Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mədəniyyət sahəsində ciddi islahatlara ehtiyac var

Bu günlərdə Milli Məclisin Mədəniyyət komitəsinin iclasında mədəniyyət sahəsində islahatlar barədə geniş müzakirələr keçirilib. Komitənin sədri Qənirə Paşayeva vur­ğulayıb ki, Azərbaycan rəhbərliyi ölkədə mədəniyyət sahəsinin inkişafına hər zaman xüsusi diqqət və qayğı göstərir. Azərbaycan mədəniyyətinin qorunması və inkişafı sahəsində qanunverici orqan olan parlamentin Mədəniyyət komitəsi üzvlərinin də öhdəsinə mühüm vəzifələr düşür. Bu fikri Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov da təsdiqləyir. Doğrudan da, bu gün ölkəmizdə bütün sahələrdə islahatlar davam edir. Ancaq mədəniyyət sahəsində bu islahatlar, nədənsə, gecikir.

Təkmil qanunvericilik bazasının yaradılma­sının mədəniyyət sahəsində islahatların həyata keçirilməsində əhəmiyyətli rol oynayacağı xüsusi olaraq qeyd edilib. Komitənin iclasında bildirilib ki, qarşıdakı sessiyada müxtəlif qurumlardan komitəyə daxil olacaq qanun layihələri ilə yanaşı, “Kine­matoqrafiya haqqında” və “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqın­da” qanun layihələri də müzakirəyə çıxarılacaq. Komitədə müxtəlif mövzularda bir sıra dinləmələr keçiriləcəkdir. Hələ bir müddət əvvəl Mədəniyyət nazirinin birinci müavini Anar Kərimov görkəmli mədəniyyət və incəsənət xadimləri ilə keçirdiyi videokonfransda islahatların keçirilməsinin vacibli­yini xüsusi vurğulamışdır. Videokonfrans iştirak­çıları ilə mədəniyyət sahəsində görüləcək işlər və gələcək planlarla bağlı səmimi fikir mübadiləsi aparıldı. Görüş iştirakçıları ölkə rəhbərliyi tərəfindən mədəniyyət sahəsinə və incəsənət xadimlərinə göstərilən diqqət və qayğını yüksək dəyərləndirdilər. Mövcud problemlər və onların həll yolları, həyata keçirilməsi nəzərdə tutulan layihələr müzakirə edildi. Mədəniyyət və incəsənət xadimləri mədəni irsin qorunması, təbliği və təşviqinin genişləndirilməsi ilə bağlı təkliflər səsləndirdilər.

Həmin konfransda Anar Kərimov gələcəkdə Mədəniyyət Nazirliyi tərəfindən reallaşdırıla­caq layihələr və bu sahədə aparılan islahatlarda mədəniyyət və incəsənət xadimlərinin daha fəal iştirakının vacibliyini qeyd etmişdir. O, nazir­liyinin yaradıcı insanlarla, incəsənət xadimləri ilə ünsiyyətə, fikir mübadiləsinə daim önəm verəcəyini, hər zaman onların yanında olacağını bildirmişdir.

Anar Kərimov Milli Məclisin Mədəniyyət komitəsinin iclasındakı çıxışında islahatlar barədə ətraflı məlumat vermişdir. Dövlıətimiz üçün strateji sahə olan milli mədəniyyətin qorunması və inkişafı, ölkə və dünya miqyasında təbliği və təşviqi, müasir dövrün tələbinə uyğun olaraq gəlir gətirən sahəyə çevrilməsi üçün mütəxəssislərin və vətəndaşların təkliflərinin nəzərə alınacağını diqqətə çatdırmışdır. İslahatların keçirilməsi, baş tutacaq dəyişikliklərin mədəniyyət sahəsində çalışanların əməkhaqqılarına müsbət təsir göstərəcəyi də qeyd olunmuşdur.

Qeyd olunub ki, rəqəmsallaşdırma və stan­dartlaşdırma mədəniyyət sahəsində inkişafa səbəb olacaq. Nazir müavini bildirib ki, mədəniyyət sahəsində bəzi standartlar müəyyən edilməlidir. Çox təəssüf ki, bu olmadığı üçün mədəniyyətimizə kənardan təsirlərin şahidi olmuşuq. Bəzi məsələlərdə bu qəbuledilməzdir. Standartlaşma və buna nəzarət bizim yeni yanaşmamızdır. Hər birimiz bilirik ki, mədəniyyət hər zaman dövlətdən dəstək alan sahədir. Ancaq özəl sektorun da artıq bu sahəyə cəlb edilməsi üçün kifayət qədər potensial var. Özəl sektorun mədəniyyət sahəsinə investisiya qoymasına çox böyük istək var. Çünki mədəniyyət sahəsi daim gündəmdə olan sahədir. Bununla özəl sektor həm də özünü reklam etmiş olur. Fransada bu kimi özəl sektora vergi güzəştləri tətbiq edilir. Biz də bunu tətbiq etməklə dövlətin mədəniyyət sahəsinə dəstəyini və bu sahədə maliyyə yükünü azalda bilərik.

İslahatlar dövründə qarşıda duran vəzifələrdən biri də tarixi abidələrin mühafizəsinin təmin edilməsidir. Tarixi abidələr mühafizə edilməsə, onun saxlanmasında müəyyən problemlər yaranır. Nazir müavinin bildirdiyinə görə, bu sahəyə ayrılan maddi resurslar azdır. Bərpa olunası tarixi abidələr çoxdur. Bunun hamısını məhdud maliyyə resursları ilə həyata keçirmək olduqca çətindir. Qeyd olunub ki, konkret beynəlxalq meyarlara cavab verən si­yahı tərtib olunacaq. Beynəlxalq, ölkə daxilində və yerli səviyyədə əhəmiyyətli olan abidələrin siyahısı hazırlanacaq. Məhdud maliyyə resursları vasitəsilə çalışacağıq ki, bütün tarixi abidələrin bərpasını həyata keçirək.

İslahatlar yaradıcı təşkilatlar və ictimai birliklərin fəaliyyətlərinin gücləndirilməsinə də mühüm stimul verəıcək. Nazir müavini deyib ki, bu təşkilatlar və ictimai birliklər Mədəniyyət Nazirliyinə layihə təqdim etməlidirlər. Belə olsa, biz də onlara maliyyə vəsaitinin ayrılması üçün köməklik edə bilərik.

Nazir müavini Anar Kərimov deyib ki, yeni mədəniyyət strategiyası hazırlanmalıdır. Son vaxtlar Prezident İlham Əliyevin tapşırıqlarına uyğun addımlar atmağa başlamışıq. Vəziyyətin təhlil edilməsi üzrə işlər aparılır. Mədəniyyət Nazirliyində aşkara çıxan problemlərin həlli üçün proses davam edir. Bu prosesin davamı üçün biz islahat işçi qrupu təsis etmişik. Burada yerli, xarici ekspertlər var. Xarici ekspertlər bundan əvvəl Azərbaycana səfər edən şəxslərdir. Onlar da bu işçi qrupa cəlb edilib. Azərbaycanda mədəniyyət sahəsində islahatların keçirilməsi dövrün tələbidir.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

25 Sentyabr 2020 03:04 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə