Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Prezidenti Ermənistana birmənalı mesaj göndərdi: “Hər hansı bir təxribat törədilərsə, Azərbaycan üçün heç bir məhdudiyyət olmayacaq”

“Məxməri” baş nazir Nikol Paşinyan boş vədlərdən bezmiş erməniləri susdurmaq üçün müxtəlif uydurmalara əl atır, soydaşlarına kələk gəlir. İşğalçı ölkənin başçısı indi də “Facebook” səhifəsində Ermənistanın 2050-ci il transformasiyasını açıqlayıb. 2050 və ya 2100-cü illərdə Ermənistanın hansı istiqamətə doğru addımlayacağını görmək üçün gözləyə bilmədiklərini vurğulayan N.Paşinyan əlavə edib ki, “ölkəni bu gündən planlaşdırmalı, dizayn etməli və qurmalıdırlar”.

Gülməlidir, bu gün sosial-iqtisadi, eləcə də siyasi problemlər məngənəsində çapalayan ölkənin gündəlik çətinliklərini belə həll edə bilməyən baş nazir 30 il və ya daha çox müddəti əhatə edən mücərrəd inkişaf hədəflərindən, transformasiyalardan dəm vurur. Onun belə tələsməsi başadüşüləndir – erməni xalqı “məxməri inqilab” başbilənlərindən konkret nəticələr gözləyir. N.Paşinyan və tərəfdarları isə hərbi təxribatlara əl atmaqla, mənasız “inkişaf strategiyaları” dövriyyəyə atmaqla xalqın qəzəbini idarə etməyə çalışırlar. Ancaq N.Paşinyan və havadarları unudurlar ki, bayırda 90-cı illərin havası deyil və xəyallara dalmaqla və tarixi gerçəkliyi gözardı etməklə təhlükəsiz gələcəyi təmin etmək mümkün olmayacaq.

Erməni politoloqu Stepan Danielyan bu günlərdə özünün “Facebook” səhifəsində yazmışdı ki, Nikol Paşinyanı tənqid etmək, vəzifəsindən kənarlaşdırılması məsələsini müzakirə etmək faydasızdır, çünki o, klassik mənada Ermənistanın lideri deyil. Həqiqətən də, keçmiş prezident Serj Sarkisyan rejiminin əməllərindən boğaza yığılmış kütlənin köməyi, Soros fondu­nun isə dəstəyilə hakimiyyətə gəlmiş keçmiş qəzet rəhbərini artıq kimsə xalqın lideri saymır. Artıq sıravi erməni vətəndaşı da gözəl anlayır ki, N.Paşinyan xalqın deyil, xarici qüvvələrin siyasi iradəsinin ifadəçisidir və onun bütün fəaliyyəti Ermənistanı uçu­ruma sürükləyir. Prezident İlham Əliyevin dediyi kimi, Ermənistanın indiki rəhbərliyi məsuliyyəti dərk etmir: “Onlar bu addımların nəyə gətirib çıxara biləcəyini də düz­gün təhlil edə bilmirlər. Halbuki, Ermənistanda rasional düşüncəli insanlar, siyasətçilər var”.

Bəli, düşmən ölkədə siyasət adamları var ki, N.Paşinyanın fəaliyyətini avantürizm kimi qiymətləndirir, baş nazirin atdığı bütün addımların Ermənistanın dövlət kimi gələcəyini sual altına qoyduğunu bildirirlər. Məsələn, Si­yasi-iqtisadi Araşdırmalar İnstitutu­nun direktoru Andranik Tevanyan N.Paşinyanın “Ermənistan-2050” planını qısaca belə qiymətləndirir: “Dünəni və sabahı olmayan, günün gedişini idarə edən insan kəpənək həyatını yaşayır, qərar qəbul edə bilmir, amma 2050-ci ildən danışır”. Ermənistanın ictimai fəallarından biri Mihran Akobyan da “Facebook” səhifəsində yazıb ki, ölkə müharibənin astanasında­dır. Azərbaycanın diplomatik və informasiya hücumlarına cavab vermək əvəzinə, Ermənistanın baş naziri postunu tutan şəxs İrəvanda kafe-restoranlarda dolaşır. Erməni fəal statusunun sonunda bunu yazıb: "Bu rejimin mahiyyəti və əxlaqı haqqında bilməli olduğunuz şey məhz budur”.

“Birləşmiş Ermənistan” milli hərəkatının lideri Xaçik Asryan isə N.Paşinyan hökumətinin fəaliyyətini belə qiymətləndirir: “Bugünkü xarici yönümlü, sorosçu hökumətin qarşısına erməni milli dəyərlərini tamamilə alçaltmaq vəzifəsi qoyulub”. Erməni politoloq Armen Badalyan da hesab edir ki, N.Paşinyanın yeganə məqsədi hakimiyyətdə qalmaqdan ibarətdir: “Artıq görürük ki, baş nazirin yeganə məqsədi, nəyin baha­sına olursa-olsun, hakimiyyəti saxlamaqdır. Nikol Paşinyan, ümumiyyətlə, hər hansı vəziyyəti nəzərə almır, ona elə gəlir ki, başqaları üçün yanlış olan onun üçün doğru olandır”. A.Badalyanın sözlərinə görə, ölkədə sosial-iqtisadi vəziyyətin kifayət qədər pisləşməsini nəzərə almaqla cəmiyyətdə hazırkı hakimiyyətə qarşı olduqca böyük narazılıqlar yaranıb. Belə ki, Ermənistanda iqtisadiyyatın bəzi sahələri, ümumiyyətlə, dayanıb, bundan əlavə, pandemiyadan artıq 1200 şəxs ölüb.

Göründüyü kimi, Ermənistanda baş nazir Nikol Paşinyanın fəaliyyətindən ciddi şəkildə na­razıdırlar və Qarabağ problemi ətrafında yaranmış mürəkkəb vəziyyətə görə “inqilabçı baş nazi­ri” günahlandırırlar. Ermənistanın üzləşdiyi siyasi-iqtisadi böhra­nın daha da dərinləşməsində N.Paşinyanın məsuliyyət daşıdığı­nı düşünürlər.

Əlbəttə, Azərbaycanda da belə fikirləşirlər. Azərbaycan Prezidenti İlham Əliyev yerli telekanallara verdiyi müsahibədə işğalçı Ermənistana Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aydın mesajlar göndərdi. Ölkə başçısı Ermənistanla danışıqların praktik olaraq dayandığını, da­nışıqlar prosesinin pozulmasının əsas günahkarının Ermənistan hökumətinin başçısı Nikol Pa­şinyan olduğunu bildirdi. Xatırla­daq ki, N.Paşinyan hakimiyyətə gəldikdə, münaqişənin danışıqlar yolu ilə həlli üçün ciddi addımlar atacağına dair mülayim mesajlar göndərmişdi. Azərbaycan Prezi­denti də müsahibəsində bildirdi ki, o vaxt ondan ermənilərə vaxt verilməsi xahiş olunmuşdu. Çünki Ermənistanda daxili vəziyyət ağır və çətin idi, keçmiş hakimiyyətin nümayəndələri revanş almaq istəyirdilər və bu da danışıqlar prosesinə çox mənfi təsir göstərə bilərdi.

Prezident İlham Əliyev Ermənistandakı daxili siyasi gərginlikdən istifadə etməyərək yeni Ermənistan hökumətinə bir şans vermişdi. Halbu­ki münaqişənin başlandığı ərəfədə, Qarabağda hərbi münaqişənin gərgin zamanında Levon Ter-Petrosyan hökuməti Azərbaycanda hakimiyyət böhra­nından istifadə edərək, xaincəsinə ilhaq siyasəti həyata keçirmişdi.

Amma N.Paşinyan ona verilən çox dəyərli vaxtı yalnız öz məqsədlərinə xərclədi, beynəlxalq ictimaiyyətin danışıqların kons­truktiv məcrada inkişaf edəcəyinə olan ümidlərini puç etdi. Prezident İlham Əliyev yerli televiziya kanal­larına müsahibəsində bu məqama toxunaraq bildirdi ki, müəyyən müddət ərzində Minsk qrupu­nun həmsədrləri də ümidlərlə yaşayırdılar və gəlib gedəndə, görüşlər əsnasında ümidlərlə dolu fərziyyələr irəli sürürdülər: “Ancaq keçən il Ermənistan baş nazirinin səsləndirdiyi cəfəng fikirlər danı­şıqlar prosesinə ciddi zərbə vurdu. “Qarabağ Ermənistandır” deməklə nəinki o yalanı bütün dünyaya yaydı və bu da davam edir, eyni zamanda, danışıqlar prosesini mənasız edir. Əgər o hesab edir ki, Qarabağ Ermənistandır, onda nə barədə danışmaq olar?”.

Ölkə başçısı erməni baş nazirinin məlum çıxışını siya­si təxribat kimi qiymətləndirdi. Ermənistanın bir az ağlı başında olan siyasətçiləri də düşünürlər ki, N.Paşinyan və havadarları çox təhlükəli siyasət yürüdürlər. Məsələn, Qarabağın "Milli Təhlükəsizlik Şurası"nın keç­miş katibi Vitali Balasanyan jurnalistlərə verdiyi müsahibəsində deyib ki, bu gün Ermənistan və Qarabağ ən azı daxili və xarici arenada çox təhlükəli siyasət yürüdürlər. Onun sözlərinə görə, bu, Ermənistandakı so­sial vəziyyətlə yanaşı, təhsil, kilsə, təhlükəsizlik sahəsindəki bütün uğursuzluqlarla bağlıdır. V.Balasanyan həmçinin qeyd edib ki, Ermənistan baş naziri Nikol Pa­şinyan etiraz aksiyaları başlayana qədər gözləməməlidir. Separatçı rejimin keçmiş işçisi V.Balasanyan da etiraf edir ki, N.Paşinyanın hakimiyyətdən getməsinin vaxtıdır.

Lakin ermənilər, elə N.Paşinyan da yaxın tarixi unu­durlar. Rəsmi İrəvan unudur ki, keçmiş prezident Serj Sarkisyan məhz Madrid prinsiplərini və Kazan həll modelini rədd etməklə 2016-cı ilin Aprel döyüşlərinin başlanmasına və böyük ərazilərin geri qaytarılmasına şərait yarat­mışdı. Yəni status-kvonu saxla­mağa çalışmaqla S.Sarkisyan hakimiyyətdən məhrum olmuşdu.

Xatırladaq ki, N.Paşinyan Ermənistanın ilk prezidenti olmuş Levon Ter-Petrosyan konsepsi­yasının tərəfdarı və onun siyasi silahdaşı kimi müxalifətdə olan zaman S.Sarkisyan hakimiyyətinin Qarabağ siyasətini tənqid edir, kompromislərə və qarşılıqlı güzəştlərə çağırırdı. Bundan başqa, N.Paşinyan küçənin təzyiqi nəticəsində hakimiyyəti ələ keçirərək, Azərbaycan tərəfini əvvəlki hökumətin ulti­mativ-aqressiv konsepsiyasına yenidən baxacağı ilə hər vəchlə ümidləndirirdi. Ancaq N.Paşinyan və onun silahdaşları hakimiyyətdə möhkəmlənərək münaqişə ilə bağlı aparılan danışıqlarda daha mürtəce mövqe tutdular.

N.Paşinyan daxili siyasi və iqtisadi problemlər fonunda Ermənistanda hakimiyyətə gəldi. Yəni Paşinyanın hakimiyyət uğrunda mübarizədəki əsas şüarı Qarabağ yox, Ermənistanın daxili problemləri olmuşdu. Yeni hökumət erməni xalqına iqtisadi irəliləyiş və ecazkar inkişaf mo­deli vəd etmişdi, ancaq “Soro­sun uşaqları” bir müddət sonra anladılar ki, Qarabağ problemi həll olunmadan ölkəni qapalı geosi­yasi dairədən çıxarmaq mümkün olmayacaq və iqtisadi və siyasi islahatlar uğursuzluğa məhkum olacaq. Ancaq N.Paşinyan ölkəsinin gələcəyini təmin etmək əvəzinə, populist və təxribatçı yola əl atdı. Hətta sələflərini belə arxada qoydu.

Əlbəttə, N.Paşinyanın Qa­rabağ siyasətinin radikallaş­ması Azərbaycanın haqlı re­aksiyasına səbəb oldu. İşğalın legitimləşdirilməsi və iyirmi illik danışıqlar prosesinin keyfiyyətcə yeni beynəlxalq vəziyyət kontekstində ləğv edilməsi, əsas beynəlxalq təşkilatların rolunun təsirsiz hala gətirilməsi Azərbaycan hökumətini razı sala bilməz. Etiraf etmək lazım gəlir ki, “inqilabçı” baş nazirin fəaliyyəti Azərbaycana, demək olar, seçim imkanı qoymur. Üstəlik, N.Paşinyan Azərbaycanla danışıqlar aparmaqdan imtina edərək, rəsmi Bakını marionet separatçılarla danışıqlar masası­na əyləşməyə təkidlə çağırmaq­la danışıqlar prosesini pozdu. Məhz buna görə də Prezident İlham Əliyev bildirdi ki, danışıqlar mənasını itirir.

Bundan başqa, Azərbaycan lideri birmənalı şəkildə açıqladı ki, formal danışıqlarda iştirak etməyəcək. Sülh prosesi dayanıb və nəticələri proqnozlaşdırılma­yan sonrakı hadisələrin günahı rəsmi İrəvanın üzərinə düşəcək. Xüsusilə qeyd etmək lazımdır ki, son illərdə Azərbaycan rəsmi İrəvanın avantürist və aqressiv ri­torikasına baxmayaraq, danışıqlar prosesini qorumaq üçün konstruk­tiv davrandı. Ancaq Ermənistan Azərbaycanın bu jestinə 12 iyul təxribatını həyata keçirməklə cavab verdi.

Bu təxribat hələ də davam edir. N.Paşinyan hökuməti və Dağlıq Qarabağdakı separatçı rejim Suriya və Livan ermənilərini Qarabağa köçürməyə girişiblər. Ermənistan tərəfindən qanunsuz məskunlaşdırma aparıldığını vurğulayan Prezident İlham Əliyev bildirdi ki, bu, bütün beynəlxalq konvensiyalara ziddir. “Onların ağlı çatmır, təcrübəsi, bilikləri yoxdur, onlar bunu nümayişkaranə göstərirlər. Bu, Cenevrə Kon­vensiyasına tamamilə ziddir, bu, cinayətdir. İşğal edilmiş torpaqlara haradansa insan gətirib qanunsuz məskunlaşdırmaq cinayətdir”,- deyən ölkə başçısı xüsusilə vurğuladı ki, bunu Paşinyan rejimi şüurlu şəkildə edir. Prezident İlham Əliyev dünyaya və işğalçı Ermənistana açıq mesajlar da göndərdi. Ölkə başçısı birmənalı şəkildə bildirdi ki, ermənilər hər hansı bir təxribata əl atarlarsa, onda Azərbaycan üçün heç bir məhdudiyyət olmayacaq və bunu hər kəs bilməlidir.

Mütəxəssislərin sözlərinə görə, bu, Prezident İlham Əliyevin erməni baş naziri N.Paşinyana və tərəfdarlarına ünvanladığı sərt və eyni zamanda, birmənalı mesaj olan ilk belə bəyanatıdır. Yəni Pre­zident İlham Əliyevin çıxışı Dağlıq Qarabağ məsələsində yeni hərbi-siyasi reallıqların ortaya çıxdığını göstərir və Azərbaycanın problemi həll etmək üçün alternativ yola əl atmaqda qərarlı olduğunu da təsdiqləyir.

Bir sözlə, Ermənistanın indiki hakimiyyəti də köhnə hakimiyyətin yolunu tutmağa üstünlük verdi. Baş nazir N.Paşinyan ölkəsinin real problemlərini həll etmək əvəzinə, təxribatçı hərəkətlərə əl atır və xalqının başını mənasız “strategiyalar”la qatmağa çalı­şır. Amma erməni baş naziri və tərəfdarları unutmamalıdırlar ki, Ermənistanın gələcək transfor­masiyası məhz Azərbaycanla münasibətlərinin qurulma­sından asılıdır. Əks təqdirdə, N.Paşinyanın “2050-ci il transfor­masiyası” Ermənistanı daha acı reallıqlarla üz-üzə qoyacaq.

Səbuhi MƏMMƏDOV, “Xalq qəzeti”

24 Sentyabr 2020 01:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə