Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Abşeron”dan görünənlər…

Sentyabrın 19-da Azərbaycan Prezidenti cənab İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak etdi. Təməlqoymadan sonra isə yerli TV-lərə geniş müsahibə verdi, iqtisadi-sosial sfera da daxil olmaqla, ölkə həyatının bütünü əməli çalışma sahələri üzrə ətraflı danışdı, təsbitlərini açıqladı.

Öncə “Abşeron” haqqında qısa məlumata diqqət edək: “Abşeron” qaz-kondensat yatağı Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng yataqlardan biridir. Yataq Azəri - Çıraq - Günəşli neft - qaz yatağından cənub - qərbdə, dənizin 500 metr dərinliyində yerləşir. Yatağın sahəsi 260 kvadrat kilometrdir və  neftlilik , qazlılıq təbaşir yaşlı çöküntülərlə bağlıdır. Burada suyun dərinliyi 250-650 metr arasında dəyişir. Məhsuldar laylar isə 6500 -- 6700 metr dərinlikdə yerləşir. İlkin qaz ehtiyatları 1 trilyon m3, kondensat ehtiyatları isə 945 milyon barel və ya 150 milyon ton təşkil edir. Abşeron layihəsində pay bölgüsü belədir: “Total” (operator, 40 %), ARDNŞ (40%) və “Engie” (20%). ARDNŞ-in qiymətləndirmələrinə görə, yatağın potensial ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat təşkil edir. Yataq 2001-ci ildə “Abşeron” X-2 kəşfiyyat quyusu ilə kəşf olunub. “Abşeron” qaz-kondensat yatağının işlənməsinin I mərhələsində ildə 1,5 milyard kubmetr qaz, 700 min ton kondensat hasilatı nəzərdə tutulur. “Abşeron” yatağından 2022 – 2023-cu illərdə illik hasilatın ən azı 4 milyard kubmetr qədər artacağı gözlənilir.

Bu məqamda Ümummilli lider Heydər Əliyevin məşhur sözlərini xatırlatmaq istərdim: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Böyük dövlət və siyasət xadiminin başqa bir kəlamısa belə idi: “Yol – iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir”. Mən bu iki kəlamdan çıxış edərək, “Abşeron” qaz-kondensat yatağı ilə bağlı, dənizin genişliklərinə və dərinliklərinə uzanan su yollarını, dəmir estakadaları, yol gedən, iş görən mütəxəssislər ordumuzu, mürəkkəb qurğuları… toplu halda, yalnız iqtisadiyyata deyil, bütün əməli fəaliyyət sahələrinə şamil edərdim. Əgər insanın yaratdığı bütün maddi nemətlər çoxluğu mədəniyyət sahəsinə (də) aiddirsə, “zəncirini qıran Xəzər”in dəli dalğalı qoynunda, dənizin dərinliklərində iş aparılması imkanları Azərbaycan sənaye mədəniyyətininin bir göstəricisidir. Bu, neft-qaz mühəndislərimizin intellektual mədəniyyətinin də ifadəsidir.

Beləliklə, “Abşeron”da işin yeni mərhələsi ilə respublikamız öz neft-qaz strategiyasında önəmli bir hadisəyə imza atmaqdadır. Azərbaycan bununla neft ölkəsindən qaz ölkəsinə keçid etmiş olur. Ölkəmiz artıq daha etibarlı şəkildə qaz təchizatçısı olacaq. Bir məqama diqqət çəkmək istərdim. “Abşeron”un yeni mərhələsinin təməlqoyamsında iştirak edən cənab İlham Əliyev, vaxtı ilə ARDNŞ-də 9 il vitse-prezident olaraq çalışıb, şirkətdə məhz xarici əlaqələr sahəsinə rəhbərlik edib və əsas kontraktların hazırlanmasında, imzalanmasında biləvasitə fəal rol oynayıb. Cənab Prezident özü o illəri belə dəyərləndirir: “Mən hər zaman fəxr etmişəm ki, həyatımın 9 ili Dövlət Neft Şirkətində keçib. O illərdə əldə etdiyim təcrübə mənim üçün çox qiymətlidir”. “Abşeron” yatağının istifadəyə verilməsi də Prezident İlham Əliyevin iradəsi ilə baş tutur. Xatırlatmaq istərdim ki, ilk kontraktın uğursuzluğuna baxmayaraq, Azərbaycan tərəfinin inandırıcılığı sayəsində yeni kontrakt imzalanmış, “Total” şirkəti ilə ARDNŞ-in işbirliyi sonucunda böyük qaz-kondensat yatağı aşkarlanmışdır. Yataqda ilkin proqnoza görə 350 --360 milyard kubmetr qaz ehtiyatı var. Nəzərə alsaq ki, əhalimiz artır, yeni evlər tikilir, yeni təsərrüfatlar yaranır, o zaman “Abşeron”un birinci mərhələsində çıxarılacaq qazın daxili tələbatı ödəmək məqsədi ilə yönləndiriləcəyinin bildirilməsi, özlüyündə həyati vacib sosial-iqtisadi önəm daşıyır. Digər yandan, yataqda 100 milyon ton kondensatın olması, neft hasilatını və ixracını sabit saxlamağa imkan verir. Təqribən 7 milyard dollar dəyəri olan “Mərkəzi-Şərqi Azəri” adlanan yeni layihənin icrası ilə yeni qaynaqlardan hasilat artacaq. Cənab Prezident hər fürsətdə olduğu kimi, yenə çox doğmalıq və güclü qardaşlıq ruhu ilə Türkiyə bazarında, Türkiyə vasitəsi ilə digər ölkələrdə Azərbaycan neft və qazının satılması mövzusuna da toxundu: “TANAP xətti ilə Türkiyəyə ötürülən qazın həcmi ildən-ilə artır. Əgər bir il bundan əvvəl Türkiyə bazarında Azərbaycan qazı 4-cü, 5-ci yerdə idisə, hazırda birinci yerdəyik və bu, həm bizim üçün, həm də Türkiyə üçün çox önəmlidir. Çünki qaz hər bir ölkənin enerji təhlükəsizliyini təmin edir. Bu gün Türkiyəyə qaz qardaş ölkədən gəlir və bu qazın həcminin artırılması istiqamətində əlavə addımlar atılacaq”.

Bəli, “Əsrin kontraktı”nın imzalanmasından 26 il keçib və o vaxtdan bu günə qədər bir çox başqa kontraktlar da imzalanıb, lakin heç bir kontrakt Azərbaycanın neft potensialına ümumdünya marağını azaltmır, əksinə artır. Çünki, Azərbaycan etibarlı tərəfdaşdır, dürüst siyasət yeridir, ölkəmizdə neft-qaz sahəsində böyük imkanlar mövcuddur, güclü mütəxəssislərimiz, peşəkar neft-qaz işçilərimiz var. Əlbəttə, ölkəmizin əlverişli coğrafi mövqeyi də bu planda öz sözünü deyir. Cənab Prezidentin “Abşeron”un yeni mərhələsinin təməlqoymasından sonra yerli TV-lərə verdiyi müsahibədə diqqət yetirdiyi çox önəmli mövzulardan biri də dövlət müstəqilliyinin gücləndirilməsi, müstəqilliyin necə bir nemət olmasının təsirli təsbiti oldu: “Biz azad, müstəqil ölkədə yaşayırıq, öz taleyimizin sahibiyik. …Əgər kimsə hansısa nostalgiyaya görə keçmiş dövrləri məhəbbətlə xatırlayırsa, biz o adamlara tutarlı cavablar verməliyik. Müstəqilliyə qarşı çıxan və onu aşağılamağa çalışan hər bir fərd dövlətimizə xəyanət edir. Müstəqillik bizim əsas dəyərimizdir və biz nə qədər güclü olsaq, nə qədər qüdrətli olsaq, müstəqilliyimiz o qədər də möhkəm olacaqdır”.

Mən də yazımı, dövlət başçımızın məh bu inam və çağırışı ilə tamamlamaq istərdim. Qürur duyuram ki, Prezidentimiz ölkəmizin və bölgənin geosiyasi mövqeyi, diplomatiya, demoqrafik gerçəkliklər, iqtisadiyyat, sosial rifah… haqqında olduqca aydın baxışa sahibdir. Çağdaş və tarixi aspektdən yanaşdıqda, yerli TV-lərə verilən yeni müsahibəni məhz yeni nəsillərimiz üçün dərin məzmunlu, strateji mahiyyətli proqram kimi gördüyümü deməliyəm.

Qənirə PAŞAYEVA,
Milli Məclisin Mədəniyyət komitəsinin sədri

23 Sentyabr 2020 10:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR
26 Oktyabr 2020 | 16:20
Biz Qubadlıya qayıdırıq

Köhnə versiyamızdan xəbərləri izlə