Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Keçmiş döyüşçü: İşğalçı dövlət törətdiyi soyqırımına, cinayətlərə və təxribatlara görə cavab verməlidir

Bu günlərdə Prezident İlham Əliyev Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konseptual fikirlər irəli sürmüşdür.  Dövlətimizin başçısı Ermənistan hökumətinin beynəlxalq aləmdə özünü ləyaqətsiz apardığını vurğulayaraq demişdir: “Ermənistanın siyasətinin əsas qayəsi özlərini alçaltmaqdır, özlərindən məzlum, yazıq xalq imici düzəltməkdir, ağlaşmaqdır və ondan-bundan nə isə imtiyaz, ianə, qrant, kömək qoparmaqdır”.
Möhtərəm Prezidentimizin  kəskin bəyanatları ölkə ictimaiyyətinin ən müxtəlif təbəqələrinin nümayəndələri tərəfindən dərin məmnunluq hissi ilə ­qarşılanmışdır. “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti, Əfqanıstan və Qarabağ müharibələri veteranı Sərraf Orucov bu barədə fikirlərini bizimlə bölüşərkən demişdir: 
– Bütün vətənpərvər insanlar kimi, mən də Ali Baş Komandan cənab İlham Əliyevin Dağlıq Qarabağla bağlı nitq və çıxışlarını dərin maraqla izləyirəm və xalqımızın sevimli liderinin torpaqlarımızın  düşməndən azad edilməsi ilə bağlı qətiyyətli fikirlərini ürəkdən alqışlayıram. 
Ermənistan işğalçı, təcavüzkar dövlətdir. Bu ölkə faktiki olaraq, regionda təxribat ilə məşğul olur və terrorizmə sponsorluq edir. Rəsmi İrəvan Dağlıq Qarabağın ərazisinə Suriyadan və başqa ölkələrdən min bir saxta vəd verib terrorçular gətirir. Niyyət bəllidir: Azərbaycan torpaqlarını işğal altında saxlamaq. Lakin Paşinyanın bu niyyəti gözündə qalacaq. Çünki qarşısında güclü və qüdrətli Azərbaycan dövləti, yenilməz Milli Ordumuz dayanır.
Mən Əfqanıstan və Qarabağ müharibələrində iştirak etmişəm. Tam əminliklə deyə bilərəm ki, Azərbaycanın mərd, igid oğulları düşməni torpaqlarımızdan mütləq qovub çıxaracaqlar. Ermənilər Azərbaycan Ordusunun əsl gücünü 2016-cı ilin Aprel və bu ilin İyul döyüşlərində görüblər. Onlar indi qorxu və təşviş içindədirlər. 
Prezident İlham Əliyevin bildirdiyi kimi, Ermənistanın işğal edilmiş torpaqlarda məskunlaşdırma aparması bütün beynəlxalq konvensiyalara ziddir, qanunsuzdur, cinayətdir. Bunu Paşinyan rejimi şüurlu şəkildə edir və Azərbaycanı təxribata çəkir. Ermənistan yeni böyük müharibəyə hazırlaşır. Onların təmas xəttinə yaxın ərazilərdə qüvvələri cəmləşdirirlər. Rəsmi İrəvan öz ənənəvi havadarlarının köməyinə ümid edir. Lakin yanılır. Bu dəfə Ermənistanı biabırçı məğlubiyyət gözləyir. 
Bu gün Azərbaycan dövləti tək deyil. Qardaş Türkiyə də  bizim yanımızdadır. Son illər ərzində Türkiyə–Azərbaycan birgə hərbi təlimlərinin sayı ciddi şəkildə artmışdır. Bu amil rəsmi İrəvanda təşviş doğurur.   
 Dağlıq Qarabağda bizim Böyük Qələbəmiz lap yaxındadır. Haqq-ədalət bizim tərəfimizdədir. Biz əzəli və tarixi torpaqlarımızı mütləq azad edəcəyik. 
Söhbəti qələmə aldı:  
M.HACIXANLI, 
“Xalq qəzeti” 

 

24 Sentyabr 2020 11:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə