Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Arsak sözünün ermənilərə heç bir dəxli yoxdur

Bu  ad nə vaxt və hansı tarixi şəraitdə meydana gəlib? Qədim yazılı mənbələrdə Arsak toponimi Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın hansı hissəsinə aid edilmişdir? Arsak əhalisinin etnik mənşəyinin müəyyənləşdirilməsində hansı dəlillərə əsaslanmaq lazımdır? AMEA-nın Tarix İnstitutunun elmi işçisi Ramin Əlizadənin bu bu sualları cavablandıran elmi  açıqlamasını oxucularımıza təqdim edirik:

Azərbaycan türklərinin əzəli yurd yeri olan Qarabağ bölgəsi Cənubi Qafqazda ən qədim insan məskənlərinin yerləşdiyi coğrafiyaya daxildir. Qarabağın Tunc dövrünə aid Xocalı, Xankəndi, Borsunlu, Sarçoban, Xaçınçay, Üçtəpə kurqanlarından yerli türk boylarına aid xeyli sayda maddi-mədəniyyət nümunələri – qədim türk boylarına aid dolixokran kəllə sümükləri, yaylaq-qışlaq həyat tərzi ilə əlaqədar olaraq taxıl və süd məhsullarının saxlanıldığı saxsı qablar, həmçinin dini dünyagörüşü əks etdirən müxətlif artefaktlar aşkar edilmişdir.

Göyçə gölünün cənub-şərq sahilində Aşağı Zağalı kəndi yaxınlığında aşkar edilmiş Urartu mixi yazılı kitabəsində Qarabağın dağlıq hissəsinin adı qədim türkcədə “Yurd” sözünün qarşılığı olaraq “Urte” kimi çəkilir. Qr. Kapansyan və N.V. Arutyunyan əsassız olaraq Arsak toponiminin Ur-te-xi adından yarandığını iddia etmişlər. Tanınmış arxeoloq B.B. Piotrovski Urartunun şimal-şərqə doğru genişlənmə siyasətinin Qarabağ yaylaqlarında yaşayan tayfaların ciddi müqaviməti üzündən baş tutmadığını qeyd etmişdir.

Əslində Arsak adı Sak etnonimindən yaranıb, doğru tələffüzü Ərsak olmuş, mənası isə “Sak əri, ərəni” deməkdir. Azərbaycanın qədim türk boylarının adı Urartu mənbələrində İşqigulu, Aşşur mənbələrində Aşquz və ya İşquz, qədim yəhudi dini mətnlərində Aşkenaz, İrandilli mənbələrdə Sak, yunan və latın mənbələrində isə İskit (Skutai) və Skolati kimi çəkilir.

Qafqaz regionunda, eləcə də, Xəzər dənizi hövzələrində yaşayan Sak boylarının antik mənbələrdə rast gəlinən Skolati adı, əslində, qədim türkcədə “Sak elatı” sözündən qaynaqlanır. Orta əsrlər dövründə Alban apostol kilsəsinin mərkəzi olan Gəncəsər məbədinin kitabəsində Alban-Xaçın knyazı Həsən Cəlal “Uca və böyük Ərsak ölkəsinin hökmdarı, Alban vilayətinin çarı Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu” kimi yad edilir. Bu kitabə, onun əcdadlarının qədim türk boyuna mənsub olan Ərsak soyundan olmasını bir daha təsdiq edir.

Təsadüfi deyil ki, XVIII əsrdə Qarabağın dağlıq hissəsində yaşayan Alban xristian məlikləri də, I Pyotra və II Yekaterinaya yazdıqları məktublarında özlərini “Arşaki soyundan olan Alban türkləri” adlandırmışlar. Akademik Yaqub Mahmudovun, haqlı olaraq, qeyd etdiyi kimi, sonralar erməni alimləri bu məktubları rus dilinə tərcümə edərkən, saxtakarlıq edərək “Arşaki soyu” ifadəsini “erməni rəisləri nəsli”, “Alban türkləri” ifadəsini isə “müsəlman albanlar” kimi təhrif etmişlər.

Qeyd edək ki, Arsak adı bir çox mənbələrdə Arşaki kimi də xatırlanır. Sak etnonimi Cənubi Qafqaz regionunda, o cümlədən Azərbaycan ərazisində əsasən yaylaq-qışlaq maldarlığı, dəmyə əkinçiliyi və atçılıqla məşğul olan türk boylarına verilmiş ümumi addır. Azərbaycanın şimalında qədim yazılı mənbələrdə bəhs olunan Sakasena, Balasakan (Sak düzü), Maskut (Massaget) toponimləri, hazırda isə Azərbaycan Respublikasında Şəki şəhərinin, Zaqatala rayonun, Zəngəzurda Sisakan (Sisian) rayonunun, Şəki kəndinin adları məhz Sak türklərinin adı ilə bağlı olaraq meydana gəlmişdir. Loru-Pəmbək ərazisində Gözəldərə kəndinin türksoylu boylarından biri Ərsaklılar adı ilə tanınırdı.

E.ə. I minilliyin birinci yarısında Qarabağ ərazisi İskit-Sak (İç Oğuz) dövlətinin tərkibində olmuşdur. Qədim dövr üzrə tanınmış tarixçi alim İ.M. Dyakonov Midiya imperiyasının şimal sərhədinin Araz çayının şimalında “keçmiş İskit dövlətinin ərazisi”ndən keçdiyini göstərir. Azərbaycanın şimalında (Göyçə, Qarabağ, Borçalı, Şəki, Mingəçevir, Gəncə-Qazax) İskit-Sak boylarına aid xeyli sayda maddi-mədəniyyət nümunələrinin aşkar edilməsi regionda onların hərbi-siyasi cəhətdən nüfuzunun güclü olduğunu sübut edir.

Antik mənbələrdə Kür və Araz çayları arasındakı ərazi Sakasena adı ilə tanınırdı. E.ə. I əsrin sonu-b.e. I əsrin əvvəllərində yunan coğrafiyaşünası Strabon Sakasenanın Sak boyunun adı ilə əlaqədar olaraq meydana gəldiyini qeyd edir (The Geography of Strabo, Harvard University Press, 1961, Vol: XI, 8, 4). I əsrdə yaşamış Roma tarixçisi Böyük Plini “Təbiət tarixi” əsərində Sakasenanın Kürdən cənubda geniş coğrafiyanı əhatə etdiyini qeyd edir (Pliny, the Elder. Natural History, Harvard University Press, 1961, Libri VI, 11:29).

Qədim yunan tarixçisi Arrian isə I-II əsrlərdə Sak ölkəsinin Alban dövləti ilə qonşuluqda, daha dəqiq desək Azərbaycanın qərbində Kür və Araz çayları arasındakı geniş ərazini əhatə etdiyini göstərir. İ.M. Dyakonova görə, Sakasena toponimi “Sakların yaşayış məskəni” (İran dillərində “Saka-sayana”) mənasında rəsmi olaraq Midiya dönəmindən başlayaraq İskit dövlətinin mərkəzi arealına verilən ad olmuşdur. III əsrin ikinci yarısına aid Sasani pəhləvi mətnlərində Cənubi Qafqazda Alban, Adurbadaqan (Atropatena), İberiya kimi dövlətlərlə yanaşı Sakan və Balasakan ölkələrindən də bəhs edilir.

Antik mənbələrdə Qarabağın dağlıq hissəsi Arsak adı ilə yox, Orxistena adı ilə tanınırdı. Orxistena adının Şərqi Anadoluda yaşayan Hurri boylarının dilində “urxi” (“sadiq insan” mənasında) sözündən yarandığını güman etmək olar. Hurri boylarının türksoylu saklarla qonşuluqda yaşadığını nəzərə alsaq Orxistena toponiminin Sak ölkəsinin daxilində türk boylarının oymaqlarından birinə kənardan verilən yer adı olması aydın olar.

Alban tarixçisi Musa Kalankatlı eramızın I əsrində Alban dövlətinin ərazisinin cənubda Araz çayından şimalda Borçalı ərazisindəki Hunan qalasınadək uzanan geniş dağlıq və düzən torpaqları əhatə etdiyini yazır. Onun verdiyi məlumata əsasən, Alban dövlətini Sisakan (Sak) soyundan olan Aran (Ərən) və onun varisləri idarə etmişdir (The History of the Caucasian Albanians. Oxford University Press, 1961, I, §4). E.ə. II əsr-b.e.I əsrlərində Azərbaycanın cənubunda Atropatena dövlətində Ərsak (Parfiya) hökmdarı III Artabanın “Ā” monoqramı ilə gümüş pulları zərb edilmiş və regionda “Ərsak pulları” adı ilə tanınmışdır. IV-V əsrlərdə Azərbaycan türk boyları Sasani fars imperiyasının zərdüştiliyi zorla yaymaq siyasətinə qarşı mübarizə aparırdılar.

V əsr müəllifi Yegişe Ərən adlı hun sərkərdəsinin Balasakanı özünə iqamətgah edən Sak hökmdarı ilə saziş bağlayaraq Sasani ordusuna qalib gəldiyini, hətta qarətçi basqınlar edən erməni nahararlarını Şərqi Anadoluya qədər qovmasından bəhs edir (Егишэ. О Вардане и войне армянской. Ереван, 1971, VI). Alban tarixçisi Gəncəli Kirakos “Tarix” adlı əsərində türk boylarını qədim zamanlarda olduğu kimi XI-XIII əsrlərdə də, İskit adı ilə tanındığını qeyd etmişdir (Гандзакеци К. История Армении (перевод с древнеарм.). Москва, 1976, I, § 83).

Bizans imperiyasında IV-XV əsrlərdə yazılmış yüzlərlə tarixi əsərlərdə və dövlət əhəmiyyətli sənədlərdə türklərin müxtəlif dövrlərdə Hun, Oğuz, Qıpçaq, Səlcuq, Osmanlı kimi endonimlərlə tanınmalarına baxmayaraq, bütövlükdə, onların hamısı İskit və ya Sak adlandırılmışdır. XVIII əsrin əvvəllərindən başlayaraq Avropada anti-türk təbliğatının genişlənməsinə xidmət edən və katolikliyi qəbul etmiş erməni mxitarist cərəyanının üzvləri qrabarca yazılmış mənbələri təhrif edərək Venesiyada nəşr etməyə başladılar. Həmin dövrdən başlayaraq M. Horenli, L. Parplı, Yegişe, Koryun və digər müəlliflərin əsərləri mxitaristlər tərəfindən təhrif edilərək “Hayos patmutyun” (“Hay tarixi”) adı ilə nəşr olundu və Avropa dövlətlərində “Armeniya tarixi” adı ilə təbliğ edilməyə başlanıldı.

Ciddi saxtakarlıqlara məruz qalmış bu cür nəşrlərdə Oğuz, Qıpçaq və Alban türk boylarının gerçək tarixi ört-basdır edildi. Qeyd edək ki, Ərsak bölgəsinin adı da bu cür nəşrlər vasitəsilə ermənicə təhrif edilmiş “Artsax” formasında sonradan elmi dövriyyəyə daxil edildi.

Hazırladı:
R.TAHİR,

“Xalq qəzeti”

24 Sentyabr 2020 12:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Oktyabr 2020 | 02:24
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə