Ən son xəbərlər

Son buraxılış
Arxiv

ADNSU XII Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

ADNSU XII Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi ilə işinə başlayan XII Azərbaycan Beynəlxalq Təhsil sərgisində (“Education 2018”) iştirak edir. “Uşaqların gələcəyinə sərmayə” devizi altında keçirilən sərgidə universitetdə tədris olunan ixtisaslar, startap layihələri, ikili proqramlar, bakalavr, magistratura və doktorantura pilləsi, həmçinin yay məktəbi, elmi-texniki nailiyyətlər və beynəlxalq əlaqələr geniş şəkildə təqdim olunub.

Bundan əlavə, ADNSU-nun stendində universitetin professor-müəllim heyətinin müəllifi olduğu mühəndislik, neft-kimya və informasiya texnologiyalarına aid kitabları, dərs vəsaitləri nümayiş olunur. Sərgi iştirakçıları həmçinin ADNSU-nun stendində startap layihələrinin nümayiş olunduğu videoçarx, Azərbaycan, rus və ingilis dillərində prospektlər, üç adda buklet, iki dildə nəşr olunan “Oil and Industry” jurnalı vasitəsilə universitetin təqdim etdiyi tədris imkanları və yeniliklərlə tanış ola bilərlər. ADNSU-nun stendində universitetin nəzdində fəaliyyət göstərən “Eazi START” Startap və İnnovasiya Mərkəzinin Flydron, GRP, gardenX, KubiRub, Camtouch və Multivizor layihələrinin prototipləri ilə sərgiyə gələnlərin böyük marağına səbəb olub. XII Azərbaycan Beynəlxalq Təhsil sərgisində ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin stendi də sərgi ziyarətçilərinin xüsusi maraq göstərdikləri stendlər arasındadır.

Sərginin açılış mərasimində iştirak edən Təhsil naziri Ceyhun Bayramov və nazirliyin digər əməkdaşları ADNSU-nun stendi ilə tanış olublar. ADNSU-nun rektoru, professor Mustafa Babanlı onlara universitetdə görülən işlər, tədris prosesi və startap layihələri haqqında ətraflı məlumat verib. Sərgi çərçivəsində ADNSU-nun rektoru M.Babanlı lektoriyada Azərbaycan mühəndis ixtisaslarına marağın artması şəraitində bu istiqamətdə tədrisin keyfiyyətinin yüksəldilməsi mövzusunda çıxış edib. Rektor M.Babanlının ölkədə mühəndis ixtisaslarının tədrisinin hazırki durumu, problemləri və üstünlükləri barədə söylədikləri lektoriyadakı dinləyicilər tərəfindən maraqla qarşılanıb. Mühəndis ixtisaslarının tədrisinin keyfiyyətinin yüksəldilməsi üçün müəssisələrlə əməkdaşlığı vacib amil kimi qeyd edən rektor M.Babanlı ADNSU-da bu istiqamətdə aparılan işlərdən danışıb. Son illər ərzində ADNSU-da aparılan işlərin sayəsində 2018/2019-cu tədris ilinə tələbə qəbulunun yüksək statistik göstəricilərini nümunə gətirən rektor M.Babanlı inkişafın davam etdirilməsi üçün planlaşdırılan işlər barədə də məlumat verib. Lektoriyada toplaşanlar rektor M.Babanlıya ətraflı məlumat üçün təşəkkürlərini ifadə edib və ADNSU-dakı inkişafı böyük məmnunluq hissi ilə müşahidə etdiklərini qeyd ediblər. Sonda rektor M.Babanlı zalda əyləşənlərin suallarını cavablandırıb.

XII Azərbaycan Beynəlxalq Təhsil sərgisində (“Education 2018”) dünyanın 12 ölkəsindən 135 iştirakçı bir araya gəlib. Bu il Azərbaycan, Avstriya, Almaniya, Belarus Respublikası, Çex Respublikası, Latviya, Litva, Rusiya, Türkiyə, Özbəkistan və digər ölkələri təmsil edən iştirakçılar öz məktəb, gimnaziya, kollec, universitet və kurslarını sərgidə təqdim edirlər. Sərgi işini oktyabrın 13-də yekunlaşdıracaq.

 

ADNSU  İctimaiyyətlə Əlaqələr və Marketinq Departamenti

12 Oktyabr 2018 12:10 - TƏHSİL
TƏHSİL

Ən son xəbərləri səhifəmizdən də izləyin