Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şabranda e.ə. IV minilliyə aid olan yeni tapıntılar aşkarlanıb

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Şabran arxeoloji ekspedisiyası” Şabran rayonunun Aygünlü kəndi ərazisində yerləşən I Çaqqallıqtəpə abidəsində arxeoloji qazıntı işləri zamanı Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkar edib.

İnstitutdan verilən məlumata görə, qazıntı zamanı Kür-Araz mədəniyyətinə aid edilən saxsı qablar, sümükdən, daşdan hazırlanmış müxtəlif əmək alətləri, tuncdan hazırlanmış iki ədəd asma, gil təkər modeli, daşdan hazırlanmış tokin (mübadilə, hesablama və digər məqsədlər üçün istifadə edilən fiqur), bir ədəd zoomorf gil fiqur aşkar edilmişdir.

Bu mövsümdə aparılan qazıntılar zamanı üzə çıxarılmış tikili qalıqları öz xüsusiyyətlərinə görə əvvəlki illərdə aşkar edilmiş tikili qalıqlarından fərqlənirlər. Belə ki, təmizlənmiş qazma tipli evin daxilində 5 ədəd dirək yerinin, iki kərpic sütunun, həmçinin kərpic sütunların arxa tərəfində qapı olması güman edilən, lakin sonradan çiy kərpiclə hörülən girişin aşkarlanması böyük maraq kəsb edir. Sahənin şimal hissəsində 19 cərgə kərpiclə hörülmüş dairəvi evin üzə çıxarılmasını da böyük yenilik hesab etmək olar. Bunlardan əlavə ocaq yerləri, təsərrüfat quyuları da aşkar olunmuşdur.

Aşkar edilən tikili qalıqları və maddi mədəniyyət nümunələri e.ə. IV minilliyin sonu – III minilliyin əvvəllərinə aid edilir.

 

23 Sentyabr 2020 09:06 -

Köhnə versiyamızdan xəbərləri izlə