Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyev BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda həm Ermənistanın , həm də beynəlxalq təşkilatların iç üzünü açdı

Dünyada baş verən münaqişələr,  ziddiyyətli proseslər, qarşıdurmalar  şəraitində ölkəmiz Prezident  İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində daxili sabitlik və inkişafını təmin etmək, iqtisadiyyatını müsbət artım dinamikasına kökləmək və irimiqyaslı layihələr həyata keçirməklə beynəlxalq  aləmin diqqət mərkəzindədir.  Koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda nəzərdə tutulan layihələrin icrası  ölkəmizin nüfuzunun daha da yüksəldilməsinə,  mövqeyinin xeyli  möhkəmləndirilməsinə  müvəffəq olub. Dövlət başçımızın düşünülmüş xarici siyasəti, nüfuzlu beynəlxalq qurumların tədbirlərində cəsarətli çıxışları ilə dövlətimizin mövqeyini əks etdirməsi həm işğalçı Ermənistanın, həm də indiyədək ikili standartlardan hələ də əl çəkə bilməyən beynəlxalq təşkilatların iç üzünü açıb.

Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında da beynəlxalq ictimaiyyət  bunun şahidi oldu. Məlum olduğu kimi, Prezident İlham Əliyev  Qoşulmama Hərəkatının sədri, həm də Azərbaycanın dövlət başçısı kimi  iclasda videoformatda çıxış edib.

İclasda, ümumilikdə, 182 ölkənin dövlət və hökumət başçısının videoformatda çıxışı bu tədbirin  mühüm əhəmiyyət kəsb etməsindən xəbər verir. Qürurverici haldır ki, möhtərəm Prezidentimizin çıxışı sayca altıncı idi. Dünya üzrə 182 ölkə arasında Azərbaycanın dövlət başçısının sayca altıncı çıxış etməsi şübhəsiz ki, Prezident İlham Əliyevə həm Azərbaycanın dövlət başçısı, həm də Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq səviyyədə göstərilən hörmət və etimadın təzahürüdür. Bu fakt bir daha təsdilqədi ki, dövlət başçımızın əsl liderlərə xas olaraq yürütdüyü uzaqgörən,  praqmatik siyasəti onun dünya birliyindəki nüfuzunu daha da artırıb.

Artıq dünya ictimaiyyətinə də bəllidir ki, SSRİ-nin süqutundan sonra müstəqillik əldə etmiş  MDB dövlətləri arasında Azərbaycan dünya birliyində  layiqli yer tutur. Bunu indiyədək ölkəmizin nüfuzlu beynəlxalq qurumlara uğurlu sədrliyi də təsdiqləyir. Azərbaycanın  BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisat olan, özündə 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına  sədrliyi də olduqca uğurla gedir.  Möhtərəm Prezidentimizin  Qoşulmama Hərəkatı adından etdiyi çıxış Azərbaycana münasibətdə qazanılan hörmətin, inamın və etimadın əyani təzahürüdür.

Prezident İlham Əliyevin BMT-nin Yüksək Səviyyəli İclasındakı çıxışı həm Ermənistanın, həm də beynəlxalq təşkilatrın iç üzünü açdı. Cənab Prezidentin BMT-nin yüksək səviyyəli iclasdakı çıxışı Azərbaycan vətəndaşı, eləcə də bir hüquq müdafiəçisi  kimi məni məmnun etdi. Dövlətimizin  başçısı BMT-ni dünyada baş verən ədalətsizlik, beynəlxalq hüquq prinsiplərinin pozulması, demokratiyanın bərqərar olması üçün öhdəliklərini nümayiş etdirməyə, bir sözlə, qurumu daha fəal, prinsipial  fəaliyyət göstərməyə sətiraltı dəvət etdi və  özünün qəbul etdiyi qərarların icrasına çağırdı.

Cənab Prezident Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün daim beynəlxalq platformalardan məharətlə istifadə edir. Bu dəfə də ənənəsinə sadiq qalan dövlət başçımız BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasdakı çıxışında ölkəmizin milli maraqlarını bir daha bütün mahiyyəti ilə ortaya qoydu və Azərbaycan adından çıxış edərkən Ermənistanın işğalçılıq siyasətini faktlarla ifşa etdi. 

Azərbaycan Prezidentin  əvvəlcə Qoşulmama Hərəkatının sədri kimi çıxış etməsi çox mühüm məsələdir. Bu, hər bir azərbaycanlıda qürur hisi yaratmalıdır. Ölkə başçısı  çıxışının birinci hissəsində toxunduğu əsas məsələlərdə BMT-nin, beynəlxalq hüququn prinsiplərinin pozulmasına görə beynəlxalq öhdəliyin yenidən nümayiş etdirilməsinin zəruriliyini vurğuladı.

Möhtərəm Prezident qeyd etdi ki, beynəlxalq hüququn təmin olunması üçün qlobal, səmərəli bir təsisata ehtiyac var. Bu, çox ciddi çağırış idi. Hətta irəli gedərək, burada müəyyən tənqidi mövqeyin olduğunu da deyə bilərəm. Prezident iradlarını diplomatik tərzdə BMT tribunasından bəyan etdi. Bundan əlavə, BMT Təhlukəsizlik Şurasının fəaliyyətində dəyişikliyin edilməsinə səsləməsi olduqca cəsarətli bir çağırış idi. 

Dövlət başçısının çıxışının ikinci hissəsini dinləyəndə vətəndaş olaraq onunla bir daha qürur duydum. Möhtərəm  Prezidentimiz Azərbaycanın müxtəlif sahələrdəki uğurlarını qeyd etməklə, “Azərbaycan sabit və müasir ölkədir”, “İnsan hüquqlarının qorunması hökumətimizin başlıca prioritetləri sırasındadır”- deməklə, həmçinin ölkəmizi inkişafdan saxlayan torpaqlarımızın işğalı ilə bağlı məqamları diqqətə çatdırdı. Cənab Prezident Ermənistanın işğalçılıq siyasətinin davam etdirilməsindən, işğal altındakı ərazilərimizə qanunsuz məskunlaşmadan, Tovuz istiqamətindəki təxribatlardan da söz açaraq, BMT-yə üzv olan bir dövlətin bu cür addımlarına qarşı sərt reaksiya verilməsinin zəruriliyini qeyd etdi. Eyni zamanda, dövlət başçısı Ermənistanı yeni təxribatlardan əl çəkməyə dəvət etdiyini bəyan etdi. Biz artıq Ermənistanla müharibə vəziyyətindəyik. Gərginliyin artması və təxribatların təkrarlanmasına görə məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşəcək.

Dövlətimizin başçısı bir daha bəyan etdi ki, Azərbaycan multikulturalizmin və beynəlxalq əməkdaşlığın simvolu olan BMT-yə açıq və güclü dəstək verir. Azərbaycan BMT-nin daha da güclənməsi, onun beynəlxalq münasibətlərdə əhəmiyyətinin və nüfuzunun yüksəlməsi üçün digər dövlətlərlə birgə işləməyə hazırdır.

Prezident İlham Əliyevin bu cəsarətli çıxışı həm Ermənistanın , həm də 30 ildir ki, bu ölkənin hərbi təcavüzünə göz yuman  beynəlxalq təşkilatların siyasi riyakarlığını ifşa etdi.

Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

23 Sentyabr 2020 14:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə