Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İqtisadi Şura yeni inkişaf modelinə uğurlu keçidi təmin edəcək

Bu günlərdə Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası ləğv edilərək  əvəzində yeni struktur – Azərbaycan Respublikasının İqtisadi Şurası yaradılıb. Şuranın qarşısında ölkəmizdə daha dayanıqlı iqtisadi artım mənbələri yaratmaq, xüsusilə özəl investisiyaları, o cümlədən birbaşa xarici investisiyaları cəlb etmək, qeyri-neft ixracını genişləndirmək və s. bu kimi mühüm vəzifələr qoyulub.  
Azərbaycan Respublikası Milli Məclisinin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev hesab edir ki, İqtisadi Şuranın yaradılması düzgün və vaxtında atılmış addımdır. Belə ki, həmin qurum yeni bir platforma olaraq, dünya və milli iqtisadiyyat üçün mürəkkəb bir dövrdə ən çətin tapşırıqları kollegial şəkildə müzakirə etmək və ortaq məxrəcə gəlmək üçün əlverişli təsisatdır. 
Komitə sədrinin fikrincə, İqtisadi Şuranın qarşıya qoyulan tapşırıqları yerinə yetirmək üçün bütün təşkilati, iqtisadi və maliyyə imkanları var. Bundan başqa, ölkəmizdə son illər başqa sahələrdə olduğu kimi, iqtisadi idarəetmə sahəsində də kifayət qədər modern düşüncəli, yüksək peşəkar kadrlar yetişdirilib ki, onlar ən aktual problemlərin öhdəsindən uğurla gəlmək imkanlarına malikdirlər. 
Təqdirəlayiq haldır ki, Prezidentin tapşırığına əsasən, İqtisadi Şura iqtisadi siyasətin çərçivələrinə dair proqram hazırlayacaq. Həmin proqram əsasında dövlət investisiyalarına paralel olaraq, özəl yerli və xarici investisiyaların cəlb edilməsi  ölkənin yeni dövr iqtisadi siyasətin əsas istiqaməti olacaq, həmçinin özəl sektorun aparıcı rolu təmin olunacaq və investisiya mühitinin yaxşılaşdırılması üçün ciddi və təsirli addımlar atılacaq.  
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovdan da bu barədə fikirlərini bizimlə bölüşməyi xahiş etdik. Sadiq müəllim dedi ki,  bu gün Azərbaycan iqtisadiyyatı ­qarşısında duran əsas vəzifə makroiqtisadi və maliyyə sabitliyini qorumaq, daha dayanıqlı və inklüziv iqtisadi artım mənbələri yaratmaq, xüsusilə özəl sərmayələri cəlb etməkdir. İqtisadi Şura məhz bu prioritet istiqamətlərdə fəaliyyət göstərəcək. 
Məlumdur ki, 2020-ci ilin əvvəlindən başlanan koronavirus pandemiyası ilə bağlı dünyanın əksər ölkələrində sosial-iqtisadi fəallığın məhdudlaşması baş vermişdir. Azərbaycan iqtidarı çalışr ki, hazırki əlverişsiz qlobal mühitdə ölkəmizdə son illər ərzində əldə edilmiş sosial-iqtisadi rifah səviyyəsinin aşağı düşməsinə imkan verilməsin. 
Milli Məclisin deputatı sonra dedi: “Mən zərrə qədər şübhə etmirəm ki, İqtisadi Şura qlobal böhran və pandemiya şəraitində milli iqtisadi inkişafımız qarşısında duran strateji vəzifələrin öhdəsindən uğurla gələcək, yeni iqtisadi artım və inkişaf modelinə uğurlu keçidi təmin edəcək”. 
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, siyasi elmlər doktoru Vüqar Rəhimzadənin də bu məsələ ilə bağlı fikri maraq kəsb edir. Tanınmış politoloq qeyd etdi ki, güclü iqtisadiyyat əhalinin yüksək rifahı ilə yanaşı, güclü ordu və etibalı milli təhlükəsizlik deməkdir. İşğalçı Ermənistanla müharibə şəraitində olan Azərbaycan üçün güclü iqtisadiyyat amili olduqca vacibdir. 
Azərbaycanın vətəndaş cəmiyyəti fəalları da İqtisadi Şuranın yaradılmasını təqdir edirlər. Məsələn, “Optimist” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri Habil Niftalı iqtisadi idarəetmə sistemində baş verən müsbət dəyişiklikləri ürəkdən  dəstəklədiyini vurğuladı. Dedi ki, bu il sentyabrın 17-də Prezidentin köməkçisi—Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev QHT-hökumət dialoqu çərçivəsində sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən 96 QHT-nin rəhbəri ilə görüşmüşdür. 
Həmin görüşdə iştirak edən həmsöhbətim idarəetmə sahəsində pozitiv tendensiyaların müşahidə olunduğunu bildirdi: “Qeyd etmək istəyirəm ki, Prezidentin köməkçisinin  QHT-lərlə silsilə görüşlər keçirməsi əvvəlki müzakirələrdən çox ciddi şəkildə fərqlənir. Bu müzakirələr çox səmimi və konstruktiv xarakter daşıyır. Vətəndaş cəmiyyəti fəalları ölkəmizin ictimai-siyasi həyatında baş verən müsbət dəyişiklikləri görür, müşahidə edir və bundan çox məmnun olurlar”. 
Azərbaycanda Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə uğurla aparılan hərtərəfli islahatların əsas məqsədi xalqımızın rifahını daha da yaxşılaşdırmaqdır. İnanırıq ki, İqtisadi Şura ona bəslənilən ümidləri doğruldacaq, ölkəmizin davamlı inkişafına öz layiqli töhfəsini verəcək.  

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti” 

 

25 Sentyabr 2020 12:07 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə