Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nazirlər Kabineti büdcə məsələlərini müzakirə edib

Sentyabrın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respubli­kasının 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikası­nın 2021-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunmuş iclas keçirilib. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Baş Nazir Əli Əsədov bildirib ki, pandemiya nəticəsində “qlobal məcmu tələbin azalması, dünya bazar­larında neftin qiymət volatil­liyinin yüksəlməsi, həmçinin məhdudlaşdırıcı tədbirlərin tətbiqi bütün dünya ölkələrində olduğu kimi, Azərbaycan iqtisa­diyyatına da təsirsiz ötüşməyib və nəticədə ölkəmizdə də iqtisa­di fəallığın azalması müşahidə olunub”.

Baş Nazir xərclərin səmərəliliyi və qənaətin va­cibliyini vurğulayaraq deyib: “Büdcə təşkilatları tərəfindən cari xərclərdən səmərəli, düzgün istiqamətdə və qənaətcil istifadə olunmalıdır. Çünki bir çox hallarda büdcə təşkilatlarında izafi xərclərə yol verilir, ştat vahidlərinin sayı artırılır, lazım olmayan alışlar həyata keçirilir, satınalmalarda qiymətlər oldu­ğundan çox yüksək göstərilir. Həmçinin büdcə alışlarında bir qayda olaraq idxala üstün­lük verilir. Aidiyyəti orqanlar tərəfindən büdcə təşkilatlarında cari xərclərin effektiv istifadəsinə nəzarət daha da gücləndirilməlidir.

Eyni zamanda, prioritet ol­mayan tədbirlərin keçirilməsinə üstünlük verilməməli, bu istiqamətdə xərclər optimallaş­dırılmalı, o cümlədən lüzumsuz ezamiyyətlər və əlaqəli xərclər azaldılmalıdır.

Növbəti ilin dövlət büdcəsində əsaslı xərclər çox önəmli əhəmiyyət kəsb edir. Təbii ki, investisiya xərcləri iqti­sadi artıma, məşğulluğa müsbət təsir edir. Lakin, investisiya proqramlarının şəffaflığının, iqti­sadi səmərəsinin və gəlirliliyinin yüksəldilməsi olduqca vacibdir. Qeyri-prioritet təşkil edən inves­tisiya layihələri ixtisar olunmalı və ayrılmış vəsaitlər qənaətlə istifadə edilməlidır”.

Baş Nazir daha sonra diqqəti Prezident İlham Əliyevin dövlət şirkətlərinin fəaliyyətinin səmərəliliyini artırılması haqda tapşırığına cəlb edib: “Prezident İlham Əliyev avqustun 6-da keçirdiyi videomüşavirədə dövlət şirkətlərində idarəetmənin təkmilləşdirilməsini, dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsinə baxmayaraq, on­ların fəaliyyətinin səmərəli olma­dığını, əksər dövlət şirkətlərinin maliyyə vəziyyətinin ağır olduğunu, borclanma yükünün artdığını və bu sahədə nəzarət funksiyasının kifayət qədər effektiv olmadığını bildirib.

Qeyd olunan problemlərin həlli məqsədilə Prezident İlham Əliyevin 7 avqust tarixli Fərmanı ilə Azərbaycan İnves­tisiya Holdinqi yaradılıb və bu qurumun qarşısında çox vacib və ciddi tapşırıqlar qoyulub”.

Qeyd olunub ki, ölkənin hərbi potensialının və ordu quruculuğunun daha da gücləndirilməsi istiqamətində növbəti ilin büdcəsində də ciddi artım nəzərə alınıb və ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması növbəti büdcə ilində də öz prio­ritetliyini saxlayacaq.

Baş Nazir qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ortamüddətli perspektivdə, o cümlədən 2021-ci ildə də hökumət qarşı­sında qoyulan bütün tapşırıqlar vaxtında və bütövlükdə icra olunacaq.

İclasda İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə nazirinin müavini Azər Bayra­mov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Naxçıvan Muxtar Respub­likasının Baş naziri Səbuhi Məmmədov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Meh­diyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rza­yev çıxış edərək büdcə layihəsi haqda fikirlərini bildiriblər.

Sonda Nazirlər Kabineti xüsusi qərarla “Azərbaycan Respublikasının 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonra­kı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2021-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri”nin bəyənilməsi və layihələrin və “Büdcə sistemi haqqında” Azərbaycan Res­publikası Qanununun 12-ci maddəsində nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi haqda Qərar qəbul edib.

AZƏRTAC

24 Sentyabr 2020 01:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə