Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikası Konstitusiyası­nın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində müasir infor­masiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi, habelə doğu­mun və ölümün qeydə alınması sahəsində fəaliyyətin təkmilləşdirilməsi, operativliyin və əlçatanlığın təmin edilməsi məqsədilə qərara alıram:

1. Doğumun və ölümün dövlət qeydiy­yatı aşağıdakılar təmin edilməklə elektron qaydada həyata keçirilsin:

1.1. doğumun və ölümün qeydə alınma­sı üçün elektron qaydada müraciət edilməsi;

1.2. doğum və ölüm faktını təsdiq edən sənədlərin elektron sənəd formasında tərtib edilməsi, doğumun və ölümün qeydə alın­ması ilə bağlı şəhadətnamələrin və arayış­ların elektron qaydada verilməsi;

1.3. doğumun və ölümün qeydə alın­ması ilə bağlı sənədlər üzrə məlumatların, habelə vətəndaşların dəfni ilə bağlı məlumatların Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri İnformasi­ya Sisteminə və Dəfnlərin vahid dövlət reyestrinə daxil edilməsi (ötürülməsi), eləcə də Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə digər aidiyyəti dövlət informasiya ehtiyatlarına və sistemlərinə ötürülməsi;

1.4. doğumun və ölümün qeydə alın­ması sahəsində təhlillər aparılması, habelə məlumatların avtomatik ümumiləşdirilməsi və statistik hesabatların hazırlanması.

2. Bu Fərmanın 1.4-cü bəndinin icrası ilə əlaqədar bu Fərmanın 4-cü və 6–8-ci hissələrində nəzərdə tutulan dövlət orqanları (qurumları) aşağıdakı məlumatların EHİS vasitəsilə əldə olunmasını təmin etməlidirlər:

2.1. şəxsin doğumunun qeydə alınması ilə bağlı:

2.1.1. soyadı, adı, atasının adı;

2.1.2. cinsi;

2.1.3. doğum tarixi;

2.1.4. doğulduğu yer;

2.1.5. valideynlərinin soyadı, adı, atasının adı və milliyyəti;

2.2. şəxsin ölümünün qeydə alınması ilə bağlı:

2.2.1. soyadı, adı, atasının adı;

2.2.2. cinsi;

2.2.3. doğum tarixi;

2.2.4. ölüm səbəbi;

2.2.5. öldüyü yer;

2.2.6. öldüyü tarix.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. “Doğum haqqında elektron şəhadətnamə”nin və “Ölüm haqqında elektron şəhadətnamə”nin formasını bir ay müddətində təsdiq edib Azərbaycan Res­publikasının Prezidentinə məlumat versin;

3.2. doğum və ölüm faktını təsdiq edən sənədlər üzrə məlumatların, habelə vətəndaşların dəfni ilə bağlı məlumatların EHİS vasitəsilə ötürüləcəyi aidiyyəti dövlət informasiya ehtiyatlarının və sistemlərinin siyahısını bir ay müddətində təsdiq etsin;

3.3. doğumun və ölümün elektron qaydada qeydə alınması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin akt­larının təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublika­sının Prezidentinə təqdim etsin;

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi doğumun və ölümün dövlət qeydiyyatının, bununla əlaqədar müvafiq şəhadətnamə və arayışların verilməsi ilə bağlı elektron xidmətlərin EHİS vasitəsilə göstərilməsini təmin etsin.

5. Azərbaycan Respublikasının Pre­zidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi:

5.1. doğumun və ölümün elektron qaydada qeydə alınması üçün “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasi­yası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, aidiyyəti dövlət informa­siya ehtiyatlarının və sistemlərinin EHİS vasitəsilə əlaqələndirilməsini, o cümlədən məlumatların real vaxt rejimində EHİS vasitəsilə ötürülməsini təmin etsin;

5.2. doğumun və ölümün qeydə alınması ilə bağlı məlumatların avtomatik ümumiləşdirilməsini, habelə təhlillərin aparılmasını və statistik hesabatların hazırlanmasını təmin etsin;

5.3. bu Fərmanın icrası məqsədilə aidiyyəti dövlət informasiya ehtiyatlarının və sistemlərinin mütəmadi qiymətləndirilməsini həyata keçirsin;

5.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi xaricdəki konsulluq idarələri tərəfindən doğumun və ölümün dövlət qeydiyyatı ilə bağlı sənədlərin elektron sənəd formasında tərtib edilməsini və həmin sənədlər üzrə məlumatların həmin gün Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri İnformasiya Sisteminə daxil olunmasını təmin etsin.

7. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi:

7.1. tibb müəssisələri tərəfindən doğum və ölüm faktını təsdiq edən sənədlərin elektron sənəd formasında tərtib edilməsini və həmin sənədlər üzrə məlumatların real vaxt rejimində EHİS vasitəsilə Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri İnformasiya Sisteminə ötürülməsini təmin etsinlər;

7.2. aidiyyəti üzrə tibb müəssisələrini və təcili yardım briqadalarını zəruri avadanlıqla və internetə çıxışla təmin etsinlər.

8. Yerli icra hakimiyyəti orqanları yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri (bundan sonra – yerli nümayəndəliklər) tərəfindən doğu­mun və ölümün dövlət qeydiyyatı ilə bağlı sənədlərin elektron sənəd formasında tərtib edilməsini, həmin sənədlər üzrə məlumatların, eləcə də bələdiyyələrlə birlikdə vətəndaşların dəfni barədə məlumatların həmin gün Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri İnformasiya Sisteminə və Dəfnlərin vahid dövlət reyestrinə daxil edilməsini, habelə yerli nümayəndəlikləri zəruri avadanlıqla və internetə çıxışla təmin etsinlər.

9. Bu Fərmanın 4-cü və 6–8-ci hissələrində nəzərdə tutulan dövlət orqanla­rı (qurumları):

9.1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən qiymətləndirmənin nəticələrinə əsasən müvafiq informasiya ehtiyatlarını və sistemlərini təkmilləşdirsinlər;

9.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsinlər.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 sentyabr 2020-ci il

24 Sentyabr 2020 01:23 - FƏRMANLAR
FƏRMANLAR

Köhnə versiyamızdan xəbərləri izlə