Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarşımızdakı kimdir?..

Dövlət başçısının, 19 sentyabrda Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda – “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma tədbirindən sonra yerli TV-lərə verdiyi müsahibə gündəmin əsas müzakirə mövzusu olaraq qalır. Bu müsahibədən çıxan ən diqqətçəkici məqamlardan biri də, hərbi ritorika ilə bağlı düşüncələrə rəvac verməsidir. Hərbi ritorika anlayışına münasibətdə işğalçı ilə işğala məruz qalan, ədalətsiz və ədalət axtaran tərəf eyni cərgədə ola bilməz. Cənab Prezidentin bütün böyük nitqlərində, mötəbər tribunalardakı çıxışlarında, müsa­hibələrində Qarabağ həmişə ana xətt olaraq keçib. Bu anlamda, 19 sentyabrdakı müsahibə də istisna deyildi. Bizim hərbi ritorikamız işğalçının etdiklərinə cavab dəyərindədir; düşmən hətta daha heç nə etməsə, səhərdən-axşamadək sülhdən danışsa belə, onların işğalı davam etdirməsi faktının özü hərbi ritorikanı doğurur. Lakin Ermənistan tərəfinin hərbi ritorikası qanunsuzluq üstünə qanunsuzluq mənasındadır. İşğalı möhkəmlətmək, genişləndirmək niyyətini ifadə edir və əlbəttə, qəbul oluna bilməz.

Özü də, söhbət o ölkədən gedir ki, o ölkə tarixi Azərbaycan torpaqlarında yerləşir, o ölkə ərazisindəki erməni hakimiyyətinin uzağı 100 ildən azca artıq tarixcəsi var. Ermənistan bir ölkənin forpostudur, burada Rusiyanın hərbi bazası yerləşir, strateji önəm daşıyan iri müəssisələrinin, demək olar, hamısı başqa ölkələrə məxsus şirkətlərin idarəçiliyindədir və s. Bax belə bir ölkədə buğun söz sahibi Sorosdur. Təzaddır, deyilmi? Ermənistan təzadlar ölkəsidir. Ümumən Ermənis­tanda Ermənistanlıq qalmayıb (yaxud qalma­malıdır). Başqa bir təzad – guya qalib Ermənistanın məğlublara bərabər həyat şərtləri içində olmasıdır. Bu gün orada yürüdülən siyasət heç erməni xalqının özünün maraqlarına da xidmət etmir. Bədnam siyasət və işğalçılıqda şinimək Ermə­nistanı uçuruma aparır.

Cənab Prezidentin “Ermənilər təkbaşına bizim torpaqlarımızı işğal edə bilməzdilər” fikri açıq siyasi mesaj kimi qəbul edilməlidir. Bu mesaj, hadisələrin inkişaf trayek­to­riyasından asılı olmayaraq, Azərbaycanın hər zaman müharibəyə hazır olduğunun nü­mayişdir. Bu mesaj Azər­baycanın gücünü – dövlət siyasətimizin nə dərəcədə müstəqil olduğunu göstərir. “Danışıqlar faktiki olaraq getmir. Mən demişəm ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O demək deyil ki, biz danışıqlardan imtina edirik, biz Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmirik. Bu görüntü naminə aparılan danışıqlarda iştirakımız o görüntünün mahiyyətinə uyğun olacaqdır”. – Beynəlxalq icti­maiyyət, dünya birliyi bilməlidir ki, bu sözlər hərbi ritorikanın təzahürü yox, məhz tarixi ədalətin bərpasına dair bir çağırışdır və mövcud hərbi-siyasi duruma adekvatdır.

Qarşımızdakı kimdir? – qarşıdakı o zehniyyətə sahibdir ki, havadarlarının davamlı hərbi-siyasi dəstəyi ilə həyata keçirdiyi işğalın dırnaqarası nəticəsini pozulmaz nəticə sayır; hətta, yeni işğala həvəslənir. Cənab Prezidentin “Faktiki olaraq Ermənistan rəhbəri danışıqlar prosesini pozub, pozur yox, pozub” fikri artıq Ermənistana inamın sıfırlarda olduğunu çox açıq şəkildə göstərir. Və Pşainyanın ötən il Xankəndində “Qarabağ Ermənistandır. Nöqtə” deməsindən sonra bizi hərbi ritorikada suçlaması, sadəcə gülüş doğurur. Gülüş doğurur ki, guya danışıqlara hazır olan, guya demokrat olan Paşinyan, Azərbaycana Ermənistanla yox, qondarma Dağlıq Qarabağ rejimi ilə danışıqlar aparmağı təklif edir. Heç Ermənistanın özünün belə tanımağa cürət etmədiyi xunta rejimini muhatab alıb, danışacağımızı zənn etməsi, təzadlar ölkəsi başbilənlərinin mən­tiqsizliyinin daha bir göstəricisidir. – “Faktiki olaraq bu açıqlamalar onu deməyə əsas verir ki, Ermənistan danışıqlardan çıxıb, biz yox, Ermənistan.” – Prezidentin bu fikri “Azərbaycanı mü­haribəyə sövq edirlər” kimi də qəbul oluna bilər. Beynəlxalq ictimaiyyət çox gec olmadan bu barədə düşünməlidir.

Cənab Prezidentin “Ermənistan regional sabitlik üçün təhdiddir. Ermənistan Türkiyəyə qarşı ərazi iddiası irəli sürüb. Onların konstitusiyasında bu, öz əksini tapıb, təsbit edilibdir” fikiri isə işğalçı ölkənin bir başqa üzünü, daha doğrusu üzsüzlüyünü dəqiq təsvir edir. – Ermənistan:

- Azərbaycan Respublikasının torpaqlarını işğal altında saxlayır, işğal bölgəsində qanunsuz məskunlaşma hə­yata keçirir;

- Gürcüstanla qeyri-səmimi davranır, Axalkalaki səmtində “gələcək ikinci Qarabağ” bəsləyir, gürcü soyadlı ermənilərlə gürcü dövlətinin materiyasınadək nüfuz etməyə çalışır;

- İranla “zorən dost”dur – dünyanın ən qeyri-tolerant dövləti olan, İslam abidələrini dağıdan, Allah evi sayılan məscidlərə öz sevimli heyvanlarını dolduran, İslam müqəddəslərini təhqir edən bir zehniyyət İslam Respublikası ilə səmimi dostmu olacaq? – Özü də, bu tayda torpağını işğal etdiyi azərbaycanlıların o taydakı soydaş sayını yaxşı bilən Ermə­nistanın əlinə düşən ilk fürsətdəcə İranın kürəyinə bıçaq saplamayacağına kim zəmanət verə bilər? 110-120 il öncələrdə Osmanlının “millet-i sadıka”sı, “tebay-ı sadıka”sı olan, paşa rütbəsinədək yüksəldilən ermənilər, içində yaşadığı, suyunu içib, çörəyini yediyi Osmanlıya göstərmədiyi sədaqəti, qonşu İranamı göstərəcək, yəni?!

-Bayaq da vurğuladığımız kimi, forpostu olduğu ölkənin deyil, okeanın o tayındakı qüvvənin idarəetmə formuluna uyan təzadlar ölkəsinin ictimai-siyasi gerçəkliyi etibara, inama yer qoyurmu? (Bu, əlbəttə, ritorik sualdır). – Dörd qonşunun dördü ilə də açıq-gizli düşmənçilik aparan, ciddi problemlər yaşayan, etnik tərkib (98.1% - ermənilər, 1.2% - yezidilər, 0.4% - ruslar, 0.3% digərlər...) baxımından, demək olar, monoetnik dövlət olan Ermənistanın sifətini, ismini və təyinini bir kəlmə ilə ifadə edən cənab Prezident “Fail state” (“Uğursuz ölkə”) dedi. – Bu, mövcud kontekstdə yeni siyasi ritorika kimi, dəqiq təsbit kimi qəbul edilməlidir.

Və nəhayət, sonda qısa şəkildə və obrazlı da olsa, “milli prioritetlər ritorikası”na toxunaq. Prezidentin Bakı dərin özüllər zavodundakı müsahibəsi rəsmi Bakının mövqeyinin ifadəsi olması ilə, ifadə etdiyi dərinliklə və söykəndiyi özüllərlə bir əsər təşkil edir. Bu əsər-müsahibə ərazi bütövlüyü ilə bağlı, işğalın aradan qaldırlması ilə bağlı məsələlərdə emosiyalara deyil, məhz milli maraqlara istinad olunmasını diqtə edir. Dövlət başçısının təcrübəsi, uzaqgörənliyi, siyasi pe­şəkarlığı və malik olduğu bilgilər emosiyalardan üstün olmağa imkan verir. Ona görə də, işğalçı dövlətin ünvanına deyilənlər emosiyaları təzahür etdirmir, adekvatlığı təcalla etdirir.

Dövlətimiz zaval görməsin!

Əkbər QOŞALI,
 Milli QHT Forumu İdarə Heyətinin üzvü

24 Sentyabr 2020 10:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə