Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığından xəbər verir

Prezident İlham Əliyev BMT-nin 75 illiyinə həsr edilən Yüksək Səviyyəli İclasdakı çıxışında Ermənistanın baş nazirinin Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılan mülki könüllülər dəstələrinin yaradılmasını elan etdiyini bildirib. Dövlətimizin başçısı daha sonra bu faktı, eləcə də işğalçı ölkənin müdafiə nazirinin Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələməsini xatırlat­maqla bir daha Ermənistan rəhbərliyinin təcavüzkar niyyətini diqqətə çatdırıb.

Təəssüf ki, Ermənistanın baş naziri Nikol Paşinyan unudur ki, ölkəmiz istənilən təhdidə adekvat cavab vermək gücündədir və heç bir qüvvə düşmən tapdağı altındakı torpaqları azad etməyə mane ola bilməz. Onu da qeyd edim ki, iş­ğalçı ölkə tərəfindən Azərbaycana qarşı səsləndirilən hədə-qorxu Ermənistan rejiminin yırtıcı və ter­rorçu mahiyyətindən xəbər verir. Ermənilər bu cür xislətlərini dəfələrlə nümayiş etdirərək, vandalizmə, necə deyərlər, sadiq qaldıqlarını bütün dünyaya göstəriblər. Amma faşist əməllərindən yenə də çəkinməyərək, fitnəkar bəyanatlar səsləndirməkdə, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymamaqda davam edirlər.

Ermənistanın Azərbaycana qarşı terror təxribarları törətməsi, eləcə də davamlı olaraq hədə-qorxu səsləndirməsi təsadüfi deyil. Bu, işğalçı ölkənin 30 ildir ki, beynəlxalq təşkilatlar tərəfindən cəzasız qalma­sı ilə bağlıdır. Fikrimin təsdiqi olaraq bir məqamı xatırlatmaq istərdim. Cənab İlham Əliyev sözügedən iclasda qeyd etdiyi kimi, bütün üzv dövlətlər BMT Nizamnaməsinə qo­şulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələmək və gücün tətbiqindən çəkinmək öhdəliyi götürüblər. Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozub və Azərbaycana qarşı hərbi güc tətbiq edib. Ermənistan Azərbaycanın Dağ­lıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu uzun illərdir ki, işğalda saxlayıb. Amma BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edil­miş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal altındakı Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılması­nı tələb edib. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir.

Əlbəttə, bu susqunluq, laqeyd­lik Ermənistanın, necə deyərlər, daha da əl-qol açmasına, davamlı hərbi təxribatlar törətməsinə gətirib çıxarıb. Halbuki, dünya birliyi bu təcavüzkar ölkənin insanlığa sığma­yan əməllərinə biganə qalmasaydı, Ermənistan regionda sabitliyə və təhlükəsizliyə ciddi təhdid olan ad­dımlar atmazdı.

Ermənistan Azərbaycan tor­paqlarının 20 faizini işğal altında saxlayır, bu ərazilərdə qanunsuz məskunlaşma siyasəti yürüdür. İşğalçı dövlət yüzlərlə tarixi və mədəni abidəni məhv edir və bütün bunlar azmış kimi, müxtəlif hərbi təxribatlara əl atmaqda davam edir. Bu təxribatların nəticəsində dinc insanlar həyatını itirir, sağlamlığından məhrum olur, onların əmlakına zərər dəyir. Amma beynəlxalq aləm susur, heç bir narahatlıq keçirmir.

Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini indiyədək məqsədyönlü şəkildə pozub. Onun “Qarabağ Ermənistandır” kimi aqres­siv və təxribatçı bəyanatları danı­şıqlar prosesinə ciddi zərbə vurub. Paşinyan danışıqlar prosesində əsassız şərtlər irəli sürüb və bu tələblər dövlətimiz tərəfindən, haqlı olaraq, qətiyyətlə rədd edilib.

Cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, sülhə nail olunması üçün Azərbaycanın yeganə şərti Ermənistan silahlı qüvvələrinin işğal edilmiş bütün ərazilərimizdən çıxarıl­masıdır. Əgər bu bəyanat reallaşma­yacaqsa, o zaman Azərbaycan işğal­çı dövlətlə güc dilində danışacaq.

Anar MƏMMƏDOV, Milli Məclisin deputatı

24 Sentyabr 2020 01:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə