Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pandemiya dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi

Səhiyyə Nazirliyinin şöbə müdiri Nəzifə Mürsəlova xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin bərpasından danışıb. Onun qeyd etdiyi kimi, bu istiqamətdə işlərin aparılması üçün  Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” müvafiq qərarı imzalanıb. O, Səhiyyə Nazirliyinin təhsil prosesinin davam etdirilməsinin təşkili istiqamətində atdığı addımlardan söhbət açıb. Qeyd edib ki, sözügedən qərarın icrası məqsədilə Səhiyyə Nazirliyi ilə birlikdə “Xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları” hazırlanıb və Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Bu qaydalar ÜST-ün “COVID-19-un yayılması ilə əlaqədar təhsil müəssisələrində sağlamlığın qorunması tədbirlərinə dair tövsiyələri” və ölkəmizdə COVID-19 infeksiyasının yayılmasına qarşı aparılan profilaktik və epidemioloji tədbirlər üzrə əldə edilmiş təcrübələr əsasında hazırlanıb.

Nəzifə Mürsəlova uşaqlarını təhsil müəssəsinə göndərən valideynlərə məsləhət verib: “Əgər valideyn uşaqda xəstəliyin simptomlarını müşahidə edirsə, uşaq COVID-19-a görə laborator müayinədən keçmiş və nəticəsi pozitiv çıxmışdırsa, ailə üzvlərinin birində test nəticəsi pozitiv çıxıb və ya xəstələnib və sağalmışdırsa, lakin sonuncu test nəticəsinin neqativ olmasından hələ 14 gün keçməmişdirsə, bu zaman valideyndən övladının təhsil müəssisəsinə göndərilməməsi tələb olunur.

Tələbədə xəstəlik şübhəsini yaradan simptomlar haqqında danışan Nəzifə xanım deyib ki, uşaq və ya gəncdə bədən hərarətinin 37.1°C və ya daha yüksək olduğu müəyyən edilərsə və ya xəstəliyin hər hansı əlamətləri (yüksək hərarət, öskürək, nəfəs darlığı, dadbilmə, iybilmə hissinin itməsi, halsızlıq və s.) müşahidə olunarsa, təhsil müəssisəsinin rəhbəri ilk olaraq, uşağın və ya gəncin valideyninə və eyni zamanda müəssisənin tibb nümayəndəsinə bu haqda məlumat verməli və uşağın izolyasiya edilməsi məqsədilə xüsusi karantin otağında yerləşdirməlidir. Uşaqla təmasda olan şəxslərin təhlükəsizliyini təmin etmək üçün onlar fərdi mühafizə vasitələrindən (tibbi maska, əlcək, üz sipəri və baxil) istifadə etməlidirlər və karantin otağında pəncərələr (mümkün olduğu halda) açıq saxlanılmalı və otaq havalandırılmalıdır. Uşaq və ya gənc bu otağı tərk etdikdən sonra otaq 3 saat istifadəsiz saxlanılmalı və 3 saatdan sonra təmizlənib, dezinfeksiya edilməlidir.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

25 Sentyabr 2020 09:10 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə