Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BMT Azərbaycan nümunəsini yüksək qiymətləndirib

Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində bu beynəlxalq təşkilatın 75 illiyinə həsr olunan Yüksək Səviyyəli İclasında çıxış edərək, ölkəmizin həyatında bir sıra taleyüklü məsələlərlə yanaşı, respublikamızın iqtisadi uğurlarına da toxunub. Dövlətimizin başçısı bildirib ki, Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edib və son 17 ildə ümumi daxili məhsul istehsalı (ÜDM) üç dəfə artıb. Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında yüksək göstəricilər qazanan Azərbaycan qısa vaxt ərzində BMT-yə iki dəfə könüllü milli hesabat təqdim edən azsaylı ölkələrdən biri olub. “2020-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatı”nda yer alan “Dayanıqlı İnkişaf Hədəfləri İndeksi”nə görə Azərbaycan 166 ölkə arasında 54-cü yerdə qərarlaşıb.

Dövlətimizin başçısının çıxışında vurğuladığı məqam– Azərbaycanın BMT-nin adıçəkilən indeks üzrə yüksək pillədə yer tutması respubli­kamızın iqtisadi modelinin öz səmərəliliyini sübut etdiyi­nin, ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunma­sının bariz nümunəsidir. Bunun nəticəsidir ki, Azərbaycan “Dayanıqlı İnkişaf Hədəfləri İndeksi”nə görə dünyada hər üç ölkədən ikisini qabaqlayıb. Bu göstəricilərə görə, respublikamız regional liderdir və 54-cü yerdə qərarlaşaraq bütün qonşularını geridə qoyub. BMT-nin “2020-ci il üzrə Dayanıqlı İnkişaf Hesaba­tı” dünyanın aparıcı hesabatla­rından biri kimi qiymətləndirilir. Bu sənəd hazırlanan zaman fərqli indikatorlardan istifadə olunur, başqa sözlə, həm iqtisadi, həm sosial, bütövlükdə isə bu sahələrdə aparılan islahatların nəticəsi kimi makroiqtisadi və sosial göstəricilər hesabatda öz əksini tapır.

Ümumiyyətlə, Azərbaycanın “Davamlı inkişaf hesabatı – 2020” sənədində dünyanın 166 ölkəsi arasında “Dayanıqlı İnkişaf Hədəfləri İndeksi” üzrə 54-cü pillədə qərarlaşması Prezident İlham Əliyevin rəhbərliyi ilə son 17 il ərzində həyata keçirilən iqtisadi və sosial islahatların nəticəsi, eyni za­manda, beynəlxalq qiymət kimi xarakterizə olunmalıdır.

Reallaşdırılan islahatlar bir tərəfdən iqtisadiyyatın inkişafı, eləcə də dayanıqlığın və inklü­zivliyin təmin edilməsinə imkan yaradır. Digər tərəfdən isə bu, sosial təminatın gücləndirilməsi üçün yeni imkanlar açır. Xatır­ladaq ki, təkcə ötən il Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə iki sosial paket icra olunub. Bu paketlər həm mini­mum əməkhaqqı, həm də orta aylıq əməkhaqqının təxminən iki dəfə artımı ilə nəticələnib. Belə ki, orta aylıq əməkhaqqında və minimum pensiyada 93 faizdən çox artım qeydə alınıb. Bu, sosial indekslərin daha da yaxşılaşdı­rılmasına və vətəndaşlarımızın sosial təminatının daha da gücləndirilməsinə imkan yaradıb.

Bu il pandemiyanın təsirləri, eləcə də qlobal bazarlarda, o cümlədən neft bazarında volatil­liyin yüksək olmasına baxma­yaraq, sosial proqramların icrası davam etdirilir. Bu isə ondan xəbər verir ki, davamlı inkişaf Azərbaycan üçün prioritetdir. Aparılan islahatlar növbəti illərdə də Azərbaycanın daha da inkişafı üçün əlverişli zəmin yaradır.

Sözügedən hesabatda əksini tapan məqamların əsasında dayanan əsas amillərdən biri də Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahat­lardır. Belə ki, dövlət başçısının həyata keçirdiyi islahatlar, müasir iqtisadi və sosial infrast­rukturun formalaşdırılması ölkə iqtisadiyyatının sürətli inkişafını və onun rəqabət qabiliyyətinin yüksəlməsini təmin edir.

Bütün bunlarla yanaşı, onu da qeyd etmək lazımdır ki, yoxsullu­ğun aradan qaldırılması, səhiyyə sisteminin müasir standartlara uy­ğun yenidən qurulması, əhalinin kommunal problemlərinin, o cümlədən içməli su probleminin səmərəli həlli, ölkənin enerji təhlükəsizliyinin təmin olunması, mövcud olan təhlükəsizlik, milli həmrəylik mühiti, ümumiyyətlə, son 17 il ərzində Azərbaycanın inkişaf strategiyasının uğurla real­laşdırılması beynəlxalq səviyyədə, dünyanın aparıcı siyasi, iqtisadi, maliyyə və digər qurumları tərəfindən də etiraf olunub.

Hazırda qarşıda duran ən mühüm məqsəd Azərbaycanı in­kişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Bu gün ölkədə aparılan hər bir iqtisadi islahatın əsasında sosial problemlərin ara­dan qaldırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və hər bir vətəndaşın rifahının artı­rılmasına imkan verən mühitin yaradılması məqsədi dayanır. Belə bir mühitin yaradılması isə dayanıqlı iqtisadi inkişa­fın reallaşdırılması, maliyyə sisteminin, sahibkarlıq mühitinin inkişaf etdirilməsi, insanların hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi yolu ilə, həmçinin sosial problemlərin birbaşa həllinə yönələn tədbirlər vasitəsilə həyata keçirilə bilər.

Son 17 ildə Azərbaycan bütün sahələrdə öz nümunəsini ortaya qoyaraq özünü dünyaya güclü, müstəqil və müasir inkişaf edən ölkə kimi tanıdıb. Dövlət rəhbəri dəfələrlə bəyan edib ki, qarşıda duran strateji vəzifə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək və bütün sahələr üzrə onu dünyanın inkişaf etmiş, rəqabətədavamlı ölkələri sırasına çıxarmaqdır. Respublikamızın iqtisadi inkişaf dinamikası əvvəlcə resurslara əsaslanırdısa, hazırda iqtisadi şaxələndirmənin nəticəsi olaraq qeyri-neft sektoru üstün artım tempinə malikdir. Dünyanın iqtisadi cəhətdən qabaqcıl dövlətlərinin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zaman kəsiyində sürətlə adlamış Azərbaycan azad və mütərəqqi düşüncə tərzinin diqtə etdiyi ba­zar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna sadiqliyini sübuta yetirib.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

23 Sentyabr 2020 01:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Oktyabr 2020 | 00:37
Hava proqnozu
25 Oktyabr 2020 | 00:29
Necəsən, əsgər anası?

Köhnə versiyamızdan xəbərləri izlə