Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səyyar klinika Elmi Tədqiqat Pediatriya İnstitutunda...

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil səyyar klinikası bu gün – sentyabrın 23-də  K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (OMD xəstəxanası) tibbi aksiya keçirəcək və institutun əməkdaşlarına tibbi xidmət göstərəcək. Aksiya sosial izolyasiya qaydaları qorunaraq həyata keçiriləcək.

Aksiyada məqsəd operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdir. Qeyd edək ki, Oftalmologiya mərkəzi tərəfindən respublika rayonlarının əhalisinə təmənnasız oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş Səyyar klinika təşkil edilmişdir. Səyyar klinika paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində aksiyalar keçirib və davamlı olaraq bu sahədə fəaliyyət göstərir. Burada əsas məqsəd sakinlərin vaxt itirmədən, əlavə xərc çəkib paytaxta gəlmədən, elə yaşadıqları yerdə müayinə, müalicə hətta əməliyyat olunmasıdır.

Mərkəzin həyata keçirdiyi tədbirlər gündən-günə artır və bu ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən biri hesab olunur.  Xatırladaq ki, mərkəzin bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş cərrah-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur.

Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən bildirmişlər ki, Avtomobil səyyar klinikası ilə yanaşı,  2018-ci ildən mərkəzin Dəmiryolu səyyar klinikası da fəaliyyətə başlayıb.

Hazırda dünyada müxtəlif göz problemlərindən və korluqdan əziyyət çəkən insanların sayı həndəsi silsilə ilə artmaqda davam edir. Vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür. Xüsusilə qeyd etmək yerinə düşər ki, Milli Oftalmologiya Mərkəzi respublikada korluğun qarşısının alınması üçün lazımi və vacib tədbirləri uğurla həyata keçirir.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

23 Sentyabr 2020 10:58 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə