Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Prezidentinin BMT-nin iclasında çıxışı ölkəmizin nüfuzunu daha da artırdı

Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda çıxışı ölkəmizdə böyük maraqla qarşılanıb. İctimaiyyət dövlət başçısının çox mühüm məsələlərə toxunduğunu qeyd edir. Prezidentə çıxış üçün dünyanın 182 ölkəsi arasında sayca altıncı söz verilməsi həm Azərbaycanın dövlət başçısı, həm də Qoşulmama Hərəkatının sədri kimi ona beynəlxalq səviyyədə göstərilən hörmət və etimad kimi qiymətləndirilir. Bu barədə tarix üzrə fəlsəfə doktoru Məhərrəm ZÜLFÜQARLI bildirdi:

– Birinci növbədə, qeyd etməliyəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının iclasında çıxışı bütünlüklə böyük diplomatik məharətlə hazırlanmışdı və demək olar ki, ölkəmizə dünya xalqları arasında nüfuz qazandırılmasına hesablanmışdı. Dövlətimizin başçısı çıxışında təsdiq etdi ki, Azərbaycan sıradan bir dövlət deyil, BMT-dən sonra ikinci böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının sədridir. 2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində Bakıda keçirilmiş 18-ci Zirvə toplantısında Azərbaycan sədrliyi öz üzərinə götürüb, onun rəhbəri bu iclasda öz çıxışını Qoşulmama Hərəkatına üzv dövlətlərin adından etdi.

Azərbaycan lideri vurğuladı ki, BMT və Qoşulmama Hərəkatı dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanılmasında, beynəlxalq əməkdaşlığın gücləndirilməsində mühüm və əvəzolunmaz rol oynayır. Amma hələ də insan hüquqlarının pozulması, maliyyə böhranları və ekologiyanın pisləşməsi ilə müşayiət olunan silahlı münaqişələr, təcavüzkar ekspansionist siyasətlər, terrorçuluq, separatizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq və ekstremizm dünyada milyonlarla insana mənfi təsir etməkdə davam edir.

Prezident İlham Əliyev bütün bu problemlərin öhdəsindən gəlmək üçün BMT-də, onun Təhlükəsizlik Şurasında köklü islahatlar aparılmasının vacibliyini qeyd edib. Onun fikrincə, yaranmasının 75-ci ildönümündə BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, universal və təmsilçiliyi təmin edən orqanı kimi nüfuzunun möhkəmləndirilməsi, habelə müasir geosiyasi reallıqlara cavab verən daha demokratik, məhsuldar, səmərəli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi vacibdir. Eyni zamanda, BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir.

Azərbaycan Prezidenti bütün beynəlxalq tədbirlərdə olduğu kimi, təcavüzkar, faşist ideologiyasının daşıyıcısı olan Ermənistanın ifşasına da xüsusi diqqət yetirdi. Bu ölkənin Azərbaycan ərazisinin 20 faizini hələ də işğalda saxladığını, yerli azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirdiyini, Xocalıda soyqırımı törətdiyini, son vaxtlarda isə təhlükəli təxribatara başladığını, müharibəyə hazırlaşdığını və Azərbaycanın yeni ərazilərini işğal etmək niyyətində olduğunu dünya ictimaiyyətinin nəzərinə çatdırdı.

Prezident İlham Əliyev bəyan etdi: “Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir. Mənfur nasist general Qaregin Njde milli qəhrəmana çevrilib. Ermənistanın rəsmi ideologiyasında “Azərbaycanofobiya” siyasəti hökm sürür. Gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır. Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və “Azərbaycanofob” fikirlər əks olunub”.

Bütün bunlarla yanaşı, İlham Əliyev bildirdi ki, Ermənistan– Azərbaycan münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir.

Söhbəti yazdı: Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

24 Sentyabr 2020 01:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə