Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İşğalçı Ermənistan təxribatlar törətməkdə davam edərsə, qarşısında güclü və qüdrətli Azərbaycan Ordusunu görəcək

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həllini tapmalıdır. Rəsmi Bakının bu mövqeyi beynəlxalq tribunalarda, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşlərdə də hər zaman səsləndirilib. Ermənistanın tutduğu mövqe isə münaqişə ətrafında gərginliyi artırır. Erməni rəsmilərinin intensiv şəkildə “yeni ərazi iddiaları” ilə çıxış etməsi, artan təcavüzkar ritorika sülh danışıqlarının da formatına ziddir.

Deputat bildirib ki, danışıqlar prosesinin məhz Ermənistanın pozucu fəaliyyəti nəticəsində dayanması işğal altındakı ərazilərimizin hərbi yolla azad edilməsinə zəmin yaradır və reallıq ondan ibarətdir ki, bu gün regionda güc balansı Azərbaycanın xeyrinədir. Dünyanın 50 ən güclü ordusundan biri kimi Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı işğaldan azad etmək üçün hərtərəfli imkanlara malikdir. Belə ki, Ermənistandan fərqli olaraq, Azərbaycan güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Azərbaycan Silahlı Qüvvələri istənilən vəziyyətdə döyüş tapşırığını yerinə yetirmək gücündədir.

 Ölkəmizdə ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, hərbi qulluqçuların sosial məsələlərinin həlli də daim diqqət mərkəzindədir. Burada xalqın orduya dəstəyi ən önəmli məsələlərdən biridir. Azərbaycan xalqı, hər bir vətəndaş Milli Ordumuzun gücünə inanır. Tovuz əməliyyatları zamanı orduya genişmiqyaslı dəstək yürüşlərinin təşkili bunu bir daha təsdiqlədi. Yəni, Ermənistan öz himayədarlarının dəstəyinə arxayın olub hərbi əməliyyatlar üçün zəmin yaratsa da, əslində, özü tərəf kimi bu vəziyyətə hazır deyil. Erməni cəmiyyəti də sülh danışıqlarının dayanması fonunda müharibənin qaçılmaz olduğunu dərk edir və yaranmış mürəkkəb situasiyaya görə Paşinyan hökumətini ittiham edir. Çünki mümkün hərbi əməliyyatların Ermənistan üçün hansı nəticələri verəcəyini proqnozlaşdırmaq elə də çətin deyil. Bunun üçün 2016-cı il Aprel döyüşləri, eləcə də 2020-ci il iyul Tovuz  əməliyyatlarını xatırlamaq kifayətdir.

Dövlətimizin başçısı Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasındakı çıxışında da bəyan etdi ki, Ermənistan--Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir.

Əgər işğalçı ölkə sülh danışıqlarından yayınarsa və sərhədboyu ərazilərdə təxribatlar törətməkdə davam edərsə, bu zaman qarşısında güclü və qüdrətli Azərbaycan Ordusunu görəcək.

Könül NURULLAYEVA,
Milli Məçlisin deputatı, AŞPA - da nümayəndə heyətinin üzvü

24 Sentyabr 2020 12:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə