Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir”

Bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşul­maqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürmüşlər. Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozmuş və Azərbaycana qarşı hərbi güc tətbiq etmişdir. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etmişdir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqların­dan tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində bu beynəlxalq təşkilatın 75 illiyinə həsr olunan Yüksək Səviyyəli İclasında çıxışı ölkəmizin dünya miq­yasında nüfuzunun, respublikamıza olan inam və etimadın daha bir təzahürünə çevrildi. Dövlətimizin başçısı bu nitqi ilə ölkəmizin həqiqətlərini, haqq işini yenidən beynəlxalq aləmə çatdırdı, indiyədək olduğu kimi, bundan sonra da xalqımızın mənafeyinin, milli maraqlarının qətiyyətlə qorunacağını bəyan etdi.

Ölkə rəhbərinin çıxışı bir neçə cəhətdən diqqət çəkdi. Əvvəla, Prezident İlham Əliyev rasionallığı və praqmatikliyi ilə böyük maraq doğuran nitqində Ermənistanın işğalçılıq siyasətini davam etdir­diyini, hərbi təxribatlar törətdiyini xüsusi vurğuladı. Dövlətimizin başçısı daha sonra Ermənistan– Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkəmizin qətiyyətli mövqeyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Nəhayət, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün respublikamızın həm siyasi-iqti­sadi, həm də hərbi qüdrətinin çox böyük olduğunu bildirdi.

Prezident İlham Əliyevin çıxışı ilə Ali Baş Komandan kimi həm Ermənistana, həm də onun havadarlarına verdiyi mesaj da nəzərdən yayınmadı: Azərbaycan bundan sonra da qətiyyətli mövqe nümayiş etdirəcək, tutduğu yoldan geri çəkilməyəcək, beynəlxalq hü­ququn yaratdığı bütün imkanlardan istifadə edərək dövlətimizi, xalqı­mızı əzmkarlıqla qoruyacaq, ərazi bütövlüyümüzü təmin edəcək.

Dövlətimizin başçısı çı­xışında bildirdi ki, bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyi götürdükləri halda, Ermənistan öz öhdəliklərini kobud şəkildə pozub və Azərbaycana qarşı hərbi güc tətbiq edib. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu uzun illərdir ki, işğalda saxla­yıb: “BMT Təhlükəsizlik Şurası­nın 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarıl­masını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir”.

Prezident İlham Əliyev Ermənistan tərəfindən işğal olunan ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirildiyini, bir milyon­dan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, Xocalı soyqırımı törədildiyini də vurğulayıb. Eyni zamanda, xatırladıb ki, indiyədək 10-dan çox ölkə Xocalı soyqırımını tanıyıb.

Ermənistanın işğal etdiyi ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə poza­raq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirdiyi, həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv etdiyi də diqqətə çatdırılıb.

Yeri gəlmişkən, Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində bu beynəlxalq təşkilatın 75 illiyinə həsr olunan Yüksək Səviyyəli İclasında çıxışı bir çəhətdən də mühüm önəm daşıyır. Bu, beynəlxalq ictimaiyyətə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsil həqiqətin çatdırılmasıdır. Düzdür, dövlətimizin başçısı vaxtaşırı iştirak etdiyi bütün tədbirlərdə Ermənistanın iç üzünü açıb göstərib, işğalçı mövqeyindən çəkilmədiyini, daim təxribatlar törətdiyini dəlil-sübutlarla diqqətə çatdırıb. Lakin bütün bunlara bax­mayaraq, Ermənistan 30 ilə ya­xındır ki, Azərbaycan torpaqlarını işğal altında saxlamaqla bərabər, həm də informasiya müharibəsi aparır. Düşmənin hərbi-xəbər resursları daim var gücü ilə yalan yayımlayır, əsl həqiqət və real situ­asiya qəsdən gizlədilir. Bununla da erməni təbliğat maşını ictimai fikri yayındırmağa, çaşdırmağa cəhd göstərir. Azərbaycan tərəfi, şübhəsiz ki, belə vəziyyətdə ölkəmiz və Dağlıq Qarabağ haq­qında tarixi həqiqətləri dünyaya çatdırmaqla erməni təbliğat maşı­nının tirajladığı yalanları ifşa edir.

Bu baxımdan, Prezident İlham Əliyevin çıxışındakı bir fikri xüsusi diqqət çəkir: “Ermənistan qoşunların təmas xətti və Ermənistan–Azərbaycan sərhədi boyunca mülki əhalini qəsdən hədəf alır və təxribatlar törədir. Ermənistan sonuncu təxribat aktını iyul ayında Ermənistan– Azərbaycan sərhədində törətdi. Azərbaycanın Tovuz rayonunun artilleriya atəşinə məruz qal­ması nəticəsində hərbçilərimiz və bir mülki şəxsimiz öldürüldü, mülki infrastruktura ciddi zərər vuruldu. Ermənistanın diversiya dəstəsi təmas xəttini keçməyə cəhd etmişdir. 2020-ci il avqustun 23-də həmin dəstənin başçısı Azərbaycan hərbçiləri tərəfindən yaxalanmışdır. O, dəstə tərəfindən azərbaycanlı hərbçilər və mülki vətəndaşlara qarşı terror aktlarının törədilməsinin planlaşdırıldığını etiraf etmişdir”.

Dövlətimizin başçısı çıxı­şında Ermənistanın baş nazi­rinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozduğunu, onun “Qara­bağ Ermənistandır” bəyanatının danışıqlar prosesinə ciddi zərbə vurduğunu, həmçinin danışıqlar prosesində əsassız şərtlər irəli sürdüyünü də diqqətə çatdırıb.

Prezident İlham Əliyev, eyni zamanda, Ermənistanla sülhə nail olunması üçün Azərbaycanın yeganə şərtini də vurğulayıb: “Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır…”.

Ali Baş Komandan çıxışın­da bu gün də Ermənistanın baş nazirinin Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırıl­mış mülki könüllülər dəstələrinin yaradılmasını bildirdiyini, bununla da yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirdiyini, habelə işğalçı ölkənin müdafiə nazirinin Azərbaycanı “yeni ərazilər uğrun­da yeni müharibə” bəyanatları ilə hədələdiyini də xatırladıb.

Prezident İlham Əliyev çıxışında vurğuladığı bir məsələyə də diqqət yönəltmək istərdik. Bu da hazırda Ermənistanın dövlət siyasətində nasizmin şöhrətləndirilməsinə daha çox diqqət yetirməsi ilə əlaqədardır. Belə ki, bu gün işğalçı ölkənin siyasətçiləri tərəfindən Qaregin Njde kimi bir quldurun, eləcə də digər faşizm elementlərinin təbliğini diqqətdə saxlayan ter­rorçu Daşnaksütyun partiyasının gənclik qolundan tutmuş Paşinya­nın sıx əməkdaşlıq etdiyi “Sasna Tsrer”ə qədər bütün hərbi-siyasi təşkilatların təşviqatı aparılır, faşizm ənənələrinin yaşadılmasına və şovi­nizm düşüncə tərzinin qorunub sax­lanılmasına əvvəlki kimi yanaşılır. Bütün bunlar isə Ermənistanın ter­rorçu dövlət olduğunu təsdiqləməklə bərabər, işğalçı ölkənin neofaşizmə rəğbətini açıq-aşkar göstərir. Şübhəsiz ki, Njde kimi caninin heykəlinin and yerinə çüvrildiyi, fa­şist svastikalarının sürətlə yayıldığı bir ölkə ilə konstruktiv əməkdaşlığ qurmaq, danışıqlar aparmaq heç cür mümkün deyil.

Dövlətimizin başçısı çı­xışında bu barədə deyib: “Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir. Mənfur nasist general Qaregin Njde milli qəhrəmana çevrilib. Ermənistanın rəsmi ideologi­yasında “Azərbaycanofobiya” siyasəti hökm sürür. Gənc nəslə Azərbaycan xalqına nifrət aşı­lanır. Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və “Azərbaycanofob” fikirlər əks olunub”.

Prezident İlham Əliyev Azərbaycanın BMT ilə səmərəli əməkdaşlıq qurması, ölkəmizin 155 dövlətin dəstəyi ilə 2012– 2013-cü illərdə Təhlükəsizlik Şura­sının qeyri-daimi üzvü seçilməsi, hazırda isə Azərbaycanın 120 dövlətin yekdil dəstəyi ilə Qoşul­mama Hərəkatına sədrlik etməsi barədə də Yüksək Səviyyəli İclas­da məlumat verib. Bildirib ki, Qo­şulmama Hərəkatının COVID-19-a qarşı onlayn formatda Zirvə görü­şü ölkəmizin təşəbbüsü əsasında 2020-ci ilin may ayında keçirilib. Eyni zamanda, cari il iyulun 10-da çağırılan BMT Baş Assambleyası­nın 31-ci xüsusi sessiyası zamanı pandemiyanın dövlət və hökumət başçıları səviyyəsində ümumi müzakirəsi aparılıb: “Həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırmışdır. Biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü maliyyə töhfələri etmişik. COVID pandemi­yası ərzində Azərbaycan 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib”.

Bu məqamda xatırladaq ki, dünyada bu dəhşətli xəstəliyə qarşı mübarizə aparılan ilk vaxt­lardan etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tərəfindən regional və qlobal səviyyədə COVID-19-un aradan qaldırılması məqsədilə beynəlxalq həmrəyliyin gücləndirilməsinin zəruriliyi diqqətə çatdırılıb. Bu məqsədin reallaşdırılması üçün dövlətimizin başçısı müəyyən təşəbbüslər irəli sürüb və əməli addımlar atıb. İlk belə addım Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dövlət və hökumət baş­çıları səviyyəsində aprel ayında COVID-19-a qarşı mübarizə möv­zusunda fövqəladə Zirvə görüşü keçirilməsi ilə gerçəkləşib. Mayın 4-də isə Prezident İlham Əliyevin rəhbərlik etdiyi Qoşulmama Hərəkatının Təmas Qrupu forma­tında videokonfransı keçirilib.

İstər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşü, istərsə də Qo­şulmama Hərəkatının Təmas Qrupu formatında videokonfransı ölkəmizin və onun liderinin nü­fuzunun nə qədər yüksək oldu­ğunu bir daha dünyaya nümayiş etdirib. Belə beynəlxalq tədbirlərin həyata keçirilməsi isə beynəlxalq aləmdə Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizədə fəal rol oynadığını təsdiqləyib, ölkəmizdə bu məsələyə bilavasitə Prezident İlham Əliyevin şəxsən nəzarət etdiyini, Birinci vitse-pre­zident Mehriban xanım Əliyevanın prosesə əvəzsiz dəstək verdiyini göstərib.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

24 Sentyabr 2020 01:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə