Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyevin qlobal çağırışlara yönəlmiş çevik və praqmatik siyasəti

Bu gün mövcud olan məhdudiyyətlərinə baxmayaraq, BMT hazırda dünya ölkələrinin qarşılaşdığı qlobal məsələlərin və çağırışların müzakirəsi üçün çoxtərəfli mərkəzi platrofma qismində çıxış etməkdədir. Dünyada yaşayan milyonlarla insanlar maliyyə böhranları və ekologiyanın pisləşməsi ilə müşahidə olunan silahlı münaqişələr, təcavüzkar ekspansionist siyasətlər, insan hüquqlarının pozulması, terrorçuluq, separatizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq və ekstremizm kimi mənfi tendensiyaların təsirinə məruz qalırlar. Bütün bu amilləri nəzərə alaraq hal-hazırda ədalətə, beynəlxalq hüquqa hörmət və bunu təmin etməyə qadir olan səmərəli qlobal təsisatlara daha çox ehtiyacı duyulur.

BMT-nin də bir təsisat kimi təkmilləşdirilməsi, eyni zamanda, Baş Assambleyanın canlandırılması aktual məsələlərdən biridir. Bu baxımdan beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, universal və təmsilçiliyi təmin edən orqan kimi nüfuzunun möhkəmləndirilməsi vacibdir. Bununla yanaşı, günü-gündən dəyişən müasir geosiyasi reallıqlar fonunda BMT Təhlükəsizlik Şurasının da daha demokratik, məhsuldar, səmərəli bir orqana çevrilməsi üçün islahatların labüdlüyü göz önündədir.

Əsil liderlərə xas olaraq yürütdüyü uzaqgörən, eyni zamanda praqmatik siyasətlə Prezident İlham Əliyev hər zaman olduğu kimi, BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisat olan, özündə 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına sədrliyi də olduqca uğurla icra edir. O da qeyd olunmalıdır ki, ölkə başçımızın Qoşulmama Hərəkatı adından etdiyi çıxış Azərbaycana münasibətdə qazanılan hörmətin, inamın və etimadın əyani təzahürüdür. Prezident İlham Əliyev hər zaman Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün beynəlxalq platformalardan məharətlə istifadə edir. Bu dəfə də o ənənəyə sadiq qalaraq ölkə başçımız BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasdakı çıxışında ölkəmizin milli maraqlarını bir daha bütün mahiyyəti ilə ortaya qoydu və Azərbaycan adından çıxış edərkən Ermənistanın işğalçılıq siyasətini faktlarla ifşa etdi.  Dövlətimizin başçısı  bir daha dünya birliyinin nəzərini Ermənistanın işğal olunmuş ərazilərimizdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirdiyinə yönəltdi. Bundan əlavə, ölkə başçımız Ermənistanın ən ilkin insani dəyərləri heçə sayaraq işğal olunmuş ərazilərimizdə Azərbaycan xalqına məxsus tarixi və dini abidləri məhv etməsini nəzərə çatdırdı. Bu azmış kimi Ermənistan qəsdən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini hədəf alır və təxribatlar törətməkdə davam edir.

Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” --  deyərək danışıqlar prosesini yerlə bir edir və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Müasirləşən və demoktarik prinsiplərə meyillənən müasir dünyamızın əksinə gedərək Ermənistanda Nasizmin şöhrətləndirilməsi dövlət siyasəti həddində inkişaf edir. Gənc nəsilə Azərbaycan xalqına qarşı nifrət aşılanır, dövlət səviyyəsində isə “Azərbaycanofobiya” siyasəti yürüdülür. Ermənistanın Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və “Azərbaycanofob” fikirlər əks olunmuşdur. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi hələ də yerinə yetirilməmişdir.  Azərbaycan tərəfinin beynəlxalq hüquqa, onun norma və prinsiplərinə hörmət etməsi fonunda Ermənistan Azərbaycana qarşı yeni təcavüzə və təxribatlara hazırlaşır. Cənab Prezident dünya birliyini bir daha xəbərdar etdi ki, təxribatların baş verməsinə və gərginliyin artmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Bununla yanaşı, bu gün dünya dövlətlərinin çoxunda COVID-19-la bağlı vəziyyətin ürəkaçan olmadığı bir zaman kəsiyində cənab Prezidentin rəhbərliyi altında həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanda pandemiya ilə bağlı vəziyyət tam nəzarət altındadır. Elə bu baxımdan da Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırmışdır. Prezident İlham Əliyevin COVID-19-a qarşı ciddi və sistemli mübarizə tədbirləri nümunəvi xarakter  daşıyır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müxtəlif istiqamətlər üzrə uğurla inkişaf edir, daxili siyasi sabitliyini daha da möhkəmləndirir. Bu gün Azərbaycan yürütdüyü tolerant siyasətlə dünyanın tanınmış multikulturalizm mərkəzlərindən biri hesab olunur. Təsadüfi deyil ki, iki ildən bir Azərbaycanda keçirilən Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumu BMT Baş Assambleyasının qətnamələri ilə “mədəniyyətlərarası dialoqun təşviq olunması üçün əsas qlobal platforma” kimi tanınmışdır. Prezident İlham Əliyev Azərbaycanı mədəniyyətlər və sivizilizasiyalararası dialoqun məkanına çevirmişdir.

Bundan əlavə, bir neçə ay öncə Azərbaycan hakimiyyəti geniş siyasi dialoq təşəbbüsü başlatmışdır. Elə bu səbəbdən də bütün əsas siyasi partiyalar həmin təşəbbüsü dəstəkləmişdir. “2020-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatı”nda yer almış “Dayanıqlı İnkişaf Hədəfləri İndeksi”-nə görə Azərbaycan 166 ölkə arasında 54-cü yerdədir. Müstəqillik ən yüksək dəyərdir və Azərbaycan xalqının hər zaman azad və müstəqil dövlətdə yaşamaq ümidinin və istəyinin təzahürüdür.

Eyni zamanda o fakt da qeyd olunmalıdır ki, BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş 182 ölkənin dövlət və hökümət başçısının qoşulduğu Yüksək Səviyyəli İclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışının sayca altıncı olması heç şübhəsiz ki,  həm Azərbaycanın dövlət başçısı, həm də Qoşulmama Hərəkatının sədri kimi  dövlətimizin başçısına beynəlxalq səviyyədə göstərilən hörmət və rəğbətin əyani təzahürüdür.

Azərbaycan Respublikası 120 ölkənin yekdil qərarı ilə 2016-cı ildə Qoşulmama Hərəkatının sədri seçilmişdir. 2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində Bakıda keçirilmiş 18-ci Zirvə toplantısında Azərbaycan sədrliyi öz üzərinə götürmüşdür.

Şəbnəm HƏSƏNOVA,
politoloq

23 Sentyabr 2020 09:45 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə