Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq ictimaiyyət Ermənistana təzyiqləri artırmalıdır

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət son illərdə ölkəmizə dünya ölkələri arasında böyük nüfuz qazandırıb. Məhz dövlət başçısının uğurlu siyasi fəaliyyətinin nəticəsidir ki, bu gün Azərbaycan, demək olar ki, bütün beynəlxalq təşkilatlarla sıx əlaqə saxlayır, BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına sədrlik edir və bu hərəkatın sədri kimi BMT Baş Assambleyasının BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında çıxış edir. Dünya üzrə 182 ölkə arasında Azərbaycanın dövlət başçısının sayca altıncı çıxış etməsi, şübhəsiz ki, Prezident İlham Əliyevə həm Azərbaycanın dövlət başçısı, həm də Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq səviyyədə göstərilən hörmət və etimadın təzahürüdür.

Prezident İlham Əliyev BMT-nin fəaliyyətini yüksək qiymətləndirərək bildirib ki, təşkilat dünya­da sülhün və təhlükəsizliyin qorunub saxlanılmasın­da və beynəlxalq əməkdaşlığın gücləndirilməsində mühüm və əvəzolunmaz beynəlxalq qurumdur. Qoşulmama Hərəkatı təsdiq edir ki, dünyada nara­hatlıq doğuran yeni sahələr və çağırışlar meydana gəlib. İnsan hüquqlarının pozulması, maliyyə böhranları və ekologiyanın pisləşməsi ilə müşahidə olunan silahlı münaqişələr, təcavüzkar siyasətlər, terrorçuluq, separatizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq və ekstremizm dünyada milyonlarla insana mənfi təsir etməkdə davam edir. Ona görə də bu gün dünyanın beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara hər zaman olduğundan daha çox ehti­yacı var: “Bu baxımdan Qoşulmama Hərəkatının rolu mühüm əhəmiyyətə malikdir. Özünün tarixi boyunca Qoşulmama Hərəkatı beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində fundamen­tal rol oynamış və davamlı olaraq beynəlxalq hüqu­qun norma və prinsiplərinə ciddi riayət edilməsinə çağırmışdır. Qoşulmama Hərəkatı BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir”.

Azərbaycan Prezidenti məhz bu kontekstdə Ermənistanın Azərbaycana təcavüzünün davam etdiyini bildirib. Onun sözlərinə görə, bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyi götürüblər. Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozur və Azərbaycana qarşı hərbi güc tətbiqini davam etdirir. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal edib. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymur: “Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirmişdir. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş­dür. Ermənistan Xocalı soyqırımını törətmişdir. Ondan çox ölkə Xocalı soyqırımını tanımışdır. Ermənistan işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv edib”.

Dövlət başçısı qeyd edib ki, bu gün Ermənistan Azərbaycanla sərhəd boyu mülki əhalini qəsdən hədəfə alır və təxribatlar törədir. İyulda Azərbaycanın Tovuz rayonunun artilleriya atəşinə məruz qalması nəticəsində hərbçilər və bir mülki şəxs öldürülüb.

Azərbaycan lideri münaqişənin həlli yolları­nı da göstərib: “Sülhə nail olunması üçün bizim yeganə şərtimiz var: Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır”.

Prezident İlham Əliyev BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edib. Doğrudan da, vəziyyət müharibə həddinə çatarsa, hər iki tərəfin çoxlu qur­banlar verəcəyi şəksizdir. Ona görə də beynəlxalq ictimaiyyət Ermənistana təzyiqlərini artırmalıdır.

Nizami SÜLEYMANOV,
 tarix elmləri doktoru, professor

23 Sentyabr 2020 01:03 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə