adı altında gizlənən neçə erməni terrorçusunu tutub, ifşa edib, danışdırıb, faktları ictimailəşdirib. PKK yalnız Azərbaycana yox, daha çox Türkiyəyə qarşı yönəlib; Suriya və İraqdakı bazaları şanlı Türk ordusu tərəfindən darmadağın olunan terrorçular üçün hazırda ən "münasib" yer ermənilərin nəza­rətin­dəki işğal əraziləridir. (Əlbəttə, bu hələlik münasib görünə bilər, Azərbaycan ordusu ərazi bütövlüyümüzü bərpa edincə, ağına-bozuna, PKK-sına-MKK-sına baxmadan hamısını əzib keçəcək!)

   Bu gün Suriyada vuruşan erməni batalyonları üzvlərinin çoxu vaxtı ilə Azərbaycan ərazilərinin işğalında birbaşa iştirak edib; indi onların və yaramaz müttəfiqlərinin yenidən işğal bölgəsinə axışması prosesi başlayıb.

   "Moskovskiy Komsomolets"də çıxan saxta yazı, yalnız bir qəzetin mövqeyi yox, Azərbaycana qarşı ermənilərin apardığı çirkin böhtan kampaniyasının tərkib hissəsi kimi qəbul oluna bilər. Bu fikrin təsdiqi kimi, xatırladaq ki, sentybarın 1-də eyni mövzu "Nezavisimaya qazeta"da da işlənmişdi (www.ng.ru/armies/2020-09-01/5_7952_armenia.html) və Azərbaycan Xarixi İşlər Nazirliyi bununla bağlı Bəyanat vermişdi. XİN bildirmişdi ki, "növbəti dəfədir Azərbaycana qarşı heç bir əsası olmayan, hər hansı fakta və etibarlı mənbəyə söykənməyən və tamamilə dezinformasiya xarakterli məlumatın yayılması müşahidə edilir. Bunu ölkəmizə qarşı böhtan xarakterli, çirkin kampaniya kimi qiymətləndiririk.

Əkbər QOŞALI,

Milli QHT Forumu İdarə Heyətinin üzvü

25 Sentyabr 2020 14:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə