Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq ictimaiyyət Ermənistanın təxribatlarına qəti mövqeyini bildirməlidir

Azərbaycanın sülhsevər, tolerant və multikultural ölkə olması bütün dünyaya bəllidir. Artıq 30 ilə yaxındır ki, ölkəmiz Ermənistanın hərbi təcavüzü və işğal siyasətindən əziyyət çəkir. Münaqişə nəticəsində 1 milyondan çox vətəndaşımız öz doğma yurdlarından didərgin düşərək məcburi köçkün həyatı yaşayır. Azərbaycan münaqişənin sülh yolu həllinə tərəfdar olsa da, daim danışıqların həlledici mərehələsində işğalçı ölkə olan Ermənistan müxtəlif bəhanələrlə danışıqlar prosesindən yayınır, ya da cəbhədə təxribatlar törədir.  Bu il Tovuz rayonu sərhədi boyunca düşmənin təxribatlara əl atması buna nümunədir. 

BMT və digər təşkilatlar daim münaqişələrin həllində sülh yolunu təşviq edirlər. Təsadüfi deyil ki, sentyabrın 21-i  BMT tərəfindən 1981-ci ildə dünyada sülh və birlik ideallarını gücləndirmək üçün təsis edilmiş Beynəlxalq Sülh Günü kimi qeyd edilir. Lakin təəssüf ki, koronavirus pandemiyasına görə, dünyada qlobal gərginliklərin və təlatümlərin artmasının şahidi oluruq. Bunları təhlükə olaraq görən BMT-nin Baş katibi A.Queterreşin  bütün dünya birliyinə atəşkəs çağırışı etməsi diqqətəlayiq addımdır. Onun müharibə və münaqişələri dayandıraraq, səyləri pandemiyaya qarşı mübarizəyə səfərbər olunmasına çağırışı yüksək qiymətləndirilməlidir. 
Əlbəttə, biz bu çağırışları dəstəkləyir, COVID-19-a qarşı fəal mübarizə aparan  ölkə olaraq, zəruri addımlar atırıq. Lakin təəssüflər olsun ki, işğalçı ölkə  Ermənistan ümumbəşəri bəla olan koronavirus pandemiyası dövründə belə öz çirkin əməllərindən əl çəkmir, əksinə,  işğalçı planlarını həyata keçirmək cəhdlərini davam etdirir. Tovuz istiqamətində mövqelərimizin atəşə tutulması, mülki əhalinin evlərinə ziyan dəyməsi, bir mülki vətəndaşımızın həyatını itirməsinə görə məsuliyyət Ermənistan hakimiyyətinin üzərinə düşür. Ermənistanın işğal altında olan ərazilərimizə qeyri-qanuni olaraq Livandan, Suriya və digər ölkələrdən erməni ailələrini köçürməsi və bölgədə demoqrafik vəziyyəti süni olaraq dəyişdirmək cəhdi heç bir beynəlxalq hüquq normasına  sığmır.
Bu cəhdlər beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması, bu əməllər çox ciddi müharibə cinayətləridir.
Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akobyanın saxta sülh çağırışları, digər tərəfdən erməni qadınlarını hərbi təlimlərə səsləməsi bu ölkənin əsl simasını və çirkin oyununu ortaya qoyur. Qeyri-səmimi olan bu sülh çağırışları, bəllidir ki, sadəcə, beynəlxalq ictimaiyyətdə “sülhsevərlik” görüntüsü yaratmaqdan başqa bir şey deyil. Akobyanın hərbi formada təlimlərdə görünməsi onun riyakar  sülh çağırışlarının arxasında gizlənən əsl təxribatçı mahiyyətini ortaya qoymaqdadır.
Ermənistanın siyasi rəhbərliyinin riyakar yanaşmasından fərqli olaraq, Azərbaycan bu illər ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyib və siyasi danışıqlara sadiq olub. Lakin  Ermənistan tərəfi konstruktiv razılıqları pozmaqda davam edir və  təxribatlar törədir.
Bu günlərdə Tovuz istiqamətində gərginliyin yenidən artması və bir hərbi qulluqçumuzun şəhid olması, digər əsgərimizin yaralanması Ermənistanın  münaqişəni müharibəyə çevirməyə təhrik etməsi cəhdinə beynəlxalq ictimaiyyətin susması ikili standartların bariz nümunəsidir.
ATƏT-in Minsk qrupu həmsədrləri  və dünya ictimaiyyəti bilməlidir ki, münaqişənin sülh yolu ilə həlli  Ermənistanın işğal etdiyi əraziləri tərk etməsi və məcburi köçkün soydaşlarımızın  doğma yurdlarına qayıtmasından keçir. Beynəlxalq ictimaiyyət Ermənistanın təxribatlarına cavab verməlidir.
İnanırıq ki, haqq və ədalət carçısı olan dövlətlər işğalçı ölkənin təxribatçı addımlarının qarşısını almaqda, nəhayət, öz qəti mövqeyini bildirəcəklər.

Aqiyə NAXÇIVANLI, 
Milli Məclisin deputatı, 
siyasi elmlər doktoru, professor

25 Sentyabr 2020 12:03 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə