Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

S.Lavrovun fikirləri Ermənistanın aqressiv ritorikasının növbəti ifşasıdır

Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti Cənubi Qafqazda sülhə ən böyük əngəldir. Bu, artıq bölgə ölkələrindən savayı, münaqişənin həlli ilə bağlı danışıqlarda iştirak edən dövlətləri də narahat edir. Milli Məclisin Sədri Sahibə Qafarova ilə Rusiya xarici işlər naziri Sergey Lavrovun görüşündə rusiyalı baş diplomatın fikirləri mühüm əhəmiyyət daşıyır. S.Lavrovun  dedikləri Ermənistanın aqressiv ritorikasının növbəti ifşasıdır.
Bu fikirləri Milli Məclisin deputatı Məzahir Əfəndiyev bildirib.

Deputat qeyd edib ki, S.Qafarova istər S.Lavrovla görüşündə, istərsə də  Rusiya Federal Məclisinin Federasiya Şurasında çıxış edərkən münaqişənin sülh yolu ilə həllində məhz Ermənistanın mane olduğunu bəyan etdi. Sədr qeyd etdi ki, Azərbaycan münaqişənin sülh yolu ilə siyasi həllinə sadiqdir. Münaqişənin həlli BMT Nizamnaməsi, Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Helsinki Yekun Aktı əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır. ATƏT-in Minsk Qrupunun nəticəsiz fəaliyyəti fonunda bu qrupun həmsədri olan Rusiya Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində fəal iştirak edir. Rusiya tərəfi bu sahədə çox səy göstərmişdir. ­Bununla birlikdə, son vaxtlar Ermənistanın baş naziri N.Paşinyanın münaqişənin həlli üçün kompromis variantın yalnız Azərbaycanın Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnu tanıması şərtilə müzakirə edilə biləcəyi barədə “yeddi şərt” deyilən absurd açıqlamalar münaqişənin sülh yolu ilə həlli üçün dünya birliyinin bütün səylərini puç edir.
Görüş zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirdi ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə öz dəstəyini verir və bu sahədə səylərini əsirgəmir. Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər münaqişənin nizamlanması prosesinə maneə törədir.   Bu, rəsmi Moskvanın mövqeyidir. 
“Bu fikirlər həm də onu göstərdi ki, Ermənistan hökumətinin münaqişənin həlli istiqamətində heç bir addım atmaması, əksinə, regionu böyük müharibəyə sürükləməsi, Azərbaycan üçün müharibə variantına alternativ həll yolu qoymaması qonşu dövlətləri, o cümlədən, Rusiyanı da qane etmir”. – deyə deputat əlavə edib. 
Anar TURAN, 
“Xalq qəzeti”

 

24 Sentyabr 2020 11:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə